Bakı.Trend:
Masato Kanda ikinci müddətə Asiya İnkişaf Bankının prezidenti seçilib.
Bu barədə bankın saytında dərc olunan məlumatda bildirilir.
Qeyd olunur ki, AİB prezidenti bu yaxınlarda başa çatmış seçkilərdə iştirak edən AİB Direktorlar Şurasının üzvlərinin yekdil dəstəyini qazanıb: “Onun yeni beşillik səlahiyyət müddəti 24 noyabr 2026-cı ildə başlayacaq”.
Bankın məlumatına görə, Kanda ilk dəfə 27 noyabr 2024-cü ildə AİB-in 11-ci prezidenti seçilib və 24 fevral 2025-ci ildə vəzifəsinin icrasına başlayaraq sələfi Masatsuqu Asakavanın səlahiyyət müddətinin qalan hissəsini tamamlayıb.
“Regionumuzun tarixində bu kritik məqamda üzvlərimizin mənə göstərdiyi etimada görə dərin minnətdarlığımı bildirirəm. İqtisadiyyatlar əvvəlki böhranlardan sonra bərpa olunmağa macal tapmamış Asiya və Sakit okean regionu yeni sarsıntılarla üzləşir, beynəlxalq nizam isə bir neçə nəsildir görünməmiş ciddi təzyiq altındadır”, - deyə Kanda bildirib.
Vurğulanır ki, Kandanın vəzifəyə başlamasından sonra AİB üst-üstə düşən böhranlar dövründə üzvlərinə dəstəyini əhəmiyyətli dərəcədə genişləndirib: “2025-ci ildə AİB ümumilikdə 44 milyard ABŞ dolları məbləğində rekord həcmdə dəstək göstərib. Bunun 29 milyard ABŞ dollarından çoxu bankın öz vəsaitləri, təxminən 15 milyard ABŞ dolları isə birgə maliyyələşdirmə hesabına təmin edilib”.
