ABB Davr layihəsi Azərbaycanın maliyyə brendinin, texnologiyasının, bankçılıq təcrübəsinin daha geniş coğrafiyaya çıxışıdır - Abbas İbrahimov

İqtisadiyyat Materials 3 Sentyabr 2026 11:45 (UTC +04:00)
ABB Davr layihəsi Azərbaycanın maliyyə brendinin, texnologiyasının, bankçılıq təcrübəsinin daha geniş coğrafiyaya çıxışıdır - Abbas İbrahimov

Bakı. Trend:

ABB Davr layihəsi Azərbaycanın maliyyə brendinin, texnologiyasının, bankçılıq təcrübəsinin daha geniş coğrafiyaya çıxışıdır.

Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov mətbuata müsahibəsində bildirib.

-Avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə ABB Davr layihəsinə rəsmi start verildi. İndi çoxlarını maraqlandıran əsas sual budur ki, ABB Davr brendi altında fəaliyyət nə vaxt başlanacaq?

-Bəli, avqustun 23-ü bizim üçün tarixi gün oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin iştirakı ilə ABB Davr layihəsinə rəsmi start verildi. Azərbaycan Prezidenti bu hadisəni aparıcı Azərbaycan bankının Özbəkistan bazarına daxil olması kimi qiymətləndirdi. Bu, bizim üçün həm böyük qürur, həm də böyük məsuliyyətdir.

Bu layihəyə göstərdikləri yüksək dəstəyə görə Azərbaycan və Özbəkistan prezidentlərinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, layihənin bu mərhələyə gəlib çatmasında bizə dəstək olmuş hər iki ölkənin Mərkəzi Banklarına, eləcə də aidiyyəti dövlət qurumlarına – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyinə, Rəqabətin İnkişafı və İstehlakçı Hüquqlarının Müdafiəsi Komitəsinə təşəkkür edirik.

Layihənin rəsmi startından əvvəl tələb edilən bütün rəsmi icazələr alınıb və səhmlərin alqı-satqı müqaviləsi artıq imzalanıb. Növbəti mərhələdə qanunvericiliyə və müqavilədə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq səhmlərin hüquqi transferi və səhmdarlar reyestrində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu proses tamamlandıqdan sonra ABB Davr Bankın əsas səhmdarı olacaq. Bu prosesin də qarşıdakı 7-10 gün ərzində yekunlaşmasını gözləyirik.

ABB Davr brendi altında fəaliyyət isə bankın adının dəyişdirilməsi ilə bağlı rəsmi prosedurlar tamamlandıqdan dərhal sonra başlanacaq. Düşünürəm ki, təxminən oktyabrda artıq ABB Davr brendini görəcəyik.

-Brend dəyişikliyi necə baş verəcək?

-İlk növbədə, korporativ kommunikasiya və rəqəmsal kanallardan başlayacağıq. Filiallar, ATM-lər, kartlar və digər fiziki müştəri təmas nöqtələrinin ABB Davr brendinə keçidi isə mərhələli şəkildə aparılacaq. Bu, bizim keçid planımızda da mərhələli proses kimi nəzərdə tutulub. Çünki əsas məsələ sadəcə adı və lövhəni dəyişmək yox, ABB brendinin arxasında dayanan xidmət keyfiyyətini, texnologiyanı, innovasiyaları və institusional təcrübəni də Özbəkistana gətirməkdir.

-Əsas prioritetləriniz nələr olacaq?

-İlk mərhələdə məqsədimiz Davr Bankın fəaliyyətindəki mövcud güclü tərəfləri qorumaq və eyni zamanda gələcək inkişaf üçün möhkəm baza yaratmaqdır. Daha sonra ABB-nin korporativ idarəetmə, rəqəmsallaşma, süni intellekt, risk idarəetməsi və müştəri təcrübəsi sahəsində topladığı təcrübəni mərhələli şəkildə ABB Davr-da tətbiq edəcəyik.

Burada qısa müddətdə nəticə verə biləcək təşəbbüslərə də xüsusi diqqət ayıracağıq. Azərbaycanda artıq özünü doğrultmuş bəzi rəqəmsal və süni intellekt həllərimizi yerli bazarın xüsusiyyətlərinə uyğunlaşdıraraq qısa müddətdə ABB Davr-da tətbiq etmək imkanları var.

-Özbəkistan bazarına daxil olmaq üçün niyə məhz Davr Bankı seçdiniz?

-Biz üzərində daha böyük dəyər yarada biləcəyimiz bir bank, platforma axtarırdıq. Bu axtarışlarımız zamanı Davr Bankın tarixini, fəaliyyətini, xidmət və məhsullarını, tərəfdaşlıq münasibətlərini, xarici əlaqələrini də diqqətlə nəzərdən keçirdik. Bankın fəaliyyətindəki bir çox meyarların, o cümlədən dinamikliyinin, xarici əlaqələrinin, xidmət şəbəkəsinin, müştəri seqmentinin, sağlam və sürətli inkişafının uyğun olması qənaətinə gəldik.

Bu gün Davr Bankın 2 milyondan çox müştərisi, 1,800-dən çox əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var. Aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank kiçik və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir.

Bizim üçün yalnız rəqəmlər yox, tərəfdaşlıq yanaşması da vacib idi. Davr Bank-da həm baza, həm biznes model, həm güclü komanda, həm də bizimlə eyni istiqamətə baxıb, eyni vizyonu bölüşən tərəfdaş gördük. Mövcud səhmdar və komanda ilə bankın gələcəyi, onun hansı istiqamətdə inkişaf etməli olduğu barədə baxışlarımız böyük ölçüdə üst-üstə düşürdü. Biz Davr Bankın yerli bazar təcrübəsini, komandasını və mövcud güclü tərəflərini ABB-nin kapitalı, texnologiyası və institusional təcrübəsi ilə birləşdirmək istəyirik.

-ABB Davr necə bir bank olacaq?

-Ambisiyamız aydındır. Biz Özbəkistanın aparıcı özəl banklarından birini qurmaq – güclü, müasir və dayanıqlı maliyyə institutu yaratmaq istəyirik.

ABB Davr universal bank olacaq, həm fərdi, həm kiçik və orta biznes, həm də korporativ müştərilərə xidmət göstərəcək. Xüsusilə kiçik və orta bizneslərlə iş, rəqəmsal bankçılıq, ödənişlər, sənədli əməliyyatlar və korporativ maliyyələşdirmə istiqamətlərində böyük potensial görürük. Eyni zamanda, Azərbaycanda uğurla formalaşdırdığımız “Beyond banking” təcrübəsini də zamanla Özbəkistan bazarına uyğunlaşdırmaq istəyirik.

Burada çox vacib bir məqamı da diqqətə çatdırım. Biz ABB-nin Azərbaycandakı modelini olduğu kimi Özbəkistana köçürmək niyyətində deyilik. Bankçılıq lokaldır. Özbəkistan bazarı da böyük, dinamik və özünəməxsus xüsusiyyətləri olan bazardır. Bütün bunları nəzərə alıb məhsul və xidmətlərimizi yerli müştərinin ehtiyaclarına, davranışlarına, bazarın xüsusiyyətlərinə uyğunlaşdıracağıq. Bu baxımdan, Özbəkistan müştərisinin ehtiyacları, bazarın xüsusiyyətləri, yerli komandanın bilik və təcrübəsi bizim üçün əsasdır. ABB-nin texnologiyasını və təcrübəsini bu lokal bilik və təcrübə ilə birləşdirəcəyik.

-Azərbaycan və Özbəkistan iqtisadi əlaqələrinə hansı töhfələri verəcəksiniz?

-Özbəkistanda 470-dən çox Azərbaycan kapitallı müəssisə, Azərbaycanda isə 130-dan çox Özbəkistan kapitallı müəssisə qeydiyyatdan keçib. Bu rəqəmlər özü iki ölkə arasında artıq ciddi biznes ekosisteminin formalaşdığını göstərir. İki ölkə arasında ticarət və qarşılıqlı investisiyalar artdıqca, bu bizneslərin maliyyə xidmətlərinə ehtiyacı da genişlənir.

ABB Davr bu ekosistem üçün maliyyə körpüsü rolunu oynaya bilər. Hesablaşmalar, ticarətin maliyyələşdirilməsi, sənədli əməliyyatlar, eləcə də yeni biznes və investisiya layihələrinin maliyyələşdirilməsi baxımından bu, əlavə imkanlar deməkdir.

İlk növbədə isə ABB Davr Özbəkistan bazarına və Özbəkistan müştərisinə xidmət edən yerli bank olacaq. Ölkənin iqtisadi inkişafına, sahibkarlığa, xüsusilə kiçik və orta bizneslərin inkişafına real töhfələr verməyə çalışacağıq.

-ABB üçün bu layihənin strateji əhəmiyyəti nədir?

-Bu, ABB-nin 2026–2028-ci illər üzrə inkişaf strategiyasında nəzərdə tutulmuş coğrafi genişlənmə hədəfinə doğru ilk böyük addımıdır. Bizim üçün xüsusi əhəmiyyət daşıyır ki, bu addımı məhz qardaş Özbəkistandan başlayırıq.

ABB Maliyyə Qrupu olaraq artıq 5.5 milyona yaxın müştəriyə xidmət göstərəcəyik, artıq 10 milyon yox, 50 milyona yaxın müştəriyə xitab edəcəyik. Amma mən bu layihənin əhəmiyyətini yalnız rəqəmlərlə ölçməzdim. Biz Özbəkistana yalnız kapital aparmırıq, Azərbaycanda son illərdə formalaşdırdığımız bilik, təcrübə və həlləri də ixrac edirik. Rəqəmsal həllərimizi, süni intellekt modellərimizi, risk və korporativ idarəetmə yanaşmalarımızı, “Beyond banking” sahəsində yaratdığımız imkanları daha böyük miqyasda tətbiq etmək fürsəti qazanırıq.

Bunun başqa bir strateji üstünlüyü miqyas effektidir. Daha böyük müştəri bazası bizə texnologiyaya və süni intellektə daha böyük investisiyalar etməyə imkan verəcək. Sabah yaratdığımız hər hansı bir rəqəmsal həll və ya süni intellekt modeli artıq Azərbaycandan daha geniş coğrafiyada milyonlarla müştəri üçün dəyər yaradacaq.

Burada çox vacib bir məqam da var. Bu layihə Davr Bankla yanaşı, ABB-nin özünü də dəyişəcək. Biz ilk dəfə olaraq Azərbaycanda qurduğumuz bankçılıq modelini daha böyük coğrafiyada tətbiq edəcəyik, yeni kompetensiyalar qazanacağıq və regional maliyyə qrupu kimi fəaliyyət göstərməyi öyrənəcəyik.

Bu, baxımdan ABB Davr layihəsi Azərbaycan maliyyə brendinin, texnologiyasının, bankçılıq təcrübəsinin daha geniş coğrafiyaya çıxışıdır.

Xəbər lenti

Xəbər lenti