Bakı.Trend:
Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
“Düşünürəm ki, şirkətlər özləri bu barədə məlumat verəcəklər”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana da məhsul ixracı davam edir. Sonuncu dəfə sentyabrın 3-də 17 çən vaqondan ibarət, ümumi çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Ümumilikdə isə indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
Əlavə edək ki, iki ölkə arasında ticarət və tranzit əlaqələrinin bərpası çərçivəsində Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə də böyük həcmdə yüklər daşınıb. İndiyədək bu marşrutla 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta materialı ünvanına çatdırılıb.
