Alman şirkətləri Azərbaycanın enerji şəbəkələrinin modernləşdirilməsi layihələrində iştirak edə bilərlər

Yaşıl iqtisadiyyat Materials 3 Sentyabr 2026 13:48 (UTC +04:00)
Alman şirkətləri Azərbaycanın enerji şəbəkələrinin modernləşdirilməsi layihələrində iştirak edə bilərlər
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Alman şirkətləri Azərbaycanın enerji şəbəkələrinin modernləşdirilməsi və inteqrasiyası, eləcə də enerji saxlama sistemlərinin və elektrik avtomobilləri üçün enerji doldurma infrastrukturunun inkişafı layihələrində iştirak edə bilərlər.

Trend-in müxbirinin verdiyi məlumata görə, bunu Almaniya-Azərbaycan Ticarət Palatasının (AHK Azerbaijan) maraqlı tərəflərlə əlaqələr və tərəfdaşlıq münasibətləri şöbəsinin rəhbəri Yuliya Egel “Azərbaycan: infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan mənbələrdən əldə edilən enerjinin saxlanması həlləri” mövzusunda keçirilən onlayn vebinarda deyib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji sahəsində, o cümlədən iri miqyaslı günəş və külək enerjisi layihələri üzrə çoxsaylı layihələr həyata keçirilir və planlaşdırılır.

“Azərbaycanda günəş və külək enerjisinin böyük potensialı var. İri miqyaslı günəş və külək enerjisi layihələrindən danışarkən, böyük tələbatın, eləcə də çoxsaylı imkanların olduğunu görürük. Azərbaycanın coğrafi mövqeyi və Orta Dəhlizdəki rolu nəzərə alınmaqla, perspektivdə bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı Avropaya ixrac üçün də maraq doğura bilər.

Azərbaycanda enerji sektorunda zəruri normativ-hüquqi baza formalaşdırılıb. Ölkə hökuməti daha əvvəl enerji sektorunun islahatı, “yaşıl” enerjinin inkişafı, enerji səmərəliliyinin artırılması və aşağı karbonlu iqtisadiyyatın formalaşdırılması da daxil olmaqla müxtəlif prioritetlər müəyyən edib”, — deyə o qeyd edib.

Onun sözlərinə görə, enerji balansının şaxələndirilməsi və dayanıqlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər müvafiq texnologiya və həllərin tətbiqi üçün imkanlar yaradır.

Egel həmçinin bildirib ki, Azərbaycanda müxtəlif investorların və layihə inkişaf etdiricilərinin, o cümlədən Yaxın Şərq ölkələri və Çindən olan investorların iştirakı ilə layihələr həyata keçirilir: “Enerji saxlanc sistemləri, günəş və külək enerjisi kimi istiqamətlərdə əməkdaşlıq imkanları mövcuddur.

Alman şirkətləri üçün əməkdaşlıq istiqamətlərindən biri 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması hədəfinə nail olunması ola bilər. Alman şirkətləri üçün imkanlar xüsusilə enerji şəbəkələrinin modernləşdirilməsi, enerji sistemlərinin inteqrasiyası, akkumulyator əsaslı enerji saxlanc sistemləri, eləcə də, məsələn, elektromobillik üçün enerji doldurma həlləri sahələrində cəmləşir”.

Egel həmçinin bildirib ki, bu il beynəlxalq tədbirlər çərçivəsində Bakı Enerji Həftəsində (Baku Energy Week)də Almaniya pavilyonu təşkil olunub.

Onun sözlərinə görə, Alman şirkətləri gələn ilin iyun ayında keçiriləcək "Baku Energy Week"də öz stendləri ilə iştirak etmək imkanını nəzərdən keçirə bilərlər.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Berlində Almaniyanın Federal Kansleri Fridrix Mertzlə görüşünün keçirildiyi və birgə bəyannamənin imzalandığı son səfərini qeyd edib.

Bundan əlavə, Egelin sözlərinə görə, səfər çərçivəsində "AHK Azerbaijan"ın iştirakı ilə Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması haqqında bəyannamə imzalanıb.

O, həmçinin qarşılıqlı əlaqəlilik məsələlərinə həsr olunacaq və istiqamətlərindən biri Orta Dəhliz boyunca enerji məsələləri olacaq konfransın, eləcə də Almaniyanın enerji sektorunda fəaliyyət göstərən şirkətlərinin Azərbaycana qarşıdakı ticarət missiyası barədə məlumat verib.

Egel qeyd edib ki, ticarət missiyasının proqramına Azərbaycanın energetika nazirliyinin nümayəndələri ilə görüşlər, icraçı biznes dəyirmi masasının keçirilməsi, brifinqlər və B2B görüşləri daxildir.

“B2B görüşləri sizin üçün xüsusilə vacibdir, çünki siz birbaşa əlaqələr qurmaq və imkanlarınızı araşdırmaq istəyirsiniz. "AHK Azerbaijan" iştirak edən Alman şirkətlərinin maraqlarını nəzərə alaraq B2B görüşlərini əlaqələndirəcək və müvafiq tərəfdaşların tapılmasına dəstək göstərəcək”,- deyə o bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti