Dövlət Proqramının prioritetləri üzrə beynəlxalq təcrübəyə əsaslanan növbəti təlim başlayıb

Cəmiyyət Materials 2 Sentyabr 2026 19:24 (UTC +04:00)
Dövlət Proqramının prioritetləri üzrə beynəlxalq təcrübəyə əsaslanan növbəti təlim başlayıb

Bakı. Trend:

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas prioritet istiqamətləri üzrə nəzərdə tutulan tədbirlərin, eləcə də Dövlət Proqramının təşviqi istiqamətində maarifləndirici işlərin silsilə şəkildə həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Dövlət Proqramında müəyyənləşdirilmiş prioritetlərə uyğun olaraq baytarlıq və fitosanitar xidmətlər sisteminin gücləndirilməsi, informasiya-məsləhət xidmətlərinin və innovasiyaların yayımı sisteminin inkişaf etdirilməsi istiqamətində maarifləndirici təlim proqramı öz işinə başlayıb.

“Heyvan xəstəlikləri: Erkən diaqnostika və mübarizə yolları” mövzusuna həsr olunan tədbirin əsas məqsədi heyvan sağlamlığının qorunması, təhlükəli xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması istiqamətində fermerlərin maarifləndirilməsi, müasir baytarlıq xidmətləri, profilaktik tədbirlər və xəstəliklərə qarşı mübarizə üsulları barədə məlumatların daha geniş auditoriyaya çatdırılması olub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov heyvan sağlamlığının kənd təsərrüfatının dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyi və təsərrüfatların iqtisadi dayanıqlığı baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, xəstəliklərlə mübarizədə erkən diaqnostika, peyvəndləmə, mütəmadi monitorinq, biotəhlükəsizlik və digər profilaktik tədbirlərin vacibliyini qeyd edib. Çıxışda müasir baytarlıq xidmətlərinin fermerlər üçün əlçatanlığının artırılması, informasiya-məsləhət xidmətlərinin genişləndirilməsi, Coğrafi İnformasiya Sistemlərindən istifadə və qabaqcıl beynəlxalq təcrübənin yerli təsərrüfatlarda tətbiqinin əhəmiyyəti diqqətə çatdırılıb.

Elməddin Namazov Aqrar Təlim Mərkəzinin fermerlərin, sahibkarların və sahə mütəxəssislərinin bilik və bacarıqlarının artırılması, müasir baytarlıq yanaşmalarının və innovativ həllərin təsərrüfatlara çatdırılması istiqamətində həyata keçirdiyi işlərin əhəmiyyətini də vurğulayıb. O bildirib ki, bu cür təlim və maarifləndirici tədbirlər fermerlərin xəstəliklərin ilkin əlamətlərini vaxtında müəyyən etməsinə, düzgün profilaktik tədbirlər görməsinə və baytarlıq xidmətlərindən daha səmərəli istifadəsinə imkan yaradır. Çıxışda dövlət qurumları, baytar mütəxəssislər, fermerlər və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin heyvan sağlamlığının qorunması və aqrar sahənin dayanıqlı inkişafı baxımından mühüm olduğu qeyd edilib.

Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi Azər Məmmədov çıxışı zamanı bildirib ki, heyvandarlıq, arıçılıq, balıqçılıq və quşçuluğun dayanıqlı inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi və yerli istehsalın qorunması birbaşa heyvan sağlamlığından asılıdır:

"Bu baxımdan xəstəliklərin erkən aşkarlanması və vaxtında mübarizə tədbirlərinin görülməsi müasir baytarlıq xidmətinin əsas prioritetlərindəndir".

Mərkəzin rəhbəri qeyd edib ki, erkən diaqnostika ilkin kliniki əlamətlərin vaxtında müşahidə edilməsindən, sahə baytar həkiminin qiymətləndirməsindən, nümunələrin düzgün götürülərək laboratoriyaya çatdırılmasından və nəticə əldə olunanadək xəstəliyin yayılma riskinin azaldılması üçün zəruri biotəhlükəsizlik tədbirlərinin görülməsindən ibarət vahid prosesdir. Yoluxucu xəstəliklərdə vaxt amili həlledicidir və gecikmiş aşkarlanma xəstəliyin daha geniş əraziyə yayılmasına səbəb ola bilər.

Azər Məmmədov vurğulayıb ki, düzgün diaqnostika ilə yanaşı, biotəhlükəsizlik tədbirləri də vacibdir. Təsərrüfata yeni heyvanların daxil olması, nəqliyyat, yem və su mənbələri, inventar, işçi hərəkəti və vəhşi heyvanlar yoluxma riski yarada bilər. Giriş-çıxışın idarə olunması, dezinfeksiya, yeni heyvanların təcridi, xəstə və sağlam heyvanların ayrılması və sanitar rejimə əməl olunması vacibdir. Peyvəndləmə risk əsasında planlaşdırılmalı, heyvanların identifikasiyası və qeydiyyatı, soyuq zəncir və nəticələrin izlənilməsi vahid sistem kimi təşkil edilməlidir.

Azər Məmmədov qeyd edib ki, fermer və sahə mütəxəssisi bu sistemin əsas iştirakçılarıdır. Fermer xəstəliyin ilkin əlamətlərini tanımalı və vaxtında məlumat verməli, baytar mütəxəssislərin bilik və bacarıqları isə yeni diaqnostik metodlar, profilaktik yanaşmalar və rəqəmsal texnologiyalar üzrə daim yenilənməlidir.

Onun sözlərinə görə, əsas məqsəd xəstəlik geniş yayıldıqdan sonra onun nəticələri ilə mübarizə aparmaq deyil, xəstəliyi erkən aşkar etmək və yayılmasının qarşısını almaqdır. Erkən xəbərdarlıq, erkən diaqnostika, operativ müdaxilə və effektiv profilaktika vahid sistem kimi işləməlidir.

Təlim proqramı Türkiyədən dəvət olunmuş beynəlxalq ekspert, professor Mustafa Hasöksüz və yerli mütəxəssis, biologiya üzrə fəlsəfə doktoru Vüsal Abbasov tərəfindən aparılıb. Təlim zamanı müasir baytarlıqda aktual olan mövzular, o cümlədən südlük inəklərdə mastit və digər yelin xəstəlikləri, virus mənşəli infeksiyalar, dabaq xəstəliyi, yeni doğulmuş buzovlarda ishal, reproduktiv problemlər və qısırlıq barədə məlumat verilib. Xəstəliklərin erkən aşkarlanması, düzgün müalicəsi, profilaktikası və təsərrüfatlara vurduğu iqtisadi zərərin azaldılması yolları izah olunub.

Bununla yanaşı, peyvəndləmənin xəstəliklərin qarşısının alınmasında və müalicə xərclərinin azaldılmasında rolu, təsərrüfatlarda biotəhlükəsizlik, gigiyena, düzgün yemləmə və saxlanma şəraitinin əhəmiyyəti vurğulanıb. Fermerlərə gündəlik müşahidələrin aparılması, xəstəlik əlamətlərinin vaxtında müəyyən edilməsi və baytarlıq xidmətinə vaxtında müraciət etməklə bağlı praktiki tövsiyələr verilib. Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, real təsərrüfat nümunələri əsasında fikir mübadiləsi aparılıb və komanda oyunu keçirilib.

Qeyd edək ki, üç gün davam edəcək proqram çərçivəsində Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq. Proqram zamanı iştirakçılara müasir baytarlıq yanaşmaları ilə yanaşı, əldə etdikləri biliklərin digər fermer və mütəxəssislərə daha effektiv şəkildə çatdırılması, təlimlərin düzgün təşkili və praktiki biliklərin paylaşılması ilə bağlı tövsiyələr veriləcək. Təlimin son günündə isə iştirakçılar Astara rayonunda yerləşən nümunəvi heyvandarlıq təsərrüfatında praktiki məşğələlərə cəlb ediləcək, beynəlxalq təcrübəyə əsaslanan qabaqcıl yanaşmaların təsərrüfat şəraitində tətbiqi ilə tanış olacaqlar. Bu cür maarifləndirici tədbirlər fermerlərin bilik və bacarıqlarının artırılmasına, müasir baytarlıq üsullarının təsərrüfatlarda tətbiqinin təşviqinə və aqrar sahənin dayanıqlı inkişafına töhfə verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti