Nyu-Yorkda şagirdlərin dərs zamanı süni intellektdən istifadəsi məhdudlaşdırılacaq

Dünya xəbərləri Materials 3 Sentyabr 2026 02:48 (UTC +04:00)
Nyu-Yorkda şagirdlərin dərs zamanı süni intellektdən istifadəsi məhdudlaşdırılacaq

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində ibtidai və orta məktəb şagirdlərinin dərs prosesində süni intellekt texnologiyalarından istifadəsinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Nyu-York meri Zöhran Mamdani açıqlama verib.

Onun sözlərinə görə, 2026–2027-ci tədris ili ərzində dövlət məktəblərində ibtidai və orta sinif şagirdlərinə dərslər zamanı süni intellekt texnologiyalarından istifadə etməyə icazə verilməyəcək.

Mer qeyd edib ki, məktəblərdə uşaqlara sual vermək, irəli sürülən fərziyyələri şübhə altına almaq, araşdırma aparmaq və “niyə?” sualını vermək bacarıqları aşılanır. O bildirib ki, süni intellektdən istifadə ilə bağlı da eyni prinsip əsas götürülməlidir.

Qərara əsasən, şagirdlərin ekran qarşısında keçirdiyi vaxt da məhdudlaşdırılacaq. Belə ki, 3–5-ci siniflərdə bu müddət gündə 30 dəqiqə, 6–8-ci siniflərdə isə 45 dəqiqə ilə məhdudlaşacaq. Eyni zamanda, bütün siniflər üzrə köməkçi çat-botlardan istifadəyə qadağa tətbiq olunacaq.

Bundan başqa, məktəblərdə istifadə edilən texnoloji vasitələr yenidən qiymətləndiriləcək. Tədris üçün zəruri olmadığı müəyyən edilən bəzi proqram və texnoloji alətlərin istifadəsinə son veriləcək.

Xatırladaq ki, Nyu-York ştatında ötən tədris ilində də məktəblərdə şagirdlərin mobil telefonlardan istifadəsinə qadağa tətbiq edilmişdi.

Xəbər lenti

Xəbər lenti