Bakı. Trend:
Bu ilin avqustun 1-nə Azərbaycanda bankların kredit portfelinin strukturunda biznes kreditlәri 54% (17,333 milyard manat) paya malik olub.
Trend-in Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatı əsasında hesablamalarına görə, bu, bir ay əvvəlki göstərici ilə müqayisədə 154 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 2,277 milyard manat və yaxud 15,1% çoxdur.
Hesabat dövründə biznes kreditlərinin strukturunda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 9,269 milyard manat təşkil edib ki, bu da bir ay əvvəlki göstəriciyə nisbətən 82 milyon manat və ya 0,9%, ötən ilin eyni dövrünə nisbətən isə 1,048 milyard manat və ya 12,7% artım deməkdir.
Eyni zamanda bu ilin avqustun 1-nə ölkədə orta sahibkarlıq subyektlərinə 2,364 milyard manat kredit verilib. Bu, bir ay əvvələ nisbətən 2,2 milyon manat və ya 0,09%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 346,6 milyon manat və ya 17,2% çoxdur.
Həmçinin 2026-cı ilin avqustun 1-nə Azərbaycanda kiçik sahibkarlıq subyektlərinə ayrılmış biznes kreditlərinin həcmi 1,830 milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 65,6 milyon manat və ya 3,7%, illik müqayisədə isə 300,9 milyon manat və ya 19,7% artım deməkdir.
Bundan başqa, bu ilin avqustun 1-nə ölkədə mikro sahibkarlıq subyektlərinə 3,870 milyard manat biznes kreditləri verilib. Bu isə əvvəlki ayla müqayisədə 4,5 milyon manat və ya 0,1%, illik müqayisədə isə 582,4 milyon manat və yaxud da 17,7% çoxdur.
Qeyd edək ki, 2026-cı ilin avqustun 1-nə Azərbaycanda bankların kredit portfeli 32,095 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 54% (17,333 milyard manat), istehlak kreditlәri 31,3% (10,037 milyard manat) vә ipoteka kreditlәri 14,7% (4,725 milyard manat) təşkil edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov da iyulun 31-də faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransda bank sektorunda kreditləşmənin genişlənməsi üçün kifayət qədər maliyyə imkanlarının olduğunu bildirib.
Onun sözlərinə görə, hazırda bank sektorunda məcburi ehtiyatlar nəzərə alınmadan 6 milyard manat həcmində izafi likvidlik mövcuddur.
"Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4,6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər", – deyə Taleh Kazımov bildirib.
AMB sədrinin açıqlaması göstərir ki, bank sistemində mövcud olan sərbəst likvidlik biznes, istehlak və ipoteka kreditlərinin daha da genişləndirilməsi üçün əlavə imkan yaradır. Bu isə kredit portfelində biznes kreditlərinin üstün mövqeyini qoruması fonunda iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinin gələcəkdə də artacağına işarə edir.
