Bakı. Trend:
Azərbaycanda yerli toxumla təminat səviyyəsi hazırda 54% təşkil edir və qarşıya qoyulan əsas hədəflərdən biri bu göstəricinin artırılmasıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalov yeni qəbul olunmuş “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiqlənmiş beşillik dövlət proqramında 2030-cu ilədək ən azı buğda və arpa üzrə yerli toxumla təminat səviyyəsinin 100%-ə çatdırılması hədəflənir.
“Hazırda ölkədə yerli toxumla təminat səviyyəsi 54%-dir. Bu, aşağı göstəricidir. Qarşıya qoyulan hədəf isə beş il ərzində, 2030-cu ilədək ən azı buğda və arpa üzrə toxum təminatını 100%-ə çatdırmaqdır. Həmin hədəfə çatmaq üçün nəzərdə tutulan fəaliyyətlərin hamısını icra etməliyik”, - T.Zeynalov bildirib.
Sədr müavini vurğulayıb ki, toxum ölkənin ərzaq təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan məhsuldur. Bu səbəbdən yeni “Toxumçuluq haqqında” qanunun əsas məqsədlərindən biri ölkədə məhsuldar və keyfiyyətli toxum istehsalının artırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsidir.
T.Zeynalov qeyd edib ki, toxumların keyfiyyətinə nəzarət məqsədilə sahə və qrunt nəzarəti həyata keçirilir, həmçinin mütəmadi nümunələr götürülərək laboratoriya analizləri aparılır.
Onun sözlərinə görə, yeni qanundan irəli gələn müvafiq qaydaların hazırlanması ilə bağlı Nazirlər Kabinetinə və Kənd Təsərrüfatı Nazirliyinə tapşırıqlar verilib. Hazırlanacaq qaydalarda keyfiyyətli toxum istehsalı zamanı görülməli işlər, sahə və qrunt nəzarətinin, eləcə də laboratoriya analizlərinin aparılması mexanizmləri müəyyənləşdiriləcək.
“Bu proseslər beynəlxalq təcrübəyə və müvafiq beynəlxalq qaydalara uyğun həyata keçiriləcək. Məqsəd istehsal olunan toxumun fermerə keyfiyyətli şəkildə çatdırılması və nəticə etibarilə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsidir”, - o əlavə edib.
T.Zeynalov məhsuldarlığın artırılmasında keyfiyyətli toxumun mühüm rol oynadığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, yüksək məhsuldarlıq yalnız toxumdan asılı deyil, torpağın düzgün hazırlanması, aqrotexniki qulluq, vaxtında suvarma və əlverişli iqlim şəraiti də nəticəyə birbaşa təsir göstərir.
“Əgər istehsala keyfiyyətli toxumla başlanılmırsa, fermer elə başlanğıcdan məhsuldarlığın müəyyən hissəsini itirmiş olur. Bundan sonra həyata keçirilən digər tədbirlər də maksimum məhsuldarlığı təmin etməyə bilər. Buna görə də fermerlər keyfiyyətli toxumdan istifadəyə xüsusi diqqət yetirməlidirlər”, - Agentliyin sədr müavini vurğulayıb.
