Minatəmizləmə Böyük Qayıdışın fundamental əsasıdır - Hikmət Babaoğlu

Siyasət Materials 2 Sentyabr 2026 15:13 (UTC +04:00)
Minatəmizləmə Böyük Qayıdışın fundamental əsasıdır - Hikmət Babaoğlu
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Humanitar minatəmizləmə Böyük Qayıdışın fundamental, yəni təməl əsasıdır. Əgər minatəmizləmə həyata keçirilməsəydi, nə yolların çəkilməsi, nə infrastrukturun yaradılması, nə yaşayış məntəqələrinin bərpası, nə də vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərə təhlükəsiz qayıdışının təmin edilməsi mümkün olardı.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

O bildirib ki, minatəmizləmə ilk növbədə vətəndaşların təhlükəsiz qayıdışının təmin edilməsinin əsas şərtidir.

“Azərbaycan minatəmizləmə prosesinə böyük diqqət və həssaslıqla yanaşaraq bu işi həyata keçirməyə başladı və nəticələr göz qabağındadır. Bu gün artıq 300 min hektar, yəni 3 min kvadratkilometr ərazinin minalardan təmizləndiyinin şahidiyik. Bu, əlbəttə ki, olduqca mühüm və qürurverici nəticədir”, - deputat bildirib.

Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycanın öz ərazilərini minalardan təmizləməsi faktiki olaraq ikinci müharibəyə – “mina müharibəsi”nə qarşı mübarizə aparması deməkdir.

“Mina problemi sadəcə humanitar problem deyil. Bu, həm təhlükəsizlik, həm humanitar, həm də inkişaf problemidir. Birincisi, söhbət dövlətin öz ərazisində təhlükəsizliyi təmin etməsindən gedir. İkincisi, minalar vətəndaşlarımızın həyatına birbaşa təhlükə yaratdığına görə ciddi humanitar problemdir və bu problem hələ də davam edir. Üçüncüsü isə bu, inkişaf problemidir. İşğaldan azad edilmiş ərazilərimizdə inkişafı təmin etmək və Böyük Qayıdışı həyata keçirmək üçün ilk növbədə mina təhlükəsi aradan qaldırılmalıdır”, - o deyib.

Deputat vurğulayıb ki, minatəmizləmə prosesi başlayarkən onun sürətinin işğaldan azad edilmiş ərazilərin inkişaf sürəti ilə birbaşa əlaqəli olduğu aydın idi:

“Ərazilərimizi minalardan nə qədər tez təmizləyə bilsək, dövlət xidmətlərini, iş yerlərini, istehsal müəssisələrini və vətəndaşlarımızı işğaldan azad olunmuş ərazilərimizə bir o qədər tez qaytara bilərik. Burada minatəmizləmənin sürəti ilə inkişafın və Böyük Qayıdışın sürəti paralel şəkildə müəyyənləşir. Azərbaycan dövləti və onun yaratdığı müvafiq qurumlar bu mühüm vəzifənin öhdəsindən layiqincə gəlirlər”.

Hikmət Babaoğlu Ermənistanın təqdim etdiyi mina xəritələrinin qeyri-dəqiq və natamam olmasının minatəmizləmə prosesini ciddi şəkildə çətinləşdirdiyini də diqqətə çatdırıb.

Onun sözlərinə görə, dəqiq mina xəritələrinin olmaması bir neçə istiqamətdə əlavə problemlər yaradır.

“Birincisi, bu, humanitar məsələdir. Minaların axtarılıb tapılması zamanı minatəmizləyənlərin həyatı üçün əlavə təhlükə yaranır. İkincisi, xərc və maliyyə məsələsidir. Xəritələr olmadıqda minaların axtarışı daha çox maliyyə və texniki resurs tələb edir. Üçüncüsü isə zaman məsələsidir. Xəritələr olmadıqda minaların tapılması və zərərsizləşdirilməsi üçün daha uzun müddət tələb olunur”, - deputat qeyd edib.

O bildirib ki, Azərbaycan mina xəritələrinin təqdim olunmasını Ermənistandan israrla tələb etsə də, təqdim olunan xəritələr ya qeyri-dəqiq olub, ya da müəyyən ərazilərlə bağlı müvafiq məlumatlar ümumiyyətlə verilməyib.

“Ermənistan tərəfi bunu müxtəlif arqumentlərlə əsaslandırmağa çalışırdı. Ancaq bütün hallarda təqdim olunan xəritələrin də qeyri-dəqiq olduğu ortaya çıxırdı. Bu isə minatəmizləmə işlərini daha da çətinləşdirirdi. Bunun ağır humanitar nəticələri də oldu. Çoxsaylı Azərbaycan vətəndaşları mina partlayışları nəticəsində həyatlarını itirdilər və ya müxtəlif dərəcəli xəsarətlər alaraq fiziki məhdudiyyətlərlə üzləşdilər. Hesab edirəm ki, bu, Ermənistanın qeyri-humanitar davranışının nəticələrindən biridir”, - Hikmət Babaoğlu bildirib.

Deputat vurğulayıb ki, mina təhlükəsinin aradan qaldırılması yalnız keçmiş məcburi köçkünlərin qayıdışı üçün deyil, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirən insanların təhlükəsizliyi baxımından da həyati əhəmiyyət daşıyır.

“Mina təhlükəsinin aradan qaldırılması Böyük Qayıdış üçün əsas yaradan, tikinti, kommunikasiya və bərpa işlərini həyata keçirən vətəndaşlarımızın təhlükəsizliyi üçün olduqca vacibdir. İnfrastruktur layihələrinin həyata keçirilməsinə cəlb edilən insan resurslarının, texnika və avadanlıqların təhlükəsizliyinin təmin edilməsi üçün bu, zəruri addımdır. Artıq bu istiqamətdə böyük həcmdə iş görülüb və keçmiş məcburi köçkünlərimizin öz torpaqlarına təhlükəsiz şəkildə qayıtması üçün əsas yaradılıb”, - o deyib.

Hikmət Babaoğlu qeyd edib ki, hər bir vətəndaş öz dövlətindən təhlükəsizliyinin təmin olunmasını gözləməkdə haqlıdır və Azərbaycan dövləti bu öhdəliyi layiqincə yerinə yetirir.

“Əgər keçmiş məcburi köçkünlərimizdə öz tarixi torpaqlarına qayıdarkən mina təhlükəsi ilə bağlı ciddi qorxu və dövlətə qarşı inamsızlıq olsaydı, əlbəttə, proses daha ləng gedə bilərdi. Ancaq Azərbaycan vətəndaşı onun təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlətin gördüyü işləri praktikada görür. Bu da vətəndaşlarımızın Böyük Qayıdış prosesində daha inamlı və qətiyyətli iştirakını təmin edir”, - deputat əlavə edib.

Onun sözlərinə görə, minatəmizləmənin əhəmiyyəti yalnız insanların məskunlaşdırılması ilə məhdudlaşmır. Bu proses Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bütün digər proseslər üçün multiplikativ effekt yaradır.

“Bir sahə digərinə, digər sahə isə növbəti sahəyə təsir etməklə bütöv bir təhlükəsizlik zənciri yaranır. Əvvəlcə vətəndaşların təhlükəsizliyi təmin edilir, sonra iqtisadi layihələrin həyata keçirilməsi üçün təhlükəsiz şərait formalaşdırılır, həmin layihələrin icrasına cəlb edilən insanların, texnika və avadanlıqların təhlükəsizliyi təmin olunur. Buraya enerji təhlükəsizliyi, su təhlükəsizliyi və digər istiqamətlər də daxildir. Bütün bunlar bir-biri ilə sıx bağlıdır”, - Hikmət Babaoğlu bildirib.

Deputatın sözlərinə görə, kənd təsərrüfatı torpaqlarının becərilməsi, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti və enerji layihələrinin həyata keçirilməsi kimi strateji məsələlər də birbaşa minatəmizləmə ilə əlaqəlidir.

“Artıq Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı kiçik su elektrik stansiyaları tikilib. Bu istiqamətdə nəinki yerli tələbatı ödəyəcək, hətta ixrac potensialının formalaşmasına imkan verəcək imkanlar yaranır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda, o cümlədən Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihələri həyata keçirilir. Mal-qaranın sərbəst hərəkəti və kənd təsərrüfatı fəaliyyətinin həyata keçirilməsi üçün təhlükəsizliyin təmin olunması aqrar sektorun inkişafına böyük töhfə verməyə başlayıb”, - o qeyd edib.

Hikmət Babaoğlu bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda yetişdirilən müxtəlif kənd təsərrüfatı məhsullarının artıq ölkənin ticarət şəbəkələrində satışa çıxarılması həmin ərazilərdə iqtisadi proseslərin real nəticələrindən biridir.

“Eyni zamanda Şərqi Zəngəzur və Qarabağa həm yerli, həm də xarici investisiyaların daxil olduğunu müşahidə edirik. Özbəkistan tərəfindən Xankəndidə istehsal müəssisəsinin yaradılması, yerli sahibkarların müxtəlif bölgələrdə, o cümlədən Laçında istehsal müəssisələri qurması, sənaye parklarının yaradılması birbaşa və ya multiplikativ formada minatəmizləmə ilə bağlıdır”, - deputat deyib.

Onun fikrincə, buna görə minatəmizləmədə yalnız keyfiyyət deyil, sürət də xüsusi strateji əhəmiyyət daşıyır.

“Minatəmizləmənin sürəti iqtisadi inkişafın sürətini müəyyən edir. Minatəmizləmədə nə qədər geciksəydik, iqtisadi layihələrin həyata keçirilməsində də bir o qədər gecikə bilərdik. Ona görə burada yalnız keyfiyyət deyil, sürət də çox vacibdir. Qarşıda yeni tarixi mərhələ var. Bu, Şərqi Zəngəzurdan Qərbi Zəngəzura keçidlə müşahidə olunacaq və daha çox investisiyanın cəlb edilməsinə imkan yaradacaq bir mərhələdir. Hesab edirəm ki, bu istiqamətdə də mühüm addımlar atılmaqdadır”, - o bildirib.

Hikmət Babaoğlu minatəmizləmə prosesinin sürətləndirilməsində innovativ texnologiyaların tətbiqinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.

“Minatəmizləmə sadəcə xüsusi qurğular və ya xüsusi təlim keçmiş itlər vasitəsilə həyata keçirilən proses deyil. Azərbaycan prosesi sürətləndirmək üçün minatəmizləmə sahəsində tətbiq edilən ən müasir texnologiyalardan istifadə etməyə başladı. Bunun ən bariz nümunələrindən biri mexaniki minatəmizləmə maşınlarının tətbiqidir. Bu texnika daha geniş ərazilərdə və daha sürətli şəkildə minatəmizləmə işlərinin aparılmasına imkan verir”, - deputat deyib.

O bildirib ki, mürəkkəb relyef mexaniki vasitələrin bütün ərazilərdə istifadəsinə imkan vermədiyindən digər innovativ texnologiyaların tətbiqi də zərurətə çevrilib.

“Belə maşınların hərəkəti üçün hər ərazi relyef baxımından uyğun deyil. Buna görə Azərbaycan pilotsuz uçuş aparatları və digər innovativ texnologiyaların imkanlarından da istifadə etməyə başladı. Bu, geniş ərazilərin mina təhlükəsindən təmizlənməsinin sürətləndirilməsi baxımından yeni və mühüm istiqamətlərdən biridir”, - Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, Azərbaycanda minatəmizləmə prosesinin digər bərpa və inkişaf prosesləri ilə inteqrativ şəkildə həyata keçirilməsi minatəmizləmə və qayıdış üzrə özünəməxsus Azərbaycan modelinin yaranmasına gətirib çıxarıb.

“Azərbaycanda minatəmizləmə prosesi digər proseslərlə inteqrativ şəkildə həyata keçirildi. Enerji təchizatının yaradılması, infrastrukturun formalaşdırılması, evlərin və yaşayış məntəqələrinin yaşayış üçün hazırlanması paralel və sürətli şəkildə aparıldı. Ancaq bütün bunların önündə yenə minatəmizləmə dayanırdı. Bütün proseslər bir-biri ilə inteqrasiya edilmiş, koordinasiyalı şəkildə və uyğun ardıcıllıqla həyata keçirildi. Bu isə özünəməxsus Azərbaycan modelini yaratmış oldu”, - o vurğulayıb.

Hikmət Babaoğlunun sözlərinə görə, bu modelin unikallığını şərtləndirən mühüm xüsusiyyətlərdən biri onun sərt və mürəkkəb relyef şəraitində tətbiq edilməsidir.

“Qarabağ və Şərqi Zəngəzur coğrafiyasının mühüm hissəsini dağətəyi və dağlıq ərazilər təşkil edir. Buna görə də hər bir relyefə uyğun xüsusi metodların tətbiq olunması zərurəti yaranırdı. Bu, prosesin həm metodoloji, həm də texniki baxımdan modelləşdirilməsi üçün vacib idi. Azərbaycan bu mürəkkəb şəraitdə öz modelini formalaşdırdı və praktik şəkildə tətbiq etdi”, - deputat bildirib.

O qeyd edib ki, Azərbaycanın bu sahədə topladığı təcrübə digər münaqişə və postmünaqişə regionları üçün də əhəmiyyətli ola bilər.

“Azərbaycan sadəcə model təqdim edən ölkə deyil, həm də bu modeli tətbiq və icra edən ölkə təcrübəsinə malikdir. Bizim çoxsaylı minatəmizləyənlərimiz, mütəxəssislərimiz, mühəndislərimiz, müasir və innovativ texnologiyalardan istifadə etməyi bacaran peşəkarlarımız var. Bu, dünyanın müxtəlif coğrafiyalarında Azərbaycan modelinin həm nəzəri, həm də praktiki tətbiqi üçün imkanlar yaradır”, - o deyib.

Hikmət Babaoğlu minatəmizləmənin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində də fundamental rol oynadığını bildirib. Deputat bu kontekstdə “dayanıqlı inkişaf” anlayışının Azərbaycan dilində “davamlı inkişaf” kimi ifadə edilməsini daha doğru hesab etdiyini də diqqətə çatdırıb.

“Mənə elə gəlir ki, “dayanıqlı inkişaf” ifadəsindəki “dayanıqlı” sözü anlayışın mahiyyətini tam ifadə etmir. “Dayanmaq” statik məna daşıyır, “davam etmək” isə hərəkəti və prosesin fasiləsizliyini ifadə edir. Buna görə də hesab edirəm ki, bunu “davamlı inkişaf” adlandırmaq daha doğru olardı. Çünki söhbət uzunmüddətli məqsədlərə xidmət edən inkişaf prosesindən gedir”, - deputat bildirib.

Onun sözlərinə görə, davamlı inkişaf üçün ərazi, ərazi resursları, istehsal münasibətləri və əmək qabiliyyətli insanların mövcudluğu vahid sistem daxilində təmin edilməlidir.

“Hər bir davamlı inkişafın olmazsa-olmaz şərtləri var. Ərazi, ərazi resursları, istehsal münasibətləri və əmək qabiliyyətli insanlar olmalıdır. Əmək və istehsal münasibətləri vahid kombinasiyada fəaliyyət göstərməlidir. Bunun üçün isə yenə də təhlükəsizlik şərtləri təmin olunmalıdır. Böyük Qayıdış həm işçi qüvvəsinin qayıdışını təmin edir, həm də bütün coğrafiyanın yerli iqtisadi potensialı ilə yeni texnologiyaların kombinasiyasını zəruri edir”, - Hikmət Babaoğlu qeyd edib.

Deputat Ağdam Sənaye Parkında yaradılan istehsal imkanlarının, eləcə də Şərqi Zəngəzurda, o cümlədən Zəngilanda formalaşdırılan yeni iqtisadi mühitin bu yanaşmanın praktik nümunələri olduğunu bildirib.

“Ağdam Sənaye Parkında yaradılan böyük istehsal imkanları, Şərqi Zəngəzurda və Zəngilanda formalaşdırılan şərait davamlı inkişafın ən müasir və səmərəli şəkildə tətbiqinin nümunələridir. Bütün bunların həyata keçirilməsi üçün isə ilkin şərt təhlükəsizliyin təmin edilməsidir”, - o deyib.

Hikmət Babaoğlu Azərbaycanın minatəmizləmənin böyük maliyyə yükünü də öz üzərinə götürdüyünü vurğulayıb.

“Azərbaycan minatəmizləmənin maliyyə yükünü öz üzərinə götürdü və bu, çox ciddi maliyyə yüküdür. İlk növbədə müvafiq texnologiyaların əldə edilməsi lazım idi və bu, ayrıca maliyyə tələb edirdi. Sonra kadr hazırlığının aparılması, minatəmizləmə üzrə müvafiq qurumların yaradılması və onların fəaliyyətinin təmin edilməsi zərurəti vardı. Bunun üzərinə beynəlxalq təcrübənin öyrənilməsini də əlavə etsək, Azərbaycanın qısa müddətdə nə qədər böyük həcmdə işin öhdəsindən gəldiyini görərik. Ən mühüm məqam isə bütün bunların Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilməsidir”, - deputat bildirib.

Onun fikrincə, bu məqam Azərbaycanın güclü dövlət olmasının göstəricilərindən biri kimi qiymətləndirilməlidir.

“Biz “güclü dövlət” deyərkən bunu da nəzərdə tutmalıyıq. Belə vəziyyətlə üzləşən bəzi ölkələr iqtisadiyyatları üzərində uzunmüddətli ağır yük yarada biləcək kreditlərə müraciət edir və nəticədə başqa maliyyə mənbələrindən asılı vəziyyətə düşürlər. Azərbaycan isə bunların heç birinə getmədi. Öz gücü və imkanları hesabına bu ağır və mürəkkəb prosesi həyata keçirərək daha bir nümunə yaratdı”, - o bildirib.

Hikmət Babaoğlu Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransını Azərbaycanın həyata keçirdiyi humanitar diplomatiyanın ən bariz nümunələrindən biri kimi qiymətləndirib.

“Azərbaycan bu platforma vasitəsilə həm üzləşdiyi mina probleminin miqyasını və humanitar nəticələrini, həm də postmünaqişə mərhələsində həyata keçirdiyi işləri bütün dünyaya təqdim edir. Bununla bir neçə mühüm məqsədə nail olunur. Birincisi, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və bunun yaratdığı nəticələr beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılır. İkincisi, Azərbaycanın tarixi Zəfəri və torpaqlarını işğaldan azad etməsi faktı xatırladılır. Beynəlxalq ictimaiyyət bir daha görür ki, Azərbaycan uzun illər hansı təhlükələrlə və işğalın hansı ağır nəticələri ilə üzləşib”, - deputat deyib.

Onun sözlərinə görə, konfrans mina probleminin beynəlxalq humanitar təşkilatların diqqətinə çatdırılması və Azərbaycanın mövqeyinin qlobal informasiya məkanında təqdim edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

“Buna görə düşünürəm ki, bu tədbirə sadəcə minatəmizləmə konfransı kimi deyil, Azərbaycanın mühüm humanitar diplomatiya platforması kimi yanaşılmalıdır”, - Hikmət Babaoğlu vurğulayıb.

Deputat bildirib ki, dünyada davam edən münaqişə və müharibələr fonunda Azərbaycanın postmünaqişə təcrübəsi beynəlxalq əhəmiyyət daşıyır.

“Dünyada çoxsaylı münaqişələr və müharibələr davam edir. Müharibələr bir gün başa çatır və postmüharibə mərhələsi başlayır. Müasir müharibələrin ağır nəticələrindən biri isə ərazilərin minalarla çirkləndirilməsidir. Müharibə bitdikdən sonra mina təhlükəsi insanların həyatına, qayıdışa, bərpaya və inkişafa mane olan əsas problemlərdən biri kimi qalır. Burada Azərbaycan təcrübəsi mütləq öyrənilməli olan bir təcrübədir”, - o bildirib.

Hikmət Babaoğlu Azərbaycanın bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlığa açıq olduğunu da vurğulayıb.

“Təhlükəsizlik məsələsində dünyanın ən böyük beynəlxalq təşkilatı Birləşmiş Millətlər Təşkilatıdır və onun Təhlükəsizlik Şurasıdır. Bununla yanaşı, humanitar hüquq və humanitar məsələlər üzrə ixtisaslaşmış çoxsaylı beynəlxalq təşkilatlar mövcuddur. Azərbaycan bu təşkilatların hər biri ilə əməkdaşlıq edir və əməkdaşlığa hazırdır. Çünki təhlükəsizlik bu gün dünyanın bir nömrəli problemlərindən biridir”, - deputat qeyd edib.

Onun sözlərinə görə, təhlükəsizlik anlayışı yalnız hərbi və mina təhlükəsizliyi ilə məhdudlaşmır.

“Buraya mina təhlükəsizliyi, dövlətlərin təhlükəsizliyi, insan hüquqlarının qorunması və beynəlxalq hüquqa uyğun olaraq hər bir insanın doğulduğu yerdə təhlükəsiz şəraitdə yaşamaq hüququ daxildir. Bütün bunlar Azərbaycanın beynəlxalq təşkilatlarla təhlükəsizlik sahəsində əməkdaşlığını zəruri edir”, - o deyib.

Hikmət Babaoğlu bildirib ki, gələcəyin təhlükəsizlik konsepsiyasından danışarkən Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə yaratdığı təcrübəyə daha geniş kontekstdə yanaşmaq lazımdır.

“Gələcəyin təhlükəsizlik konsepsiyası sadəcə hərbi və ya mina təhlükəsizliyi məsələsi deyil. Təhlükəsizlik həm də təbii hadisələrə qarşı təhlükəsiz yaşamaq, rahat və komfortlu həyat şəraitinə malik olmaq, müasir texnologiyaların gətirdiyi ağıllı inşaat konsepsiyalarından istifadə etməklə vətəndaşın həyatını daha rahat və rifahlı etməkdir”, - deputat bildirib.

Onun sözlərinə görə, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə başlanğıcdan etibarən “ağıllı kənd”, “ağıllı şəhər” və özünəyetərlilik prinsiplərinə əsaslanan yanaşma seçib.

“Özünəyetərlilik iqtisadi və maliyyə təhlükəsizliyinin əsas mənbələrindən biridir. Bununla yanaşı, ekoloji təhlükəsizlik məsələləri də Azərbaycanda nəzərə alınıb. Yaşıl enerji vasitələri ilə enerji tələbatının təmin olunması ekoloji təhlükəsizliyin əvvəlcədən nəzərə alınmasının göstəricisidir”, - Hikmət Babaoğlu qeyd edib.

Deputat bildirib ki, gələcəyin təhlükəsizlik konsepsiyasında ərzaq və kənd təsərrüfatı təhlükəsizliyi də xüsusi yer tutur.

“Ekoloji təhlükəsizlik, sağlam kənd təsərrüfatı məhsullarının istehsalı, ərzaq təminatının gücləndirilməsi, yaşıl enerji, ağıllı şəhər və kənd konsepsiyalarının tətbiqi vahid təhlükəsizlik sisteminin elementləridir. Azərbaycan bütün bu istiqamətlərdə zəngin və özünəməxsus təcrübə yaradıb. Bakı konfransında da bu məsələlər müzakirə olundu və Azərbaycanın formalaşdırdığı təcrübə beynəlxalq səviyyədə təqdim edildi”, - Hikmət Babaoğlu yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti