Bişkek.Trend:
Pakistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrliyi dövründə informasiya texnologiyaları və süni intellekt, energetika, inkişaf və yoxsulluğun azaldılması, fövqəladə halların idarə olunması, səhiyyə, mədəniyyət və idmana diqqət yetirmək niyyətindədir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif Bişkekdə keçirilən “ŞƏT +” formatında görüşdə çıxışı zamanı deyib.
“Biz ŞƏT-in qarşıdakı il ərzində öz xalqları üçün nəzərəçarpacaq nəticələr verməli olduğuna dair inamı rəhbər tutacağıq. İT və süni intellektə, energetikaya, inkişafa və yoxsulluğun azaldılmasına, təbii fəlakətlərin idarə olunmasına, səhiyyəyə, mədəniyyətə və idmana üstünlük verəcəyik”, - deyə Şərif bildirib.
O, ŞƏT-ə artan marağı qeyd edib və bunun təşkilatın mühüm regional forum kimi təsirini və əhəmiyyətini vurğulayıb.
Beynəlxalq vəziyyətə toxunan Pakistanın Baş naziri dünyanın görünməmiş sarsıntılar və transformasiya dövrünü yaşadığını bildirib.
Onun sözlərinə görə, Pakistan çoxqütblü dünyanın formalaşmasını daha ədalətli, demokratik və bərabərhüquqlu beynəlxalq sistem qurmaq imkanı kimi nəzərdən keçirir.
Şərif həmçinin Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının zəruriliyini vurğulayıb.
“Bu gün BMT-nin islahata ciddi ehtiyacı var. Təşkilat daha hesabatlı və hadisələrə daha operativ reaksiya verən quruma çevrilməlidir”, - deyə o bildirib.
Qəzza sektoru və İordan çayının Qərb sahilindəki vəziyyətə toxunan Pakistanın Baş naziri beynəlxalq ictimaiyyəti Fələstin xalqının iztirablarına son qoymaq və onun öz müqəddəratını təyinetmə üzrə ayrılmaz hüququnu təmin etmək üçün qətiyyətli tədbirlər görməyə çağırıb.
Şərif eyni zamanda su ehtiyatları məsələsinə toxunaraq onların region üçün strateji əhəmiyyətini vurğulayıb.
“Su regionumuzda həyat mənbəyidir, milyonlarla insanın həyatını, torpaqlarımızı təmin edir və gələcək nəsillərimizin gələcəyini müəyyənləşdirir. Su heç vaxt silah və ya siyasi təzyiq vasitəsi kimi istifadə edilməməlidir”, - deyə o bildirib.
Pakistanın Baş naziri terrorizmi ŞƏT-ə üzv dövlətlər və “ŞƏT+” formatında təmsil olunan digər ölkələr üçün ümumi təhdid adlandırıb. O, ŞƏT-in Regional Antiterror Strukturunun çərçivəsində terrorizm, separatizm və dini ekstremizmə qarşı birgə mübarizəyə Pakistanın sadiq olduğunu bildirib.
“Pakistan terrorizmə qarşı cəsarətlə mübarizəni davam etdirəcək və bu bəlanı məğlub edəcək. 90 mindən çox insanın həyatı və 150 milyard dollar - iqtisadi itki ölkəmizin təkcə özü üçün deyil, bütün dünya naminə terrorizmə qarşı mübarizədə ödədiyi bədəl budur”, - deyə Şərif bildirib.
Onun sözlərinə görə, terrorizmin bütün forma və təzahürləri, o cümlədən dövlət terrorizmi, açıq və birmənalı şəkildə pislənməlidir. Şərif həmçinin bildirib ki, Əfqanıstan ərazisindən Pakistana və digər qonşu ölkələrə hücumlar həyata keçirmək üçün istifadə edən terrorçu qruplaşmaların fəaliyyəti effektiv şəkildə dayandırılmalıdır.
Sonda Pakistanın Baş naziri ölkəsinin ŞƏT-in potensialının reallaşdırılmasına sadiqliyini təsdiqləyib və üzv dövlətləri və təşkilatın tərəfdaşlarını bu səyləri dəstəkləməyə çağırıb. O, həmçinin “ŞƏT+” formatının iştirakçılarını 2027-ci ildə bu formatda keçiriləcək növbəti görüş üçün İslamabada dəvət edib.
