Bakı.Trend:
Nepalda baş verən güclü sel və torpaq sürüşmələri nəticəsində ən azı 22 min uşaq təmiz içməli su qıtlığından əziyyət çəkir. BMT-nin Uşaq Fondu (UNICEF) eyni zamanda yoluxucu xəstəliklərin yayılması təhlükəsi barədə həyəcan təbili çalaraq bildirib ki, onlar həmçinin təcili olaraq lazımi sanitariya və gigiyena şəraiti ilə təmin olunmalıdırlar.
Bu barədə UNICEF-in bəyanatında deyilir.
UNICEF qeyd edib ki, Bhote Koşi və Trişuli çayları hövzələrində qəfil daşqınların baş verməsindən bir həftədən çox vaxt keçməsinə baxmayaraq, ən azı 22 min uşaq təhlükəsiz içməli suya, eləcə də sanitariya və gigiyena xidmətlərinə ciddi ehtiyac duyur.
Su təchizatı sistemləri və sanitariya infrastrukturunun obyektləri zədələnib və ya dağılıb. Fəlakət bölgələrini tərk edən ailələr yerli sakinlərin evlərində və müvəqqəti yerləşdirmə məntəqələrində sıx şəraitdə yaşamağa məcbur olur ki, bu da yoluxucu və su vasitəsilə yayılan xəstəliklərin baş verməsi riskini artıran şərait yaradır.
UNICEF-in Nepaldakı nümayəndəsi Elis Akunqanın sözlərinə görə, əhalinin təhlükəsiz suya, sanitariya və gigiyena vasitələrinə çıxışının təmin edilməsi hazırda əsas prioritetlərdən biridir.
