Bakı. Trend:
Mina təhlükəsinin aradan qaldırılması azad edilmiş ərazilərin bərpasının və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının əsas şərtlərindən biridir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
O bildirib ki, Bakıda keçirilən “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı Azərbaycanın üzləşdiyi mina probleminin miqyasının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
“Humanitar minatəmizləməyə yalnız texniki və ya təhlükəsizlik tədbiri kimi yanaşmaq doğru olmazdı. Bu proses şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, iqtisadi fəaliyyətin canlandırılması və insanların öz doğma torpaqlarına təhlükəsiz qayıtması ilə birbaşa bağlıdır. Ərazi təhlükəsiz deyilsə, orada dayanıqlı yaşayışın və iqtisadi fəaliyyətin qurulması da mümkün deyil. Bu baxımdan minatəmizləmə Azərbaycanın postmünaqişə bərpasının təməl şərtlərindən biridir”, – deyə politoloq bildirib.
Azər Qarayev diqqətə çatdırıb ki, konfransın açılışında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciətində minatəmizləmənin təhlükəsiz yaşayış məntəqələrinin yaradılması, bərpa işlərinin aparılması və insanların doğma torpaqlarına qayıtması üçün əsas şərt olduğu vurğulanıb.
“Prezident İlham Əliyevin Hikmət Hacıyev tərəfindən səsləndirilən müraciətində çox mühüm bir məqam önə çəkilir: mina təhlükəsi aradan qaldırılmadan ərazilərin tam bərpasından danışmaq mümkün deyil. Dövlət başçısının vurğuladığı yanaşmanın mahiyyəti ondan ibarətdir ki, torpaqlar mina və müharibənin partlayıcı qalıqlarından təmizlənmədikcə şəhər, kənd və qəsəbələrin tam şəkildə yenidən qurulması, məktəb və xəstəxanaların təhlükəsiz fəaliyyəti, insanların öz yurdlarına ləyaqətlə qayıtması və davamlı iqtisadi fəaliyyətin təmin edilməsi mümkün deyil. Bu, minatəmizləmənin Azərbaycanın postmünaqişə gündəliyində niyə strateji əhəmiyyət daşıdığını aydın şəkildə göstərir,” deyə o, qeyd eidb.
Politoloq bildirib ki, Prezident İlham Əliyevin müraciətində təqdim olunan rəqəmlər Azərbaycanın qarşılaşdığı mina probleminin miqyasını daha aydın təsəvvür etməyə imkan verir.
“Dövlət başçısının müraciətində açıqlanan ilkin hesablamalara əsasən, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb. Bu, kifayət qədər böyük ərazidən söhbət getdiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərinin miqyasını nəzərə alsaq, mina təhlükəsinin aradan qaldırılmasının nə qədər böyük resurs, zaman və texnoloji imkan tələb etdiyini görmək mümkündür”, – Azər Qarayev deyib.
Ekspert qeyd edib ki, mina probleminin ən ağır tərəfi onun insan həyatı üçün yaratdığı davamlı təhlükədir.
“Prezident İlham Əliyevin müraciətində təqdim edilən statistikaya əsasən, 2020-ci ildən indiyədək 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub. Onlardan 73 nəfər həyatını itirib, 364 nəfər isə ağır yaralanıb. Ermənistanın Azərbaycana qarşı təcavüzünün başlanmasından indiyədək isə 3 500-dən çox vətəndaşımızın minalardan zərər çəkdiyi bildirilir. Burada diqqət çəkən əsas məqam ondan ibarətdir ki, müharibə başa çatsa da, onun insanların həyatı üçün yaratdığı təhlükə mina şəklində davam edir. Bu mənada minalar münaqişənin ən ağır və uzunmüddətli humanitar nəticələrindən biridir”, – politoloq vurğulayıb.
Azər Qarayevin sözlərinə görə, Ermənistan tərəfindən təqdim edilmiş minalanmış sahələrin xəritələrinin qeyri-dəqiq və natamam olması problemin həllini daha da mürəkkəbləşdirir.
O bildirib ki, Prezidentin müraciətində minaların və mina tələlərinin yalnız keçmiş hərbi mövqelərdə deyil, yollar boyunca, yaşayış sahələrinin yaxınlığında, qəbiristanlıqlarda, kənd təsərrüfatı torpaqlarında, meşələrdə, çay sahillərində və digər mülki ərazilərdə aşkarlandığına da xüsusi diqqət yetirilir.
“Bu fakt problemin sırf hərbi deyil, açıq şəkildə humanitar xarakter daşıdığını göstərir. Söhbət insanların gündəlik həyatına, sərbəst hərəkətinə, kənd təsərrüfatı ilə məşğul olmasına, öz evinə qayıtmasına və normal yaşayış qurmasına mane olan təhlükədən gedir. Xüsusilə mülki təyinatlı ərazilərdə mina və mina tələlərinin mövcudluğu postmünaqişə dövründə insanların təhlükəsizliyinin təmin olunmasını xeyli çətinləşdirir”, – ekspert bildirib.
Politoloq hesab edir ki, Azərbaycanın bu mürəkkəb şəraitdə öz imkanları hesabına həyata keçirdiyi minatəmizləmə işlərinin miqyası da ayrıca qiymətləndirilməlidir: “Prezident İlham Əliyevin müraciətində təqdim olunan məlumatlara görə, bu günədək 298 min hektardan çox ərazi təmizlənib, 260 min 147 mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Bunlar kifayət qədər böyük göstəricilərdir və Azərbaycanın minatəmizləmə prosesinə necə böyük resurs səfərbər etdiyini nümayiş etdirir. Eyni zamanda, mina ilə çirklənmənin ümumi miqyası göstərir ki, qarşıda hələ böyük həcmdə iş dayanır”.
Azər Qarayev bildirib ki, minatəmizləmə prosesinin sürəti birbaşa Böyük Qayıdışın və azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin tempinə təsir göstərir: “Bu gün Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, yollar, tunellər, hava limanları, enerji infrastrukturu, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri yaradılır. İnsanlar mərhələli şəkildə öz doğma yurdlarına qayıdırlar. Ancaq bütün bu proseslərin başlanğıc nöqtəsində təhlükəsiz torpaq dayanır. Minadan təmizlənməmiş ərazidə nə yaşayış məntəqəsi salmaq, nə infrastruktur qurmaq, nə də insanları təhlükəsiz şəkildə geri qaytarmaq mümkündür”.
Politoloq əlavə edib ki, Prezident İlham Əliyevin müraciətində minatəmizləmənin daha geniş milli prioritetlərlə əlaqələndirilməsi də mühüm mesajdır: “Burada minatəmizləmə ayrıca proses kimi deyil, yenidənqurma, təhlükəsiz qayıdış, kənd təsərrüfatının dirçəldilməsi, infrastrukturun inkişafı, ətraf mühitin qorunması, sosial reinteqrasiya və iqtisadi bərpa ilə vahid sistemin tərkib hissəsi kimi təqdim olunur. Bu yanaşma Azərbaycanın postmünaqişə bərpası modelinin əsas xüsusiyyətlərindən biridir. Ərazi əvvəlcə təhlükəsizləşdirilir, daha sonra infrastruktur yaradılır, iqtisadi imkanlar formalaşdırılır və insanların daimi yaşayışı təmin olunur”.
Azər Qarayevin fikrincə, Azərbaycanın üzləşdiyi problemin miqyası beynəlxalq ictimaiyyətin daha fəal və praktik iştirakını da zəruri edir: “Azərbaycan böyük maliyyə, texniki və insan resursları səfərbər edərək minatəmizləmə işlərini davam etdirir. Lakin belə genişmiqyaslı mina çirklənməsi beynəlxalq əməkdaşlığı da tələb edir. Burada söhbət yalnız maliyyə yardımından getmir. Müasir minatəmizləmə texnologiyalarının tətbiqi, xüsusi avadanlıqların təmin edilməsi, texnologiya və təcrübə transferi, mütəxəssislərin hazırlanması və uzunmüddətli tərəfdaşlıq mexanizmlərinin yaradılması prosesin sürətləndirilməsinə ciddi töhfə verə bilər”.
Politoloq vurğulayıb ki, Bakıda beynəlxalq minatəmizləmə konfranslarının keçirilməsi Azərbaycanın mina problemini yalnız milli məsələ kimi deyil, qlobal humanitar və təhlükəsizlik çağırışı kimi beynəlxalq gündəmə çıxardığını göstərir.
Onnun sözlərinə görə, Azərbaycanın mesajı ondan ibarətdir ki, münaqişənin siyasi və hərbi baxımdan başa çatması onun humanitar nəticələrinin də avtomatik aradan qalxması demək deyil: “Torpaqda mina qaldığı müddətdə müharibənin təhlükəsi də müəyyən formada davam edir. Buna görə postmünaqişə dövründə beynəlxalq ictimaiyyətin diqqəti yalnız siyasi proseslərə deyil, insanların real təhlükəsizliyinin təmin edilməsinə də yönəlməlidir”.
Azər Qarayev hesab edir ki, Azərbaycanın minatəmizləmə, bərpa və Böyük Qayıdış proseslərini paralel şəkildə həyata keçirməsi gələcəkdə oxşar problemlərlə üzləşən digər ölkələr üçün də praktik təcrübə ola bilər: “Prezident İlham Əliyevin müraciətində də Azərbaycanın əldə etdiyi təcrübəni münaqişənin oxşar fəsadları ilə üzləşən ölkə və regionlarla bölüşməyə hazır olduğu bildirilir. Azərbaycanın yanaşmasının əsas xüsusiyyəti minatəmizləmə, şəhərsalma, infrastruktur, sosial xidmətlər, iqtisadi fəaliyyət və insanların geri qayıdışının vahid proses kimi idarə edilməsidir. Bu, postmünaqişə bərpasına kompleks yanaşmadır”.
Politoloqun fikrincə, bütün bunlar 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının əsas mesajının yalnız Azərbaycanın üzləşdiyi mina probleminin təqdim olunması ilə məhdudlaşmadığını göstərir.
“Əsas məsələ təhlükəsiz və dayanıqlı yaşayışın hansı şərtlər daxilində qurula biləcəyidir. Azərbaycan nümunəsi göstərir ki, bunun ilk şərti torpağın təhlükəsizliyidir. Mina təhlükəsi aradan qaldırıldıqca insanların geri qayıdışı sürətlənir, iqtisadi fəaliyyət genişlənir, infrastruktur layihələri həyata keçirilir və normal həyat bərpa olunur. Bu baxımdan minatəmizləmə sadəcə torpağın partlayıcı sursatlardan təmizlənməsi deyil. Bu, Böyük Qayıdışın, iqtisadi dirçəlişin və azad edilmiş ərazilərdə təhlükəsiz, dayanıqlı gələcəyin qurulmasının təməlidir”, – deyə politoloq Azər Qarayev fikrini yekunlaşdırıb.
