Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyevin Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankarı qəbul etməsi Bakı ilə Dehli arasında münasibətlərin müsbət istiqamətdə inkişafı baxımından mühüm hadisədir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
“Hindistanın xarici işlər nazirinin ölkəmizə səfəri, Prezident İlham Əliyev ilə görüşü və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla apardığı müzakirələr iki ölkə arasında dialoqun genişləndirilməsi və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın inkişafı üçün yeni imkanların mövcud olduğunu göstərir.
Azərbaycan hər zaman müxtəlif ölkələrlə konstruktiv dialoqa, qarşılıqlı hörmətə və hər iki tərəfin maraqlarına cavab verən əməkdaşlığa hazır olduğunu nümayiş etdirib. Hindistanla münasibətlərdə də bu yanaşma əsas götürülə bilər. Tərəflər arasında yüksək səviyyəli təmasların davam etdirilməsi, siyasi məsləhətləşmələrin aparılması və iqtisadi əlaqələrin genişləndirilməsi mövcud münasibətlərin daha da inkişafına xidmət edir”, - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycanla Hindistanı birləşdirən amillərdən biri də zəngin tarixi və mədəni irsdir.
“Hər iki ölkə qədim sivilizasiyaların nümayəndəsidir və onların mədəni əlaqələri uzun tarixə malikdir. Bu ortaq keçmiş xalqlar arasında qarşılıqlı marağın və mədəni əlaqələrin inkişafı üçün əlverişli zəmin yaradır. Müasir dövrdə həmin potensialın turizm, təhsil, elm və humanitar mübadilə vasitəsilə daha da genişləndirilməsi mümkündür”, - o bildirib.
Onun sözlərinə görə, ölkələrimizi yaxınlaşdıran digər mühüm amil beynəlxalq əməkdaşlıq platformalarında ortaq maraqların mövcudluğudur.
“Azərbaycan və Hindistan Qlobal Cənubun bir hissəsi olaraq beynəlxalq gündəlikdə duran bir sıra məsələlərə dair fikir mübadiləsi aparmaq və qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək imkanlarına malikdir. BMT, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çoxtərəfli platformalar bu baxımdan əhəmiyyətlidir. Beynəlxalq təşkilatlar çərçivəsində dialoqun genişləndirilməsi ikitərəfli münasibətlərin siyasi və iqtisadi istiqamətlərinə də müsbət təsir göstərə bilər”, - A.Qarayev bildirib.
Politoloq vurğulayıb ki, iqtisadi əməkdaşlıq isə münasibətlərin inkişafı üçün ən perspektivli sahələrdən biridir.
“Hindistan şirkətlərinin Azərbaycanın enerji sektoruna marağı, neft-qaz layihələrində iştirakı və investisiya imkanları bu istiqamətdə əməkdaşlığın real potensialını göstərir. Azərbaycana investisiya yatıran Hindistan şirkətlərinin mövcudluğu da iqtisadi əlaqələrin genişləndirilməsi üçün imkanların olduğunu təsdiqləyir. Qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında birbaşa əlaqələrin qurulması hər iki ölkəyə fayda verə bilər.
Hindistanın texnologiyalar və rəqəmsal infrastruktur sahəsində əldə etdiyi nailiyyətlər də Azərbaycan üçün maraqlı əməkdaşlıq istiqamətidir. Rəqəmsal xidmətlər, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində təcrübə mübadiləsi yeni layihələrin həyata keçirilməsinə şərait yarada bilər. Bununla yanaşı, əczaçılıq, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi iqtisadi münasibətlərin şaxələndirilməsinə kömək edər”, - o bildirib.
A.Qarayev qeyd edib ki, nəqliyyat və turizm də xüsusi diqqətə layiqdir.
“Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki strateji mövqeyi Hindistanla iqtisadi əlaqələrin inkişafı üçün əlavə üstünlüklər yaradır. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu Hindistan şirkətləri üçün regional bazarlara çıxış baxımından əhəmiyyətli imkanlar təqdim edir. Birbaşa hava əlaqələrinin inkişafı isə turist səfərlərinin artmasına, işgüzar təmasların intensivləşməsinə və xalqlar arasında əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər.
Hindistanın beynəlxalq siyasətdə və dünya iqtisadiyyatında mühüm mövqeyi Azərbaycanla münasibətlərin inkişafını hər iki tərəf üçün əhəmiyyətli edir. Mövcud siyasi dialoqun iqtisadi, texnoloji, mədəni və humanitar əməkdaşlıqla tamamlanması əlaqələrin daha geniş məzmun qazanmasına şərait yarada bilər. Son təmaslar göstərir ki, Bakı ilə Dehli arasında qarşılıqlı maraqlara əsaslanan dialoqun davam etdirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılması üçün zəmin mövcuddur”, - politoloq əlavə edib.
