Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb

Cəmiyyət Materials 3 Sentyabr 2026 14:13 (UTC +04:00)
Valideyn-dövlət-özəl əməkdaşlığı əsasında seçilən özəl bağçaların siyahısı açıqlanıb
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinin qalibi olan özəl məktəbəqədər təhsil müəssisələrinin siyahısı açıqlanıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Belə ki, müsabiqənin nəticələrə əsasən, 124 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.

Seçilmiş məktəbəqədər təhsil müəssisələrinin adları, ünvanları, qəbul planı, dövlət dəstəyinin aylıq məbləği və valideynin üzərinə düşən aylıq ödəniş məbləği barədə ətraflı məlumatla keçid vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edilib ki, növbəti mərhələdə müsabiqənin nəticələrinə uyğun olaraq, dövlət dəstəyi ilə özəl məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün əlçatan imkanların genişləndirilməsi və qəbul prosesinin təşkili təmin ediləcək. Eyni zamanda maliyyələşmə müqavilələri çərçivəsində həmin müəssisələrin fəaliyyətinin monitorinqi həyata keçiriləcək.

Məlumata görə, müsabiqənin əsas məqsədi 2026-2027-ci tədris ilində həm paytaxtda, həm də regionlarda məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, valideynlər üçün əlavə seçim imkanlarının yaradılması və dövlət-özəl əməkdaşlığının inkişaf etdirilməsidir.

Xatırladaq ki, Prezident İlham Əliyev 2026-cı il iyunun 19-da "Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modelinin tətbiq edilməsi haqqında" Fərman imzalayıb.

Fərman məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modelləri əsasında əhatəliliyin artırılması məqsədilə imzalanıb.

Sənədə əsasən, məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə modeli üzrə dövlət dəstəyinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsait hesabına təmin edilir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu iyulun 20-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, Azərbaycanda məktəbəqədər təhsildə valideyn–dövlət–özəl tərəfdaşlığına əsaslanan yeni maliyyələşmə modelinin tətbiqi ilə dövlət özəl uşaq bağçalarında təhsil haqqının 70 faizədək hissəsini qarşılayacaq. Bakı şəhərində dövlət dəstəyinin məbləği aylıq 350 manatı, regionlarda isə 250 manatı keçməyəcək.

Onun sözlərinə görə, valideynlər elektron sistem üzərindən qalib bağçalardan birini seçərək övladlarını qeydiyyatdan keçirəcək və müəssisə ilə müqavilə bağlayacaqlar.

Açıqlamaya əsasən, dövlət dəstəyi 10 aylıq müddət üçün nəzərdə tutulub. Müddət başa çatdıqdan sonra növbəti tədris ili üçün yenidən müraciət etmək mümkün olacaq.

Direktor müavini qeyd etmişdi ki, son tədris ilində 86 mindən çox beş yaşlı uşaq məktəbə hazırlıq qruplarında, 24 mindən çox 3–4 yaşlı uşaq isə icma əsaslı məktəbəqədər təhsil qruplarında təhsilə cəlb olunub. Bundan əlavə, 2025–2026-cı tədris ilində qrant mexanizmi çərçivəsində 4 mindən çox uşaq valideyn–dövlət–özəl əməkdaşlığı modelindən faydalanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti