Bişkek.Trend:
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT+” formatının iqtisadi inkişaf, texnologiyalar, iqlim dəyişikliyinə uyğunlaşma və qlobal idarəçilik sahələrində regionlararası əməkdaşlıq platforması kimi rolunun genişləndirilməsinə çağırıb.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, Şavkat Mirziyoyev Birləşmiş Millətlər Təşkilatının ədalətli beynəlxalq nizamın formalaşdırılmasında roluna həsr olunmuş “ŞƏT+” görüşündə çıxış edib. Görüşdə ŞƏT-ə üzv dövlətlərin, müşahidəçi ölkələrin, dialoq tərəfdaşlarının və beynəlxalq təşkilatların liderləri və yüksək vəzifəli nümayəndələri, o cümlədən BMT-nin Baş katibi Antonio Quterreş iştirak ediblər.
Özbəkistan Prezidenti bildirib ki, BMT öz mərkəzi əlaqələndirici rolunu qoruyub saxlamalı, regional təşkilatlar isə ümumi prinsipləri və qərarları regional şəraitə və prioritetlərə uyğunlaşdırmaqla onun fəaliyyətini tamamlaya bilər.
“Dövlətlərin və regional birliklərin qlobal institutlara universal missiyalarını daha səmərəli şəkildə həyata keçirməyə necə kömək edə biləcəyini müəyyənləşdirmək vacibdir”, - deyə Mirziyoyev bildirib.
O, dayanıqlı artım, qabaqcıl texnologiyalar, iqlim dəyişikliyinə uyğunlaşma, insan kapitalı, əlçatan təhsil və gənclərin inkişafı sahələrində əməkdaşlığın təşviqi üçün “ŞƏT+” formatından istifadə etməyi təklif edib.
Özbəkistan, həmçinin BMT vasitəsilə həll olunan məsələlər üzrə təcrübə mübadiləsinə və yanaşmaların əlaqələndirilməsinə yardım etmək məqsədilə “ŞƏT +” çərçivəsində regional təşkilatların tərəfdaşlıq şəbəkəsinin yaradılmasını təklif edib.
Digər təklif təbii ehtiyatların idarə edilməsi, “yaşıl” enerji, rəqəmsal xidmətlər və səhiyyə sahələrini əhatə edən regionlararası layihə və texnologiyaların açıq bankının yaradılmasını nəzərdə tutur.
İqtisadi əməkdaşlıq da diqqət mərkəzində olub. Mirziyoyev biznes üçün bazarlara çıxışın asanlaşdırılması, transsərhəd nəqliyyat dəhlizlərinin yaradılması və birbaşa xarici investisiyaların həcminin artırılması da daxil olmaqla, daha əhəmiyyətli praktiki nəticələrin əldə olunmasına çağırıb.
“Biznes hər yerdə real nəticələri görməlidir - bazarlara çıxış prosedurlarının sadələşdirilməsi, transsərhəd dəhlizlərinin işə salınması və birbaşa investisiyaların axını hesabına”, - deyə o bildirib.
Bu kontekstdə Özbəkistan ŞƏT İnvestisiya Forumunun investisiya əməkdaşlığı üçün daim fəaliyyət göstərən platformaya çevrilməsini təklif edib.
Mirziyoyev, həmçinin “ŞƏT plus” formatında daimi fəaliyyət göstərən Mədəniyyətlər və Sivilizasiyalar Forumunun yaradılmasına çağırıb. İlk tədbirin keçirilməsi üçün Xivə şəhəri təklif olunub.
Bu təkliflər Özbəkistanın “ŞƏT+” formatına daha geniş praktiki məzmun qazandırmaq, regional təşkilatları və iqtisadiyyatları konkret əməkdaşlıq istiqamətləri ətrafında birləşdirmək istəyini nümayiş etdirir. İnvestisiyalar, texnologiyalar, qarşılıqlı əlaqəlilik və dayanıqlı inkişafa diqqət siyasi dialoqun praktiki müstəviyə keçirilməsinə və birgə regional layihələrin həyata keçirilməsinə xidmət etməlidir.
