Azərbaycan və Ermənistan cəmiyyətləri sülhü getdikcə daha aydın hiss edir - ATƏT PA prezidenti (ÖZƏL)

Siyasət Materials 3 Sentyabr 2026 20:29 (UTC +04:00)
Azərbaycan və Ermənistan cəmiyyətləri sülhü getdikcə daha aydın hiss edir - ATƏT PA prezidenti (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan cəmiyyətləri sülhü getdikcə daha aydın hiss edir.

Bu barədə bu gün Bakıya səfər edən ATƏT Parlament Assambleyasının (ATƏT PA) prezidenti Pere Joan Pons Sanpietro Trend-ə eksklüziv müsahibəsində bildirib.

Sanpietro qeyd edib ki, o, “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi üçün qabaqcıl təcrübə standartlarının müəyyənləşdirilməsi” mövzusunda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransına dəvət olunub.

“Bununla əlaqədar olaraq, ATƏT PA-nın Azərbaycanla qarşılıqlı əlaqələrinin gücləndirilməsinə yönəlmiş yüksəksəviyyəli ikitərəfli formatda Bakıya ilk səfərimi həyata keçirdim. Bu gün Prezident İlham Əliyevlə görüşdə biz, həmçinin Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesini, regional təhlükəsizliyi, eləcə də etimad və dialoqun gücləndirilməsi imkanlarını müzakirə etdik”, - deyə o bildirib.

ATƏT PA-nın prezidenti vurğulayıb ki, Vaşinqton sammitindən sonra nail olunmuş irəliləyiş əldən verilməməli olan bir imkan yaradıb.

“Sülh sazişinin mətninin paraflanması ATƏT PA-da geniş şəkildə tanınan mühüm nailiyyət oldu və mən onun imzalanması və tam ratifikasiyası istiqamətində atılacaq növbəti addımları səbirsizliklə gözləyirəm. Hazırda biz sülhün öz bəhrələrini verməyə başladığını görürük: Azərbaycan neft məhsullarını ixrac etməyə başlayıb, ticarət genişlənir, həmçinin otuz ildən artıq müddətdən sonra Ermənistan və Azərbaycan arasında ilk birbaşa ticarət baş tutub. Bu tədbirlər sülhün hər iki cəmiyyət üçün necə hissolunan olduğunu nümayiş etdirir və nəticə etibarilə dondurulmuş münaqişə ilə müqayisədə normallaşmış münasibətlərin üstünlüklərini göstərir”, - deyə Sanpietro əlavə edib.

Azərbaycanın minatəmizləmə fəaliyyətinə dəstək

ATƏT PA-nın prezidenti qeyd edib ki, minalar münaqişənin təcili və davamlı beynəlxalq diqqət tələb edən faciəvi və uzunmüddətli nəticəsidir.

“Azərbaycan ərazisinin minalar və müharibənin partlayıcı qalıqları ilə çirklənməsinin miqyası hələ də ciddi humanitar problem və inkişaf üçün maneə olaraq qalır. Bu həftə keçirilən ANAMA konfransı əyani şəkildə nümayiş etdirdi ki, minatəmizləmə yalnız texniki məsələ deyil: söhbət mülki əhalinin təhlükəsizliyindən, insanların geri qayıtmasından, bərpadan və dolanışıq vasitələrinin təmin edilməsindən gedir ki, bu da, şübhəsiz, iqtisadi inkişaf üçün önəmli əhəmiyyət daşıyır”, - deyə o bildirib.

Sanpietro hesab edir ki, beynəlxalq əməkdaşlıq prinsipial əhəmiyyət kəsb edir.

“Minatəmizləmə və bərpa işləri davam etdikcə Azərbaycan beynəlxalq təcrübədən, texnologiyalardan və donor dəstəyindən daha çox yararlanmaq imkanına malik olmalıdır. Bizim Assambleyamız bu məsələlərə beynəlxalq gündəlikdə diqqətin qorunması və ölkələrimiz arasında gələcək əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm platformadır”, - deyə o əlavə edib.

ATƏT PA ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının gələcək istiqamətləri

Sanpietro ATƏT PA ilə Azərbaycan, o cümlədən Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti arasında əməkdaşlığın gücləndirilməsinin, xüsusilə humanitar minatəmizləmə və digər aktual məsələlər üzrə əməkdaşlığın vacibliyini qeyd edib.

“Beynəlxalq institutlar fikir ayrılıqlarının dialoq yolu ilə həlli üçün mühüm platformalardır. Biz Azərbaycanın narahatlıqlarını dinləməyə və parlamentlərarası qarşılıqlı fəaliyyət imkanlarını araşdırmağa çalışırıq”, - deyə ATƏT PA-nın prezidenti əlavə edib.

O qeyd edib ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyəti həmişə kifayət qədər fəal olub və onun işində fəal iştirak edib.

“ATƏT PA Azərbaycanın və Avropa, eləcə də Şimali Amerika ölkələrindən olan parlamentarilərin birbaşa qarşılıqlı fəaliyyətini davam etdirdiyi azsaylı parlament platformalarından biri olaraq qalır. Bu baxımdan açıq dialoq üçün platforma təqdim etməyə davam etmək bizim üzərimizə məsuliyyət qoyur. Biz bu məsuliyyəti qəbul edirik. Dialoq və əməkdaşlığın gücləndirilməsinə yönəlmiş bütün konstruktiv təşəbbüsləri alqışlayırıq”, - deyə Sanpietro sözlərini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti