Bakı. Trend:
Azərbaycan Cənubi Qafqazda dayanıqlı iqtisadi inkişafın və özəl sektorun böyüməsinin təmin edilməsində mühüm rol oynayır.
Bu barədə Avropa İnvestisiya Bankının nümayəndəsi Trend-ə açıqlamasında bildirib.
“Son geosiyasi hadisələr, ehtimal ki, region daxilində iqtisadi və siyasi əlaqələrin inkişafına ciddi təkan verəcək. Ticarət dövriyyəsinin və transsərhəd investisiyaların artması maliyyələşdirməyə və maliyyə xidmətlərinə tələbatı yüksəldərək regional bank sektorunun böyüməsinə və gələcək inkişafına dəstək olacaq. Bundan əlavə, iqtisadi inteqrasiyanın dərinləşməsi region bankları üçün təcrübə mübadiləsi aparmaq və bir-birinin qabaqcıl təcrübələrini tətbiq etmək imkanları yaradacaq.
Azərbaycan Cənubi Qafqazda dayanıqlı iqtisadi inkişafın və özəl sektorun böyüməsinin təmin edilməsində mühüm rol oynayır. AİB-in prioriteti yerli maliyyə institutları ilə əməkdaşlıq edərək bu inkişafı dəstəkləmək və xüsusilə iqtisadiyyatın əsasını təşkil edən mikro, kiçik və orta müəssisələrin (MKOM) uzunmüddətli maliyyələşdirməyə çıxışını genişləndirməkdir”, – bankın nümayəndəsi bildirib.
O qeyd edib ki, AİB-in Bank Respublika ilə əməkdaşlığı buna yaxşı nümunədir. Bu əməkdaşlıq çərçivəsində bank Azərbaycan MKOM-larının münasib şərtlərlə uzunmüddətli kreditlərə çıxışını genişləndirmək üçün 12 milyon avro vəsait əldə edir: “Bu dəstək müəssisələrə investisiya yatırmağa, inkişaf etməyə və yeni iş yerləri yaratmağa imkan verir, eyni zamanda ölkə iqtisadiyyatının şaxələndirilməsinə töhfə verir. Qeyd etmək lazımdır ki, AİB tərəfindən ayrılan 12 milyon avronun 2 milyon avrosu bu ilin əvvəlində Bank Respublikanın Azərbaycan Mərkəzi Bankının tətbiq etdiyi milli valyutada yeni valyuta risklərinin bölüşdürülməsi mexanizmindən daha fəal istifadə etməsinə imkan yaratmaq üçün təqdim olunub. Bu, banka milli valyutada kreditləşməni genişləndirməyə, həm bankın, həm də müştərilərinin valyuta risklərini azaltmağa, eləcə də MKOM-lar üçün maliyyələşdirməni daha sabit və əlçatan etməyə kömək edəcək”.
AİB nümayəndəsi digər nümunə kimi bankın AccessBank Azerbaijan ilə uzunmüddətli tərəfdaşlığını göstərib: “2015-ci ildə baş vermiş bank böhranına cavab olaraq AİB AccessBank-ın restrukturizasiyası və kapitallaşdırılmasında mühüm rol oynayıb. Banka MKOM-ların maliyyələşdirilməsi üçün 25 milyon avro kredit ayırdıqdan sonra AİB bank böhranın nəticələri ilə üzləşdikdə də ona dəstəyini davam etdirmək qərarına gəlib. Kreditin əhəmiyyətli hissəsini uzunmüddətli kapitala çevirən AİB bankın səhmdarına çevrilib. Bu, AccessBank-ın kapital mövqeyini gücləndirib, fəaliyyətinin davam etdirilməsini təmin edib və banka bu günədək mikro, kiçik və orta müəssisələrə maliyyə dəstəyi göstərərək məşğulluğu qorumağa və özəl sektorun dayanıqlığını artırmağa imkan verib”.
Onun sözlərinə görə, son onillik ərzində Azərbaycanın bank sektoru əhəmiyyətli dərəcədə inkişaf edib: “Güclü kapital bazası, aktivlərin keyfiyyətinin yaxşılaşması, likvidlik buferlərinin möhkəmləndirilməsi və maliyyələşdirmə strukturunun daha çox şaxələndirilməsi sayəsində sektor əvvəlki illərlə müqayisədə xeyli dayanıqlı vəziyyətə gəlib. Likvidliyin adekvatlığına dair tələblərin, xüsusilə likvidlik örtüyü əmsalının (LCR), eləcə də xalis sabit maliyyələşdirmə əmsalı (NSFR) vasitəsilə maliyyələşdirmənin keyfiyyətinə dair standartların tətbiqi, xüsusən sistemdə depozitlərin yüksək konsentrasiyasını nəzərə alaraq, sektorun dayanıqlığını daha da gücləndirəcək”.
O bildirib ki, maliyyə sektorunda dollarlaşma səviyyəsinin davamlı şəkildə azalması, əhalinin depozitlərinin sabit artımı ilə yanaşı, bank sektorunun maliyyə vasitəçiliyi imkanlarını və sistemli risklərə qarşı dayanıqlılığını daha da artıracaq.
“AİB dayanıqlı uzunmüddətli iqtisadi artıma şərait yaradan
müasir, inklüziv və dayanıqlı maliyyə sisteminin inkişaf
etdirilməsi məqsədilə Azərbaycan və onun maliyyə tərəfdaşları ilə
əməkdaşlığa sadiq qalır”, – bankın nümayəndəsi bildirib.
