Bakı. Trend:
Azərbaycanda kənd təsərrüfatının digər sahələrində olduğu kimi balıqçılıq sahəsində də dövlət dəstəyi tətbiq ediləcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova yeni qəbul olunmuş “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının Qanunu və “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı məsələlərə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, zaman keçir və qanunvericilik də həyata uyğun olaraq dəyişməlidir. Həm balıqçılıq, həm toxumçuluq sahəsində, həm dünyada, həm də ölkəmizdə baş verən yeniliklərin qanunvericilikdə əks etdirilməsinə ehtiyac yaranır.
İlhamə Qədimovanın sözlərinə görə, qanunların yenilənməsində əsas məqsədlərdən biri onların beynəlxalq standartlara və yeni dövrün tələblərinə uyğunlaşdırılmasıdır.
Nazir müavini qeyd edib ki, ölkədə və dünyada elektronlaşmanın genişlənməsi dövlət fəaliyyətinin müxtəlif sahələrinə də təsir göstərir. Bu baxımdan toxumçuluq və balıqçılıq sahələrində rəqəmsallaşmanın tətbiqi yeni qanunların gətirdiyi əsas yeniliklərdən biridir.
Onun sözlərinə görə, dəyişikliklər bu sahələrdə fəaliyyət göstərən subyektlərin qeydiyyatından tutmuş dövlət nəzarətinin məsafədən həyata keçirilməsinə, həmçinin subyektlərin dövlət xidmətlərinə əlçatanlığının rəqəmsal vasitələrlə artırılmasına və asanlaşdırılmasına qədər bir sıra məsələləri əhatə edir.
İlhamə Qədimova bildirib ki, son dövrdə həyata keçirilən dəyişikliklərə uyğun olaraq balıqçılıq sahəsi artıq kənd təsərrüfatı sahəsinə daxil edilib və bundan sonra kənd təsərrüfatı fəaliyyəti çərçivəsində inkişaf etdiriləcək.
O vurğulayıb ki, Kənd Təsərrüfatı Nazirliyinin qarşısında ölkədə balıqçılığın inkişaf etdirilməsi və bu sahənin ixrac potensialının artırılması ilə bağlı böyük hədəflər dayanır. Bu səbəbdən balıqçılıq sahəsində tətbiq edilən normativ-hüquqi aktların da müəyyən edilmiş hədəflərə uyğun yenilənməsi nəzərdə tutulur.
Nazir müavininin sözlərinə görə, balıqçılıq təsərrüfatlarının qeydiyyatının sadələşdirilməsi, rəqəmsal vasitələrlə uçotun formalaşdırılması, eyni zamanda, ölçmə alətlərinin müasirləşdirilməsi nəzərdə tutulur.
O qeyd edib ki, bu dəyişikliklər balıqçılıq sahəsində uçotun dəqiqləşdirilməsinə, keyfiyyətin və istehsalın artırılmasına, təsərrüfatların müasirləşdirilməsinə və balıq istehsalının artırılmasına xidmət edəcək.
“Qanunun gətirdiyi yeniliklərdən biri odur ki, artıq balıqçılıq sahəsində də kənd təsərrüfatının digər sahələrində olduğu kimi dövlət dəstəyinin tətbiqi həyata keçiriləcək. Bununla bağlı əlavə təfərrüatlar ictimaiyyətə çatdırılacaq”, – İlhamə Qədimova bildirib.
Nazir müavini diqqətə çatdırıb ki, balıqçılıq sahəsində sui-istifadə və qanunsuz hərəkətlərin biomüxtəlifliyə, ətraf mühitə və təbii resurslara mənfi təsiri də nəzərə alınmalıdır. Buna görə də bu sahədə dövlət nəzarətinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, yeni qanunla bir tərəfdən balıqçılıq təsərrüfatlarının artırılması hədəflənir, digər tərəfdən isə həmin təsərrüfatların qanunvericiliyin tələblərinə uyğun, biomüxtəlifliyi, torpaq və su resurslarını qoruyacaq şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur.
İlhamə Qədimova toxumçuluq sahəsində qanunvericiliyin də müasir dövrün tələblərinə uyğun yeniləndiyini bildirib. Onun sözlərinə görə, dəyişikliklər beynəlxalq normalara uyğun olaraq ölkədə toxumçuluq fəaliyyətinin genişləndirilməsinə imkan verəcək.
Nazir müavini özəl sektorun toxumçuluq sahəsində fəaliyyətinin genişləndirilməsinin də əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.
O bildirib ki, ölkədə bir çox bitkilər üzrə məhsuldarlığın artırılması hədəflənir və Kənd Təsərrüfatı Nazirliyi bu məqsədə xidmət edən istiqamətlər üzrə əlavə tədbirlər həyata keçirəcək.
İlhamə Qədimovanın sözlərinə görə, bunlardan biri əsas istehsal vasitəsi olan toxumun keyfiyyətinin təmin edilməsi və fermerlərin sertifikatlı toxumlardan istifadəsinin genişləndirilməsidir.
“Təbii ki, bunun yaradacağı nəticə ondan ibarətdir ki, ölkəmizdə sertifikatlı toxum istehsalı artsın və yerli toxumun keyfiyyətinə olan inam yüksəlsin”, – nazir müavini vurğulayıb.
