Vanuatu Fransaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib

Siyasət Materials 3 Sentyabr 2026 16:54 (UTC +04:00)
Vanuatu Fransaya qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Vanuatu Fransanın davam etdirdiyi müstəmləkəçi siyasətinə və yurisdiksiyasında olduğu Metyu və Hanter adaları üzərində irəli sürdüyü qanunsuz ərazi iddialarına etiraz olaraq Beynəlxalq Ədalət Məhkəməsinə rəsmi müraciət ünvanlayıb.

Bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) məlumat yayıb.

Bildirilib ki, müraciətdə, həmçinin Vanuatu ilə Fransanın müstəmləkə əsarətində olan Kanaki (Yeni Kaledoniya) arasında dəniz sərhədlərinin delimitasiyası məsələsinin həll edilməsi tələbi də yer alır.

Vanuatu Sakit okeanın cənub-qərbində, Melaneziya regionunda yerləşən ada dövlətidir. Ölkə təxminən 83 adadan ibarət arxipelaqdır və Avstraliyanın şimal-şərqində, Yeni Kaledoniyanın şərqində yerləşir. Metyu və Hanter adaları isə Sakit okeanın cənub-qərbində, Vanuatunun cənub adaları ilə Fransanın müstəmləkə əsarətində olan Kanaki (Yeni Kaledoniya) arasında yerləşən iki kiçik, lakin strateji əhəmiyyətli adadır.

Ümumi quru sahəsi 1,3 km² olan bu adaların hüquqi statusu yalnız suverenlik məsələsi ilə məhdudlaşmır, onların mənsubiyyəti ətrafındakı ərazi sularının, müstəsna iqtisadi zonanın (350 000 km²) və kontinental şelfin müəyyənləşdirilməsinə, habelə Vanuatu ilə Kanaki arasında dəniz sərhədinin delimitasiyasına birbaşa təsir göstərir. Adaların ətrafında təxminən 350 000 km²-lik müstəsna iqtisadi zonanın mövcudluğu onların strateji və iqtisadi əhəmiyyətini daha da artırır.

Vanuatu ilə Fransa arasında adaların statusu və Vanuatu–Kanaki dəniz sərhədinin delimitasiyası ilə bağlı üç dəfə danışıqların keçirilməsinə baxmayaraq, proses Fransanın məsələnin beynəlxalq hüququn fundamental prinsipləri əsasında ədalətli və hüquqi həllinə konstruktiv yanaşmaması, Vanuatunun suverenliyini nəzərə almaması və müstəmləkəçilikdən miras qalan ərazi iddialarını davam etdirilməsi səbəbindən nəticəsiz qalmışdır.

Qeyd edək ki, Kanakinin müstəqillik tərəfdarı qüvvələri Vanuatunun Metyu və Hanter adaları ilə bağlı mövqeyini dəfələrlə dəstəkləyib. Bu mövqe 2009-cu ildə Vanuatu hökuməti ilə Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi arasında imzalanmış Kéamu razılaşmasında rəsmiləşdirilib və sonrakı illərdə də təsdiqlənib. 2026-cı ilin mayında FLNKS lideri Kristian Tein bu dəstəyi yenidən ifadə edib. Həmçinin, Yeni Kaledoniyanın Adət Senatı 2009-cu ildə adaların Vanuatu ilə bağlılığını tanıyıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti