Bakı. Trend:
Çinin “China Datang Overseas Investment Co., Ltd.” şirkəti 2030-cu ilədək Xəzər dənizində külək elektrik stansiyası layihəsini həyata keçirməyi planlaşdırır.
Bu barədə şirkətin baş direktorunun müavini Vanq Hao (Wang Hao) Energetika Nazirliyinin sosial şəbəkə hesablarında paylaşılan videoda “Xəzər-Qara dəniz Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin investisiya və tərəfdaşlıq imkanlarına həsr olunmuş “Yaşıl Enerji Dəhlizi: Texniki-iqtisadi əsaslandırmadan icraya doğru” forumu ilə bağlı fikirlərini bölüşərkən bildirib.
O qeyd edib ki, Çin və Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Vanq Haonun sözlərinə görə, ötən ilin iyun ayında Çinin ən böyük elektrik enerjisi istehsalçılarından biri olan “Datang” ilə “Transxəzər-Qara dəniz Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə əməkdaşlığa dair memorandum imzalanıb.
“Bu layihədə iştirak etmək “Datang” şirkəti üçün böyük şərəfdir”, - o vurğulayıb.
Vanq Hao bildirib ki, son illərdə Azərbaycanda xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradılıb. Bu imkanları nəzərə alaraq, şirkət Azərbaycana investisiya yatırılması məqsədilə yaxın vaxtlarda 25-ə yaxın Çin müəssisəsini cəlb edib.
Onun sözlərinə görə, hazırda gələcək “Yaşıl Enerji Dəhlizi” layihəsinin ehtiyacları üçün nəzərdə tutulan sənaye parkının yaradılması istiqamətində Azərbaycanın Energetika və İqtisadiyyat nazirlikləri ilə əməkdaşlıq aparılır.
“Məqsədimiz Çin texnologiyalarını və müəssisələrini Azərbaycana cəlb etməklə yerli istehsalın təşkilinə nail olmaqdır. Hesab edirəm ki, bu sənaye parkı layihənin həyata keçirilməsinə mühüm dəstək verəcək”, - şirkət rəsmisi qeyd edib.
O əlavə edib ki, Xəzər dənizində yaradılması planlaşdırılan külək elektrik stansiyasında istehsal olunacaq yaşıl enerji birbaşa “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropaya ötürüləcək.
“Öz növbəsində, Çinin “Datang” korporasiyası olaraq 2030-cu ilədək Xəzər dənizində külək elektrik stansiyası layihəsini həyata keçirməyi planlaşdırırıq. Bu elektrik stansiyasında istehsal olunacaq “yaşıl enerji” birbaşa “Yaşıl Enerji Dəhlizi” vasitəsilə Avropaya ötürüləcək. Hesab edirəm ki, bu, dünya miqyasında nəhəng enerji infrastrukturu layihələrindən biri olacaq. Biz bu mühüm layihənin uğurla reallaşdırılması üçün bütün səylərimizi səfərbər etməyə çalışırıq”, - Vanq Hao bildirib.
Qeyd edək ki, 2025-ci il aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Energetika Nazirliyi, “SOCAR Green” MMC, “China Datang Overseas Investment Co., Ltd.” və “PowerChina Resources Limited” arasında Xəzər dənizinin Azərbaycan sektorunda 2 GVt gücündə dəniz külək enerjisi layihəsinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Sənəd investisiya imkanlarının qiymətləndirilməsi, eləcə də müvafiq texniki-hüquqi dəstək mexanizmlərinin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.
Bundan başqa, 2025-ci il iyunun 26-da Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə “China Datang Overseas Investment Co., Ltd.” arasında yaşıl enerji dəhlizinin inkişafı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlığın əsas məqsədi Azərbaycanda bərpa olunan enerji mənbələri hesabına istehsal olunan elektrik enerjisinin şəbəkəyə təhlükəsiz qoşulmasını, etibarlı və sabit ötürülməsini təmin etməkdir. Memorandum çərçivəsində elektrik şəbəkəsinin inkişafı üzrə sistem tədqiqatlarının aparılması, yüksək gərginlikli sabit cərəyan (HVDC) layihələrinin layihələndirilməsi, mühəndislik və tikinti idarəçiliyi sahəsində təcrübəli Çin şirkətlərinin cəlb olunması üçün texniki və maliyyə dəstəyi istiqamətində əməkdaşlıq nəzərdə tutulur.
2025-ci ilin sentyabrında isə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “China Datang Overseas Investment Co.” şirkəti arasında Azərbaycanda “Yaşıl Enerji Sənaye Parkı”nın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.
