Bakı.Trend:
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki STAR neft emalı zavodunda dizel yanacağı istehsalının həcmi 2026-cı ilin avqust ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 faiz artıb.
Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) hesabatında deyilir.
Avqust ayında zavodda 623 529 ton dizel yanacağı istehsal olunub. 2025-ci ilin avqustunda bu göstərici 522 403 ton təşkil edib. Beləliklə, istehsal 101 126 ton artıb. Bundan əlavə, tərkibində biodizel olan 22 535 ton dizel yanacağı ayrıca istehsal edilib.
Aviasiya yanacağının istehsalı illik ifadədə 46,3 faiz azalaraq 93 037 tona düşüb. Ötən ilin eyni ayında bu göstərici 173 176 ton olub ki, bu da 80 139 ton azalma deməkdir.
Nafta istehsalı 16,4 faiz artaraq 155 170 tona çatıb. 2025-ci ilin avqustunda bu göstərici 133 324 ton təşkil edib.
Mayeləşdirilmiş neft qazının (LPG) istehsalı 7,9 faiz artaraq 26 909 tona yüksəlib. Ötən ilin avqustunda LPG istehsalı 24 934 ton olub.
Neft koksunun istehsalı 4 faiz artaraq 70 159 tona çatıb. 2025-ci ilin avqustunda bu göstərici 67 432 ton təşkil edib.
Bununla yanaşı, kondensasiya olunmayan neft emalı qazının istehsalı 4,8 faiz azalaraq 38 654 tona düşüb. Ötən ilin müvafiq dövründə bu göstərici 40 616 ton olub.
STAR Türkiyədə neft-kimya istehsalı ilə inteqrasiya olunmuş yeganə neft emalı zavodudur. Layihə Avropa, Yaxın Şərq və Afrika regionunda ən böyük neft emalı obyektidir. STAR Türkiyədə strateji investisiyaların təşviqi haqqında sertifikat alan ilk şirkət olub.
Zavod Türkiyənin neft məhsullarına olan tələbatının təxminən 20 faizini təmin edir və onların idxalının azaldılmasına töhfə verir.
STAR "SOCAR Türkiye"nin istehsal zəncirində neft emalı və neft-kimya sahələrinin inteqrasiyasında mühüm rol oynayır. Müəssisə Türkiyə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyan məhsullar, o cümlədən neft-kimya sektoru üçün xammal olan nafta və reforminq məhsulu – reformasiya benzini (reformat), həmçinin dizel yanacağı, aviasiya yanacağı, mayeləşdirilmiş neft qazı, kükürd və neft koksu istehsal edir.
Bu məhsullar Türkiyənin tədiyə balansının cari hesabındakı kəsirə təsir göstərir. STAR-ın fəaliyyəti ölkənin neft məhsullarının idxalından asılılığının azaldılmasına və milli iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına yönəlib.
