Minatəmizləmə həm də insanların geri qayıtması üçün şərait yaradır - Mariyana Kyundziç

Cəmiyyət Materials 3 Sentyabr 2026 10:39 (UTC +04:00)
Minatəmizləmə həm də insanların geri qayıtması üçün şərait yaradır - Mariyana Kyundziç
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləmə fəaliyyəti insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması üçün zəruri şərait yaradır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kyundziç “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında çıxışı zamanı deyib.

Kyundzic bildirib ki, minatəmizləmə fəaliyyəti yalnız çirklənmiş ərazilərin minalardan təmizlənməsindən ibarət deyil.

"Bu fəaliyyət insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması, icmaların normal həyat tərzinə, sabitliyə və ümidə qovuşması üçün zəruri şəraitin yaradılması deməkdir", - Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vurğulayıb.

O qeyd edib ki, heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır.

“Bu baxımdan, bu gün keçirilən müzakirələr xüsusi əhəmiyyət daşıyır. Bu müzakirələr bizə minatəmizləmə fəaliyyətinin şəhərlərin bərpasına necə daha səmərəli dəstək verə biləcəyi, standartların necə təkmilləşdirilə biləcəyi və tərəfdaşlıqların yerlərdə daha effektiv nəticələrin əldə olunmasına necə töhfə verə biləcəyi barədə təcrübə mübadiləsi aparmağa imkan verir.

Çünki son nəticədə məqsəd yalnız əraziləri minalardan təmizləmək deyil. Məqsəd təhlükəsizliyi bərpa etməkdir. Yalnız riskləri aradan qaldırmaq deyil. İnsanların geri qayıtmasına imkan yaratmaqdır. Yalnız əraziləri istifadəyə açmaq deyil. İcmaları yenidən qurmaqdır”,- deyə o bildirib.

Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.

Konfransın işinə bu gün yekun vurulacaq. Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti