Bakı.Trend:
Qazaxıstanın siyasi və iqtisadi islahatları gələcəkdə daha da inkişaf etdiriləcək.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə keçirilən “ŞƏT+” formatında yüksək səviyyəli görüşdə çıxışı zamanı bildirib.
“Dünyada baş verən sürətli dəyişikliklər dövlətlərdən yalnız vaxtında uyğunlaşmağı deyil, həm də qabaqlayıcı tədbirlər görmək bacarığı və qabiliyyət tələb edir. Ölkəmizin müasir çağırışlara cavabı kifayət qədər genişmiqyaslı siyasi və iqtisadi islahatlar oldu. Şübhəsiz ki, bu islahatlar gələcəkdə də inkişaf etdiriləcək”, - deyə Tokayev bildirib.
Prezident qeyd edib ki, iyulun 1-də qüvvəyə minmiş Yeni Konstitusiya ölkənin dayanıqlı sosial-iqtisadi inkişafı üçün möhkəm zəmin yaradıb.
“Konstitusiyanın müddəaları dövlət hakimiyyətinin keyfiyyətcə yeni sistemini formalaşdırıb. Bu dəyişikliklər sosial-iqtisadi dayanıqlığın möhkəmləndirilməsinə, ədalətli və mütərəqqi Qazaxıstanın qurulmasına yönəlib. Yeni qanunverici orqan - birpalatalı parlament fəaliyyətə başlayıb. Bu, dövlətimizin tarixində ilk belə nümunədir. Əvvəllər belə parlament mövcud olmayıb”, - deyə prezident bildirib.
Tokayev Qazaxıstanın balanslaşdırılmış, konstruktiv və sülhsevər xarici siyasət kursunun dəyişməz olaraq qalacağını da təsdiqləyib.
Xatırladaq ki, Qazaxıstanın yeni Konstitusiyasının qəbul edilməsi ilə bağlı respublika referendumu 15 mart 2026-cı ildə keçirilib. Yeni Konstitusiya rəsmi olaraq 1 iyul 2026-cı ildə qüvvəyə minib.
Yeni konstitusiya modeli çərçivəsində vitse-prezident vəzifəsi nəzərdə tutulub, həmçinin Qazaxıstan xalqının maraqlarını təmsil edən ali konstitusiya məşvərətçi orqanı - Qazaxıstan Xalq Şurası yaradılıb. Məclis və Senatdan ibarət ikipalatalı parlament birpalatalı Qurultaya çevrilib.
