Yeni qanun toxum dövriyyəsinə nəzarəti gücləndirəcək - İlhamə Qədimova

Cəmiyyət Materials 1 Sentyabr 2026 12:28 (UTC +04:00)
Yeni qanun toxum dövriyyəsinə nəzarəti gücləndirəcək - İlhamə Qədimova
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Yeni “Toxumçuluq haqqında” qanun toxum zəncirinin bütün mərhələlərini əhatə etməklə ölkədə istehsal olunan və dövriyyədə olan toxumların keyfiyyətinə nəzarət imkanlarını genişləndirəcək.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, yeni qanun həm Kənd Təsərrüfatı Nazirliyinə nəzarət qurumu kimi, həm də fermerlərə ölkədə istehsal olunan və dövriyyədə olan toxumlarla bağlı daha dolğun məlumat əldə etməyə imkan verəcək.

“Qanun imkan verəcək ki, həm biz dövlət və nəzarət qurumu olaraq, həm də fermerlər ölkədə istehsal olunan, o cümlədən dövriyyədə olan bütün toxumlara nəzarət edə bilsinlər. Keyfiyyətli toxumu, onun istehsalçısını, ticarətini həyata keçirən, ixrac və idxal edən operatorları tanısınlar və məhsuldarlığı artıracaq keyfiyyətli toxumu əldə edə bilsinlər. Ən vacib məsələ budur”, - deyə nazir müavini qeyd edib.

İ.Qədimovanın sözlərinə görə, ölkədə toxum istehsalı ilə məşğul olan subyektlərin fəaliyyəti əvvəllər də nəzarətdə olub və onların yetişdirdikləri toxumlar müvafiq yoxlamalardan keçdikdən sonra sertifikatlaşdırılıb. Yeni yanaşma isə bu proseslərin sistem üzərindən daha dəqiq izlənməsini nəzərdə tutur.

Nazir müavini vurğulayıb ki, toxum istehsalı bir təsərrüfat ili ərzində bir neçə mərhələdən keçir. Bu müddətdə toxumun düzgün ərazidə əkilməsi, aqrotexniki qulluq qaydalarına əməl olunması və prosesin ardıcıl izlənməsi yekunda keyfiyyətli məhsulun əldə edilməsində mühüm rol oynayır.

O, həmçinin yeni qanunvericiliyin özəl sektorun toxumçuluq sahəsində iştirak imkanlarını genişləndirdiyini bildirib.

“Yeni qanunvericiliyə uyğun olaraq, artıq özəl sektorda da orijinal, elit və sertifikatlı toxumların əkini həyata keçirilə biləcək. Ölkəmizdə satılan reproduksiyalı toxumlar məhz orijinal və elit toxumlardan yetişdirilir və istehsalımız onların üzərində qurulub. Özəl sektorun daha müasir imkanlarından istifadə edilməsi daha keyfiyyətli toxum istehsalının əsasını təşkil edə bilər”, - İ.Qədimova əlavə edib.

Nazir müavini qeyd edib ki, toxumçuluq sahəsində elektronlaşma, rəqəmsal həllər və süni intellekt texnologiyalarından istifadə də nəzarət və yoxlama proseslərinin təkmilləşdirilməsinə xidmət edəcək.

İ.Qədimova idxal olunan toxumların keyfiyyətinə nəzarət məsələsinə də toxunub. Onun sözlərinə görə, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması idxal edilən toxumların nəzarətsiz qalması və ya keyfiyyətsiz toxumların ölkəyə sərbəst şəkildə gətirilməsi anlamına gəlmir.

O bildirib ki, bu sahədə elektron və rəqəmsal həllərdən, satış nəticələrinin və fermerlərdən daxil olan məlumatların təhlilindən istifadə etməklə nəzarət mexanizmlərinin tətbiqi nəzərdə tutulur.

“Bir çox ölkədə toxumun ölkəyə daxil olması daim nəzarətdə saxlanılan prosesdir. Hər bir ölkə öz torpağında istifadə ediləcək toxumlara həssas yanaşır. Buna görə də həm ölkəyə idxal olunan, həm də ölkədə istehsal edilən toxumun keyfiyyətli olması əsas prioritet və hədəfdir”, - nazir müavini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti