Bakı. Trend:
Humanitar minatəmizləmə yalnız yenidənqurmanın ilkin şərti deyil, həm də bərpanın başlanğıcıdır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.
Regional direktor bildirib ki, bir ailənin evinə qayıtmasından, bir məktəbin yenidən fəaliyyətə başlamasından və ya bir yolun icmanı yenidən birləşdirməsindən əvvəl torpaq təhlükəsiz olmalıdır. Məhz buna görə humanitar minatəmizləmə yalnız yenidənqurmanın ilkin şərti deyil, həm də bərpanın başlanğıcıdır.
O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) üçün humanitar minatəmizləmə şəhər siyasətinin, planlaşdırmanın və maliyyələşdirmənin fundamental tərkib hissəsidir.
“Təmizlənmiş ərazilər olmadan səmərəli şəhər planlarının hazırlanması, təhlükəsiz mülkiyyət hüquqlarının təmin edilməsi, infrastruktur şəbəkələrinin fəaliyyəti, eləcə də məcburi köçkünlərin və qaçqınların ləyaqətlə öz evlərinə qayıtması üçün etibarlı imkanların yaradılması mümkün deyil.
Azərbaycan bu istiqamətdə mühüm addım ataraq “Mina təhlükəsi ilə mübarizə tədbirləri” adlı 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini qəbul edib. Bu məqsəd mina çirklənməsini təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh qarşısında kompleks və çoxşaxəli maneə kimi tanıyır.
Bundan əlavə, Azərbaycanda minatəmizləmə fəaliyyəti daha geniş “Böyük Qayıdış” proqramına, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında davam etdirilən bərpa və yenidənqurma prosesinə sıx şəkildə inteqrasiya olunub”,- deyə o bildirib.
Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.
Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.
Konfransın işinə bu gün yekun vurulacaq. Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.
