Bakı. Trend:
Rumıniya cümə günü Qara dənizdə dronun zərbə endirdiyi yük gəmisinin batması nəticəsində bir dənizçinin həlak olduğunu, daha üç nəfərin isə itkin düşdüyünü açıqlayıb. Rumıniya Prezidenti Nikuşor Dan baş verən hadisəyə görə Rusiyanı məsuliyyətli hesab edib.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Son həftələrdə Qara dənizdə bir neçə gəmi dronların hücumuna məruz qalıb. Bu hadisələr Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin digər ərazilərə də yayılmasının təzahürü kimi qiymətləndirilir.
Komor adalarının bayrağı altında üzən “Khoryv” yük gəmisi “dronun zərbəsinə məruz qalıb və Rumıniyanın ərazi sularının yaxınlığında batıb”, – deyə Nikuşor Dan “Facebook” səhifəsində yazıb.
Bundan əvvəl jurnalistlər qarşısında çıxış edən Rumıniya Prezidenti hücumun “Ukraynada müharibə kontekstində Rusiyanın həyata keçirdiyi eskalasiyanın açıq şəkildə bir hissəsi” olduğunu bildirib.
“Khoryv” yük gəmisi Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə, ölkənin ərazi sularından kənarda olarkən, cümə günü saat 10:00 radələrində (Qrinviç vaxtı ilə 07:00) SOS siqnalı göndərib. Bundan sonra Rumıniya xilasetmə əməliyyatına başlayıb.
Hadisənin səbəbi hələlik açıqlanmayıb. Bununla belə, ötən həftəsonu Rumıniya qırıcıları Qara dəniz üzərində iki Rusiya dronunu vurub. NATO isə gəmilərə qarşı hücumlarla əlaqədar bu həftə əlavə təyyarələrin və radar sistemlərinin yerləşdiriləcəyini açıqlayıb.
Rumıniya hakimiyyətinin məlumatına görə, Komor adalarının bayrağı altında üzən yük gəmisinin heyəti 10 ukraynalı və üç azərbaycanlıdan ibarət olub.
“Gəmidə olan 13 nəfərdən 10-u ərazidə olan digər bir ticarət gəmisi tərəfindən xilas edilib. Onlardan doqquzu sağ olub, biri isə həlak olub. Daha üç nəfər itkin düşmüş hesab olunur”, – deyə Rumıniya Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.
Eyni mənbənin məlumatına görə, gəmi “ciddi zədələnib və çevrilib”, həmçinin onun “batmaq təhlükəsi qaçılmaz olub”.
“Rusiyanın Ukraynaya qarşı apardığı qanunsuz təcavüzkar müharibə getdikcə şiddətlənir və Qara dənizdə kommersiya gəmiçiliyinə birbaşa təsir göstərir”, – deyə Rumıniyanın xarici işlər naziri Dan Nekulesku cümə günü “X” sosial şəbəkəsində yazıb.
O əlavə edib ki, bu son “ölümlə nəticələnən hücum” “beynəlxalq hüququn və gəmiçilik azadlığının kobud şəkildə pozulması”, eləcə də “regional və qlobal təhlükəsizliyə birbaşa təhdid” deməkdir.
“Məsuliyyətsiz hücumlar”
Çərşənbə axşamı NATO gəmilərə qarşı silsilə hücumlardan sonra Qara dənizdə əlavə təyyarələrin, dronların və radar sistemlərinin yerləşdiriləcəyini açıqlayıb.
Nikuşor Dan “Facebook” paylaşımında bildirib ki, “Rusiyanın ABŞ və Avropanın təklif etdiyi sülh təşəbbüslərinə ciddi yanaşmasının, atəşkəs təkliflərini qəbul etməsinin və müharibəyə son qoymasının vaxtı çatıb”.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen də cümə günü Qara dənizdə Rusiyanın növbəti eskalasiyasından “dərin narahatlıq keçirdiyini” bildirib.
O, “X” sosial şəbəkəsində “məsuliyyətsiz hücumları” pisləyərək, hücuma məruz qalan mülki gəminin heyətinin ukraynalılardan və azərbaycanlılardan ibarət olduğunu qeyd edib.
