Bakı. Trend:
Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransı yekunlaşıb.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, tədbirin ikinci günündə çıxış edən Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov qeyd edib ki, builki konfrans təhlükəsiz məskunlaşma və bərpa üçün humanitar minatəmizləmə mövzusuna diqqət yetirir.
“Builki konfrans təhlükəsiz məskunlaşma və bərpa üçün humanitar minatəmizləmə mövzusuna diqqət yetirir. Lakin mən öz çıxışımda bu mövzuya bir qədər fərqli rakursdan — mina təmizləmə fəaliyyətinin sülhün bərqərar olunmasının bir hissəsi kimi oynadığı roldan yanaşmaq istərdim.
Buradakı əsas mesaj çox sadədir: müharibənin fiziki fəsadları insanların həyatına təhlükə yaratmağa, hərəkətliliyi məhdudlaşdırmağa, iqtisadi fəallığı, keçmiş məcburi köçkünlərin qayıdışını ləngitməyə davam etdikcə, sülhü tam bərqərar olunmuş hesab etmək olmaz. Sülh yalnız siyasi sazişlərlə yaradılmır. Sülh yerində, real həyatda görünən olmalıdır. Lakin Azərbaycanda sülhü görünən etmək üçün ən böyük maneələrdən biri yerin altındadır. 2020-ci ilin sonundan bəri Azərbaycanda 437 nəfər minaların qurbanı olub — həlak olub və ya yaralanıb”,- deyə E.Əmirbəyov bildirib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Mariyana Kyundziç minatəmizləmə fəaliyyətinin insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması üçün zəruri şərait yaratdığını vurğulayıb.
Kyundzic bildirib ki, minatəmizləmə fəaliyyəti yalnız çirklənmiş ərazilərin minalardan təmizlənməsindən ibarət deyil.
"Bu fəaliyyət insanların geri qayıtması, evlərin və ictimai infrastrukturun yenidən qurulması, icmaların normal həyat tərzinə, sabitliyə və ümidə qovuşması üçün zəruri şəraitin yaradılması deməkdir", - Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri vurğulayıb.
O qeyd edib ki, heç kim üzərində addımladığı torpaqda qorxu içində yaşamamalıdır.
“Bu baxımdan, bu gün keçirilən müzakirələr xüsusi əhəmiyyət daşıyır. Bu müzakirələr bizə minatəmizləmə fəaliyyətinin şəhərlərin bərpasına necə daha səmərəli dəstək verə biləcəyi, standartların necə təkmilləşdirilə biləcəyi və tərəfdaşlıqların yerlərdə daha effektiv nəticələrin əldə olunmasına necə töhfə verə biləcəyi barədə təcrübə mübadiləsi aparmağa imkan verir.
Çünki son nəticədə məqsəd yalnız əraziləri minalardan təmizləmək deyil. Məqsəd təhlükəsizliyi bərpa etməkdir. Yalnız riskləri aradan qaldırmaq deyil. İnsanların geri qayıtmasına imkan yaratmaqdır. Yalnız əraziləri istifadəyə açmaq deyil. İcmaları yenidən qurmaqdır”, - deyə o bildirib.
Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov isə öz növbəsində qeyd edib ki, humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir.
“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini irəlilətmək üçün Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. Nəqliyyat infrastrukturu inkişaf etdirilib və sakinlərin öz ata-baba torpaqlarına qayıdışı artıq reallığa çevrilib. Azərbaycan üçün minalardan təmizləmə özlüyündə son məqsəd deyil.
Yekun məqsəd minalardan təmizlənmiş torpaqları təhlükəsiz şəkildə səmərəli iqtisadi dövriyyəyə qaytarmaq, insanların yaşaması, biznesin fəaliyyət göstərməsi və investisiyaların dayanıqlı iqtisadi dəyər yaratması üçün şərait formalaşdırmaqdır”, - deyə o əlavə edib.
Konfransın ikinci günündə “Mina ilə çirklənmiş şəhərlərin bərpasına siyasətin inteqrasiyası” , "Daha təhlükəsiz və səmərəli humanitar minatəmizləmə üçün texnologiya və innovasiyalar", "Ölkə nümunələrinin təqdimatı: Humanitar minatəmizləmə fəaliyyətində milli təcrübələr və çıxarılan dərslər" adlı panel müzakirələri keçirilib.
Konfransın sonunda bəyanat qəbul edilib.
Qeyd edək ki, konfrans Azərbaycanın mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina təhlükəsinin aradan qaldırılmasının təhlükəsiz və dayanıqlı bərpa prosesində rolu, innovativ yanaşma və qabaqcıl təcrübə mübadiləsi, həmçinin mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq səylərin səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.
Bakının ev sahibliyi etdiyi 4-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 60 ölkədən 400-dən çox nümayəndə iştirak edir. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT Agentliklərinin nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunur.
