BMT və Bretton-Vuds sistemində islahatlar aparılmalıdır - Quterreş

Dünya xəbərləri Materials 1 Sentyabr 2026 18:31 (UTC +04:00)
BMT və Bretton-Vuds sistemində islahatlar aparılmalıdır - Quterreş
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Bakı.Trend:

Müasir reallıqlar nəzərə alınmaqla BMT və Bretton-Vuds sistemində islahatlar aparılmalı, inkişaf etməkdə olan ölkələrin təmsilçiliyi və təsiri artırılmalıdır.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bişkekdə keçirilən “ŞƏT+” formatında görüşdə çıxışı zamanı deyib.

“Bizim münasibətlərimiz dəyişir, lakin çoxtərəfli təşkilatlar hələ də əsasən 1945-ci ilin reallıqlarını əks etdirir. Ədalətli dünya nizamının qurulması üçün biz Birləşmiş Millətlər Təşkilatı və Bretton-Vuds sistemi də daxil olmaqla, çoxtərəfli institutlarımızda islahatlar aparmalıyıq ki, onlar müasir reallıqları əks etdirsin və inkişaf etməkdə olan ölkələrin təmsilçiliyini və təsirini artırsın”, - deyə o bildirib.

Quterreş müasir dünyanın getdikcə daha çox çoxqütblü xarakter aldığını qeyd edərək, bu prosesin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

“Dünyamız getdikcə daha çox çoxqütblü olur. Bu, yaxşı haldır və gücləndirilməlidir. Çoxqütblülük qlobal idarəetmədə və beynəlxalq münasibətlərdə ədalətin təmin olunmasının şərtidir. Çoxqütblülük həmçinin ikili standartlar olmadan, Nizamnaməyə uyğun olaraq hamıya xidmət edən səmərəli çoxtərəflilik və Birləşmiş Millətlər Təşkilatı üçün ən yaxşı dayaqdır”, - deyə BMT-nin Baş katibi bildirib.

O, BMT-nin ŞƏT-lə uzun illər davam edən əməkdaşlığa yüksək qiymət verdiyini bildirərək, təşkilatı çoxtərəfliliyin mühüm dayağı adlandırıb.

İnkişafın maliyyələşdirilməsinə toxunan Quterreş qlobal maliyyə arxitekturasında islahatların aparılmasının və inkişaf etməkdə olan ölkələrin borc yükü probleminin həllinin zəruriliyini bildirib.

“Ədalət və bərabərliyi təmin etmək üçün qlobal maliyyə arxitekturasında islahatlar aparmalıyıq və çox sayda inkişaf etməkdə olan ölkəni boğan borc problemini ciddi şəkildə həll etməliyik. Çoxtərəfli inkişaf bankları onları dəstəkləmək üçün daha böyük, daha yaxşı və daha cəsarətli olmalıdır”, - deyə o bildirib.

Quterreş həmçinin süni intellektin bütün ölkələr üçün fayda verməsini təmin etməyin vacibliyini qeyd edib.

“Süni intellekt bütün ölkələrə fayda gətirməlidir. Bunun üçün müəyyən çərçivələrə ehtiyac var”, - deyə BMT-nin Baş katibi vurğulayıb.

O, BMT çərçivəsində müstəqil beynəlxalq elmi qrupun və süni intellektin idarə olunması üzrə qlobal dialoqun yaradılması təşəbbüsünə göstərilən dəstəyə görə minnətdarlığını bildirib. Onun sözlərinə görə, bu, bütün ölkələrin bu sahədə qlobal yanaşmaların formalaşdırılmasında iştirak edə bilməsinə imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti