Bakı.Trend:
Qazaxıstan bu gün Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk növbədə, bütün Mərkəzi Asiya üçün strateji əhəmiyyət daşıyan nəqliyyat əlaqələndirilməsi, regional təhlükəsizlik və su ehtiyatlarının idarə olunması məsələlərini təşviq edir.
Bu barədə qazaxıstanlı politoloq, professor Dulatbek Kıdırbekulı Trend-ə açıqlamasında bildirib.
“Əlbəttə, iqtisadiyyat və ticarət bütün ölkələr üçün xarakterik sahələrdir. Qazaxıstana gəlincə, hazırda mühüm istiqamətlər nəqliyyat və təhlükəsizlikdir. Üstəlik, bu, təkcə Qazaxıstana deyil, bütün Mərkəzi Asiya regionuna aiddir. Buraya su ehtiyatlarını da əlavə edərdim”, – deyə o bildirib.
Politoloq qeyd edib ki, iqtisadi güc baxımından ŞƏT-də aparıcı rolu Çin oynayır və Çin üçün Avrasiya qitəsi üzərindən Avropa ilə ticarət mühüm əhəmiyyət daşıyır.
“Çünki qitə üzərindən malların daşınması okeanlar vasitəsilə daşınmadan daha sürətlidir. Avrasiyanın mərkəzində yerləşən dövlət kimi Qazaxıstan öz ərazisində nəqliyyat infrastrukturunu inkişaf etdirir, Çin ilə Avropa arasında dəhliz rolunu oynayır və bununla da Böyük İpək Yolunun dirçəldilməsinə töhfə verir”, – deyə D. Kıdırbekulı bildirib.
O, xüsusilə vurğulayıb ki, Qazaxıstanın ŞƏT çərçivəsində siyasəti ölkənin çoxşaxəli xarici siyasətinin istiqamətlərindən biridir.
“İqtisadiyyatda mərkəzi dövlət, siyasətdə isə vasitəçilik təcrübəsinə malik ölkə kimi rolundan istifadə edən Astana təkcə ŞƏT-in əsas iştirakçı ölkələri ilə deyil, qarşılıqlı fəaliyyətdə də mühüm oyunçu qismində çıxış edir”, – deyə politoloq qeyd edib.
Bundan əlavə, o bildirib ki, Qazaxıstanın ŞƏT çərçivəsində siyasəti böyük ölçüdə həm Çinlə ikitərəfli, həm də çoxtərəfli münasibətlərlə bağlıdır.
D. Kıdırbekulı qeyd edib ki, nəqliyyat qovşaqlarının və dəhlizlərin inkişafı ilə bağlı ticarət, iqtisadi əməkdaşlıq ŞƏT-in gücləndirməyə davam etdiyi istiqamətlərdən biridir.
