Bakı. Trend:
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının Prezidenti Pere Xuan Pons Sampietronun diqqətinə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər və sülh gündəliyinin irəli aparılması ilə bağlı Azərbaycanın mövqeyini çatdırıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd
olunub.
Görüşdə Azərbaycan ilə ATƏT Parlament Assambleyası arasında
əməkdaşlıq gündəliyində duran məsələlər, ATƏT məkanında mövcud
təhlükəsizlik çağırışları, regionda vəziyyət, habelə
Azərbaycan-Ermənistan sülh gündəliyi müzakirə olunub.
Nazir Ceyhun Bayramov Azərbaycanın ATƏT Parlament Assambleyası ilə
əməkdaşlığa əhəmiyyət verdiyini, parlamentlərarası dialoqun ATƏT
məkanında qarşılıqlı anlaşmanın, etimadın və əməkdaşlığın
təşviqində mühüm rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycan
Milli Məclisinin ATƏT PA çərçivəsində fəaliyyəti, qarşılıqlı
səfərlər və müxtəlif səviyyələrdə keçirilən görüşlərin əlaqələrin
inkişafına verdiyi töhfə vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın regionda sülhün və sabitliyin
təmin olunması istiqamətində həyata keçirdiyi tədbirlər barədə
qarşı tərəfə məlumat verib. Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması istiqamətində əldə olunmuş irəliləyişlər və sülh
gündəliyinin irəli aparılması ilə bağlı Azərbaycanın mövqeyi
diqqətə çatdırılıb.
Digər məsələlərlə yanaşı, postmünaqişə dövründə bölgədə mövcud olan
humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov mina təhdidinin
hələ də Azərbaycan üçün ciddi təhlükə olaraq qaldığını bildirib.
Mina partlayışlarının insan həyatı üçün yaratdığı təhlükə ilə
yanaşı, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma
işlərinə, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və
regional inkişaf prosesinə mane olduğu qeyd edilib.
Nazir, həmçinin itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin
müəyyənləşdirilməsinin mühüm humanitar məsələ olduğunu
vurğulayıb.
Görüşdə Azərbaycanın regional və daha geniş beynəlxalq enerji
təhlükəsizliyinə töhfəsi barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropanın enerji
təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, enerji
mənbələrinin və marşrutlarının şaxələndirilməsi istiqamətində
həyata keçirilən layihələr, habelə yaşıl enerji sahəsində
təşəbbüslər barədə məlumat verilib.
Azərbaycanın nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkə
kimi regional bağlantıların inkişafına verdiyi töhfə qeyd olunub.
Orta Dəhlizin inkişafı, Xəzər üzərindən Avropa ilə Mərkəzi Asiyanı
birləşdirən nəqliyyat və logistika imkanlarının genişləndirilməsi,
eləcə də regional kommunikasiyaların açılmasının sülh, sabitlik və
iqtisadi inkişaf baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin Azərbaycanın Orta Asiya ölkələri ilə strateji
tərəfdaşlığının inkişaf edən dinamikasına da toxunulub. C5
formatının C6 formatına transformasiyasının əməkdaşlıq üçün yeni
imkanlar yaratdığı qeyd edilib.
Görüşdə, həmçinin ATƏT məkanında mövcud çağırışlar və qarşılıqlı
maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
