Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

Cəmiyyət Xəbər 2 Sentyabr 2026 10:21 (UTC +04:00)
Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

44 günlük Vətən müharibəsinin başa çatmasından indiyədək ANAMA və humanitar minatəmizləmə fəaliyyətinə cəlb olunmuş digər qurumlar tərəfindən 298 min hektardan çox ərazi minalardan təmizlənib və 260 mindən çox mina və digər partlayıcı sursat zərərsizləşdirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfrans zamanı deyib.

O qeyd edib ki, bu rəqəmlərin arxasında yalnız əməliyyat nəticələri dayanmır.

“Bu rəqəmlər yenidən istifadəyə verilmiş yolları, yenidən qurulmuş kəndləri, bərpa edilmiş elektrik xətlərini, istifadəyə qaytarılmış kənd təsərrüfatı sahələrini və insanların doğma torpaqlarına qayıtmasına yaradılmış imkanları ifadə edir”,- deyə sədr əlavə edib

V.Süleymanov bildirib ki, 2020-ci ilin noyabr ayından etibarən minatəmizləmə əməliyyatları işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və şəhərlərin bərpası prosesi ilə birbaşa əlaqələndirilib.

“Bu müddət ərzində yaşayış infrastrukturu üçün xüsusi olaraq 103 min hektardan çox ərazi təmizlənərək geri qayıdan sakinlər üçün yeni yaşayış məntəqələrinin, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, ictimai obyektlərin və zəruri xidmətlərin yaradılmasına imkan verib. Bundan əlavə, yolların, enerji infrastrukturunun, kənd təsərrüfatının və digər prioritet layihələrin həyata keçirilməsi üçün də əhəmiyyətli olan ərazilər təmizlənib”,- deyə o vurğulayıb.

Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.

Konfransın işinə sentyabrın 3-də yekun vurulacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti