Minatəmizləmə uzunmüddətli iqtisadi artım üçün şərait yaradır - Anar Axundov

İqtisadiyyat Materials 3 Sentyabr 2026 11:13 (UTC +04:00)
Minatəmizləmə uzunmüddətli iqtisadi artım üçün şərait yaradır - Anar Axundov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Minatəmizləmə infrastruktur investisiyaları və uzunmüddətli iqtisadi artım üçün şərait yaradır.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən “Mina ilə çirklənmiş şəhərlərin bərpasına siyasətin inteqrasiyası” panel müzakirəsi zamanı deyib.

O qeyd edib ki, humanitar minatəmizləmə fəaliyyəti Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir.

“Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini irəlilətmək üçün Birləşmiş Millətlər Təşkilatı ilə sıx əməkdaşlıq edir. Nəqliyyat infrastrukturu inkişaf etdirilib və sakinlərin öz ata-baba torpaqlarına qayıdışı artıq reallığa çevrilib. Azərbaycan üçün minalardan təmizləmə özlüyündə son məqsəd deyil.

Yekun məqsəd minalardan təmizlənmiş torpaqları təhlükəsiz şəkildə səmərəli iqtisadi dövriyyəyə qaytarmaq, insanların yaşaması, biznesin fəaliyyət göstərməsi və investisiyaların dayanıqlı iqtisadi dəyər yaratması üçün şərait formalaşdırmaqdır”,- deyə o əlavə edib.

Qeyd edək ki, sentyabrın 2-də Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və BMT-nin Azərbaycandakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransı işə başlayıb.

Tədbirdə “Şəhərlərin bərpasının təməlində mina fəaliyyəti”, “Azərbaycanda təhlükəsiz mina fəaliyyətinin dəstəklənməsi üçün beynəlxalq əməkdaşlıq və donor mexanizmləri”, “Dayanıqlı icmalar üçün humanitar minatəmizləmə” mövzusunda panel müzakirələr keçirilir.

Konfransın işinə bu gün yekun vurulacaq. Yekunda konfransın bəyanatının qəbul edilməsi nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti