Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyənin gələcəyinə yönəlmiş mühüm investisiyadır - RƏY

Cəmiyyət Materials 3 Sentyabr 2026 12:17 (UTC +04:00)
Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyənin gələcəyinə yönəlmiş mühüm investisiyadır - RƏY
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin səhiyyə sahəsinə və bu sistemin əsas dayağı olan insan kapitalına diqqətinin növbəti mühüm göstəricisidir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin tapşırığı əsasında həyata keçirilən bu əməkhaqqı islahatı yalnız tibb işçilərinin gəlirlərinin artırılması kimi qiymətləndirilməməlidir:

“Bu qərarın səhiyyə sisteminin keyfiyyətinə, kadr potensialına və gələcək inkişafına daha geniş təsirləri olacaq.

Əməkhaqqının artırılması ilk növbədə tibb işçilərinin sosial rifahının yüksəldilməsinə və onların əməyinə verilən dəyərin daha dolğun ifadə olunmasına xidmət edir. Həkimlərin, orta və kiçik tibb heyətinin gündəlik fəaliyyətinin yüksək məsuliyyət tələb etdiyini nəzərə alsaq, onların maddi və sosial təminatının gücləndirilməsi həm peşə motivasiyasına, həm də işə münasibətə müsbət təsir göstərə bilər.

Bu baxımdan xüsusilə vacib məqam əməkhaqqı artımlarının vahid yanaşma ilə deyil, işçinin vəzifəsi, ixtisası, iş yükü, fəaliyyət göstəriciləri və regionlardakı kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılmasıdır. Belə yanaşma əməyin nəticəsi ilə gəlir arasında daha aydın əlaqə yaradır və peşəkarlığın, məsuliyyətin və göstərilən xidmətin keyfiyyətinin stimullaşdırılması üçün əlavə imkan yaradır.

Bu islahatın digər mühüm nəticələrindən biri tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə yarada biləcəyi töhfədir. Tibb işçisinin iş şəraiti və sosial təminatı nə qədər güclü olarsa, onun peşəkar inkişafına, bilik və bacarıqlarını artırmasına, pasiyentlərlə daha keyfiyyətli işləməsinə də daha əlverişli mühit yaranır. Nəticədə əməkhaqqı siyasəti təkcə işçinin rifahına deyil, birbaşa vətəndaşa göstərilən tibbi xidmətin səviyyəsinə təsir edən amilə çevrilir”.

Deputat hesab edir ki, bu qərarın xüsusilə regionların səhiyyə təminatı baxımından strateji əhəmiyyəti var: “Azərbaycanda səhiyyənin qarşısında duran məsələlərdən biri müəyyən ixtisaslar üzrə kadrların regionlarda cəmləşdirilməsidir. Yeni əməkhaqqı mexanizmində regionlarda kadr çatışmazlığı olan istiqamətlərə xüsusi yanaşmanın tətbiqi həkimlərin bölgələrdə işləməsinə marağı artıra bilər. Bu isə Bakı ilə regionlar arasında tibbi xidmətlərə çıxış imkanlarının daha da balanslaşdırılmasına xidmət edəcək.

Digər tərəfdən, əməkhaqqının artırılması gənclərin tibb təhsilinə marağının gücləndirilməsi baxımından da mühüm stimul yaradır. Gənc insan peşə seçimi zamanı həmin sahənin həm ictimai əhəmiyyətini, həm də gələcək karyera imkanlarını nəzərə alır. Tibb sahəsində əmək və peşəkarlığın daha yüksək qiymətləndirilməsi bu peşənin cəmiyyət qarşısındakı nüfuzunu daha da artırır və istedadlı gənclərin səhiyyə istiqamətinə yönəlməsinə müsbət təsir göstərə bilər.

Burada daha bir mühüm məqamı qeyd etmək istərdim. Səhiyyə sistemi üçün kadr hazırlamaq uzun illər tələb edən prosesdir. Həkimin yetişməsi, ixtisaslaşması və yüksək peşəkarlıq səviyyəsinə çatması böyük zaman və resurs tələb edir. Ona görə də ölkənin hazırladığı tibbi kadrların öz ölkəsində fəaliyyət göstərməsi və burada peşəkar gələcəyini görməsi strateji əhəmiyyət daşıyır. Əməkhaqlarının artırılması, xüsusilə ehtiyac duyulan ixtisaslar və regionlar üzrə yaradılan əlavə stimullar bu baxımdan kadrların ölkədə qalmasına və öz potensiallarını Azərbaycan səhiyyəsinin inkişafına yönəltməsinə şərait yarada bilər”.

A.Həsənova vurğulayıb ki, bu qərarın əhəmiyyətini həm də səhiyyə sistemində insan kapitalına qoyulan investisiya kimi qiymətləndirmək lazımdır: “Müasir səhiyyə yalnız yeni xəstəxanaların tikilməsi və tibbi avadanlıqların təmin edilməsi ilə inkişaf etmir. Ən müasir texnologiyanın arxasında onu idarə edən, düzgün qərar verən və pasiyentə keyfiyyətli xidmət göstərən peşəkar insan dayanır. Buna görə də tibb işçilərinin bilik və bacarıqlarının inkişafı ilə yanaşı, onların əməyinin layiqli şəkildə qiymətləndirilməsi səhiyyə siyasətinin əsas istiqamətlərindən biri olmalıdır.

Yeni əməkhaqqı mexanizminin fəaliyyət və keyfiyyət göstəricilərini də nəzərə alması isə səhiyyədə nəticəyönümlü yanaşmanın gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu yanaşma həm tibb işçisinin məsuliyyətini artırmağa, həm də pasiyent məmnuniyyətinin yüksəldilməsinə əlavə stimul yarada bilər.

Ümumilikdə, 72 mindən çox tibb işçisini əhatə edən bu islahat səhiyyə sisteminin müxtəlif pillələrində çalışan insanların sosial müdafiəsinin gücləndirilməsi ilə yanaşı, tibbi xidmətlərin keyfiyyətinin artırılması, kadr çatışmazlığının azaldılması, regionlarda mütəxəssislərin fəaliyyətinin stimullaşdırılması və gələcəkdə tibb sahəsinə yeni kadrların cəlb olunması baxımından mühüm addımdır.

Bu təşəbbüs səhiyyəyə yalnız bu günün ehtiyacları prizmasından deyil, uzunmüddətli perspektivdən yanaşmanın göstəricisidir. Güclü səhiyyə sistemi üçün güclü və motivasiyalı tibb işçiləri lazımdır. Tibb işçisinə göstərilən diqqət isə nəticə etibarilə vətəndaşın sağlamlığına və cəmiyyətin rifahına yönəlmiş diqqətdir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti