Bakı. Trend:
Azərbaycanda startap və texnologiyalar parkı rezidentləri üçün yeni vergi və gömrük güzəştləri nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Hüquqi təminat şöbəsinin müdiri Səbinə Hümbətzadə “Media üçün rəqəmsal səriştələr” adlı maarifləndirici sessiya çərçivəsində təşkil olunan “Azərbaycanda rəqəmsal və innovasiya ekosisteminin inkişafı: yeni qanunvericilik imkanları” mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, müəyyən edilmiş sahələrdə fəaliyyət göstərən fiziki və hüquqi şəxslər, o cümlədən fərdi sahibkarlar gəlir və mənfəət vergilərindən, həmçinin dividendlərdən azad ediləcək.
“Bu azadolmaların tətbiqi üçün əsas şərt ondan ibarətdir ki, məhsullar xaricə ixrac edildikdə və satıldıqda ödənişlər Azərbaycan Respublikasındakı bank və ödəniş hesabları vasitəsilə həyata keçirilməlidir”, - deyə S.Hümbətzadə bildirib.
O qeyd edib ki, müvafiq sahələrdə fəaliyyət göstərən subyektlərin istifadə etdikləri əmlak və torpaqlara görə də vergi güzəştləri nəzərdə tutulur.
Şöbə müdiri bildirib ki, qanunvericilikdə vergi yoxlamalarının müddəti ilə bağlı da dəyişiklik edilir.
“Praktikada rezidentlər və startaplarla danışarkən müşahidə etdiyimiz əsas çətinliklərdən biri səyyar vergi yoxlamalarının müddəti ilə bağlıdır. Texnologiyalar parkının rezidentləri və startaplar əksər hallarda mikro, kiçik və orta sahibkarlıq subyektləri olur. Səyyar vergi yoxlamalarının aylarla davam etməsi onların fəaliyyətinə mənfi təsir göstərir”, - deyə o vurğulayıb.
S.Hümbətzadənin sözlərinə görə, yeni dəyişikliklərlə texnologiyalar parkının rezidentləri və startaplarda səyyar vergi yoxlamalarının müddəti 90 iş günündən artıq ola bilməz.
O əlavə edib ki, vergi borcu olan startap və texnologiyalar parkının rezidentlərinin bank hesablarındakı vəsaitlərin dondurulması ilə bağlı da güzəşt nəzərdə tutulur.
“Əgər onların vergi borcu 50 min manata qədərdirsə, bu halda bank hesablarına dondurma tətbiq olunmayacaq. Məqsəd həmin subyektlərin hesablarındakı vəsaitlərdən səmərəli istifadə edərək bizneslərini davam etdirmələrinə və inkişaf etdirmələrinə imkan yaratmaqdır”, - deyə şöbə müdiri bildirib.
S.Hümbətzadə elmi-tədqiqat və texnoloji layihələrlə bağlı dəyişikliklərdən də danışıb.
“Startaplara, pexnologiyalar parkının rezidentlərinə və elmi müəssisələrə innovasiya məhsulunun formalaşdırılması ilə bağlı sifariş verildikdə, bu istiqamətdə çəkilən xərclər 1,5 əmsalına vurularaq vergitutma obyektinə cəlb olunur”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, elmi-tədqiqat və inkişaf (R&D) layihəsinin texnoloji uğursuzluqla nəticələnməsi də çəkilən xərclərin əsaslandırılmış xərc hesab edilməsinə mane olmayacaq.
“Əgər R&D layihəsi texnoloji baxımdan uğursuz olarsa belə, bu, vergi baxımından əsaslandırılmış xərc hesab olunur”, - deyə S.Hümbətzadə vurğulayıb.
O bildirib ki, texnologiya transferi sahəsində də güzəştlər nəzərdə tutulur.
“Proqram təminatı və nou-haular da daxil olmaqla, mülkiyyət hüququ olan qeyri-maddi aktivlərin satışından və ya istifadəyə verilməsindən əldə edilən gəlirin 50 faizi vergidən azad edilir”, - deyə şöbə müdiri bildirib.
S.Hümbətzadə bulud xidmətləri ilə bağlı güzəştləri də açıqlayıb.
“Startapların və pexnologiyalar parkının rezidentlərinin əsas istifadə etdiyi infrastrukturlardan biri bulud xidmətləridir. Xaricdən alınan bulud hesablama xidmətlərinə görə ödənişlər mənbədə vergiyə cəlb olunmayacaq. Bundan əlavə, həmin xidmətlər ƏDV-dən də azad ediləcək”, - deyə o qeyd edib.
İdxal güzəştlərinə toxunan şöbə müdiri bildirib ki, subyektlərin öz fəaliyyəti ilə bağlı idxal etdikləri məhsullar, dəstəkləyici komponentlər və qurğular 10 il müddətinə gömrük rüsumundan və ƏDV-dən azad ediləcək.
O qeyd edib ki, kadr hazırlığının dəstəklənməsi üçün də müəyyən güzəştlər nəzərdə tutulub.
“Fərdi sahibkarların və şirkətlərin əməkdaşlarının peşə ixtisaslarının artırılması və peşəkar inkişafı üçün əməkhaqqı fondundan müəyyən vəsait ayrıla bilər. Bu vəsait əməkhaqqı fondunun 3 faizindən çox olmamaq şərtilə gəlirdən çıxılan xərc kimi nəzərə alınacaq”, - deyə S.Hümbətzadə bildirib.
Şöbə müdiri əlavə edib ki, qanunvericilikdə hüquqi müəyyənliyin təmin edilməsi məqsədilə “rəqəmsal səyyah” və “frilanser” anlayışları da təsbit olunur.
“Rəqəmsal səyyah dedikdə informasiya-kommunikasiya texnologiyaları vasitəsilə məsafədən işləyən və rəqəmsallaşma, innovasiya, kibertəhlükəsizlik və süni intellekt sahələrində fəaliyyət göstərən xarici vətəndaşlar nəzərdə tutulur”, - deyə o bildirib.
Onun sözlərinə görə, Miqrasiya Məcəlləsinə edilən dəyişikliklərə əsasən, rəqəmsal səyyahlar üç il müddətinə işgüzar səfər vizası ala biləcəklər.
“Əsas şərt ondan ibarətdir ki, onların altı ay müddətində xarici dövlətdən sabit gəliri olmalıdır. Bu gəlirin məbləği Azərbaycan Respublikasında minimum əməkhaqqının 13 mislindən az olmamalıdır”, - deyə S.Hümbətzadə qeyd edib.
O əlavə edib ki, rəqəmsal səyyahlara münasibətdə gəlir vergisi tətbiq olunmayacaq və onların bank hesabları üzrə köçürmələrə hər hansı limit qoyulmayacaq. Bununla yanaşı, sosial sığorta ödənişləri ilə bağlı güzəştlərin də tətbiqi nəzərdə tutulur.
