Bakı. Trend:
Azərbaycanda əlilliklə bağlı dövlət siyasəti inklüzivlik, inteqrasiya, bərabərlik, ayrı-seçkiliyin yol verilməzliyi və əlilliyi olan şəxslərin xüsusiyyətlərinə hörmət prinsiplərinə əsaslanır.
Bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsində Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitənin sədri və əlilliyi olan şəxslərin hüquqları üzrə xüsusi məruzəçi ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.
"Son illərdə aparılan islahatlar nəticəsində qanunvericilik aktlarından mənfi mənalı ifadələr çıxarılmış, rəqəmsal transformasiya vasitəsilə əlillik sahəsində idarəetmə müasirləşdirilmiş və Azərbaycan gest dili rəsmi olaraq tanınmışdır.
Əlilliklə bağlı insan hüquqları problemləri həll edilərkən qeyd olunmalıdır ki, minalar, müharibənin partlamamış sursat qalıqları və əldəqayırma partlayıcı qurğular nəticəsində, o cümlədən münaqişədən sonrakı şəraitdə yeni qazanılmış əlillik halları artmaqdadır.
Azərbaycan ərazisinin 13 faizindən çoxu işğal dövründə basdırılmış partlamamış sursatlarla çirklənib ki, bu da geri qayıdan əhali üçün ciddi təhlükə yaradır. 2020-ci ildən bəri mina qurbanlarının sayı 443 nəfərə çatıb ki, bu da əlilliyin qarşısının alınması üçün beynəlxalq həmrəyliyə və dəstəyə, xüsusilə də milli minaəleyhinə fəaliyyətin gücləndirilməsinə ehtiyac olduğunu bir daha vurğulayır.
Yekun olaraq, Azərbaycan əlilliyin qarşısının alınması, habilitasiya və reabilitasiyanın təmin edilməsi, eləcə də əlilliyi olan şəxslər üçün bərabər imkanların yaradılması istiqamətində tədbirlər görməyə davam edəcəkdir", - Şəhriyar Hacıyev bildirib.