Bakı. Trend:
İordaniyanın cənubunda yerləşən yunan pravoslav kilsəsində oktyabrın 23-də, cümə günü baş verən atışma nəticəsində azı yeddi nəfər həlak olub.
Bu barədə ölkənin hakimiyyət orqanları məlumat yayıb.
“Əl-Kərək bölgəsinin Hammud kəndindəki yunan pravoslav kilsəsində baş verən atışma nəticəsində azı yeddi nəfər həlak olub, daha on nəfərə yaxın şəxs yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır”, – deyə İctimai Təhlükəsizlik İdarəsinin bəyanatında bildirilib.
“İki silahlı şəxs avtomobildən düşərək Hammud kilsəsindən yola düşən dəfn mərasimi zamanı atəş açıb”, – deyə bəyanatda qeyd olunub. Bildirilib ki, atəş açan şəxslərin tapılması üçün axtarış əməliyyatı davam edir. Hökumətin sözçüsü Məhəmməd əl-Mumani hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.
Şahid “Al-Mamlaka” televiziya kanalına bildirib ki, hücum edən şəxslər qaçmazdan əvvəl təxminən beş dəqiqə ərzində atəş açıblar. Onun sözlərinə görə, atışma zamanı kilsənin həm daxilində, həm də xaricində 150–200 nəfər olub.
Şahid hücum nəticəsində bir neçə nəfərin həlak olduğunu və ya yaralandığını təsdiqləyib. Zərərçəkənlərin əksəriyyətinin təxminən 50–70 yaşlarında olduğu bildirilir.
Təxminən 375 min əhalisi olan Əl-Kərək bölgəsində böyük xristian icması yaşayır.