Bakı. Trend:
Bu həftə Argentinanın şimal-şərqində El Niño iqlim fenomeni ilə əlaqəli daşqınlar səbəbindən 2 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb. Daşqınlar ötən həftəsonu artıq iki nəfərin həyatına son qoyub.
Son həftələrdə yağan yağışlar Argentina, Braziliya, Paraqvay və Uruqvay ərazilərindən keçən Parana, Uruqvay və İquasu çaylarında suyun səviyyəsinin yüksəlməsinə səbəb olub. Yağıntılar Sakit okeanın səth sularının temperaturunu artıran və planetdə külək və yağıntı rejimlərini dəyişdirən El Niño fenomeni ilə əlaqələndirilir. Mütəxəssislər hazırkı El Niño epizodunun son onilliklərin ən güclülərindən biri olacağını proqnozlaşdırırlar.
Çako əyalətində 1 200–1 300 nəfər təhlükəsiz əraziyə sığınmaq üçün evlərini tərk edib. Bu barədə AFP-yə yerli Mülki Müdafiə Xidmətinin nümayəndəsi Qustavo Santos məlumat verib. O, təhlükəli vəziyyətin “bir neçə ay davam edəcəyini, çayın səviyyəsinin isə durmadan qalxıb-enəcəyini” bildirib.
Qonşu Korrientes əyalətində də təxminən 1 000 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb. Bu barədə çərşənbə günü yayımlanan Mülki Müdafiə məlumatlarında qeyd olunub. Əyalətin turizm şəhəri Paso-de-la-Patriada Parana çayında suyun səviyyəsinin qalxması nəticəsində bəndin dağılmasından sonra bir neçə məhəlləni su basıb.
“Hələlik evimdə qalmağa davam edirəm. Bir günün içində evimə bir metr hündürlüyündə su doldu”, — deyə evinin yaxınlığında danışan yerli sakin Xuan Pablo Qomes AFP-yə bildirib.
Şəhərin bəzi ərazilərində evlərin yalnız damları suyun üzərində görünür. Futbol meydançasında isə qapının yalnız üst tirası suyun səthindən yuxarıda qalıb.
Bazar ertəsi Korrientes şəhərinin Mülki Müdafiə Xidməti daşqın təhlükəsi olan ərazilərdən mal-qaranı çıxararkən boğularaq ölən iki kənd təsərrüfatı işçisi barədə məlumat yayıb.