Bakı. Trend:
Braziliyanın futbol ulduzu Neymar cümə günü mühafizəkar namizəd Flavio Bolsonaroya dəstəyini ifadə edib. Bu, mühafizəkar namizədlə solçu prezident Luiz İnasio Lula da Silva arasında keçiriləcək prezident seçkilərinin ikinci turuna iki gün qalmış baş verib.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Braziliya millisinin tarixində ən çox qol vuran futbolçu əvvəllər də 45 yaşlı senatorun atası, 2019–2022-ci illərdə ölkəyə rəhbərlik etmiş keçmiş ifrat sağçı prezident Jair Bolsonaroya dəstək verib.
Cümə günü “Barselona” və PSJ-nin sabiq hücumçusu “Instagram” səhifəsində bolsonaropərəst deputat Nikolas Ferreyra ilə birlikdə yayımladığı videoda seçimini nümayiş etdirib.
“Bəs Neymarın “Barselona”da forma nömrəsi neçə idi? 11”, – deyə 30 yaşlı deputat videoda bildirib.
“On bir üstəgəl on bir neçə edir?” – deyə o, sözünə davam edib.
“22”, – deyə Neymar gülümsəyərək cavab verib. O, bununla seçicilərin bazar günü elektron səsvermə aparatında Flavio Bolsonaroya səs vermək üçün daxil etməli olduqları rəqəmə işarə edib.
“Biz siyasətdən danışmırıq, sadəcə futboldan danışırıq”, – deyə Nikolas Ferreyra göz vuraraq zarafat edib.
İnfluenser-deputatı “Instagram”da 25 milyon, Neymarı isə 241 milyon istifadəçi izləyir.
Futbolçu 2022-ci ildə keçirilən son prezident seçkilərində Jair Bolsonaroya dəstək vermiş və onların “oxşar dəyərləri” bölüşdüyünü bildirmişdi.
Flavio Bolsonaronun atası yenidən prezident seçilmək cəhdində uğursuzluğa düçar olmuş, Lula da Silvaya cüzi fərqlə məğlub olmuşdu. Hazırda o, dövlət çevrilişinə cəhd ittihamı ilə ev dustaqlığındadır.
