Bakı.Trend:
Azərbaycanda hər birinin gücü 200 MVt olan üç dənizdə külək enerjisi layihəsi həyata keçirilir.
Trend-in məlumatına görə, bunu "SOCAR Green" şirkətinin texnologiyalar və innovasiyalar departamentinin direktoru Elçin Tarquluyev “Azərbaycan: infrastrukturun inkişafı, elektromobillik və bərpa olunan enerji mənbələrindən enerji saxlama həlləri” mövzusunda keçirilən onlayn vebinar zamanı bildirib.
Onun sözlərinə görə, layihələrdən biri üzrə artıq külək potensialının qiymətləndirilməsinə başlanılıb, digər iki layihə üzrə isə bu işlərə yaxın vaxtlarda başlanılacaq. Həmin layihələr dənizdə külək enerjisinin daha geniş miqyasda inkişafı üçün pilot layihələrdir.
“2040-cı ilədək dənizdə külək enerjisi gücünün təxminən 6-7 QVt-a çatacağı proqnozlaşdırılır.
Azərbaycanda enerji saxlama sistemləri bazarı pilot mərhələsindədir. Hazırda ölkədə dövlət elektrik şəbəkəsinin operatoru tərəfindən hazırlanmış enerji saxlama sistemləri üzrə iki layihə həyata keçirilir. Yaxın illərdə bərpa olunan enerji mənbələrinin payı artdıqca, akkumulyator batareyaları əsasında enerji saxlama sistemlərinin sayının əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Azərbaycan Energetika Nazirliyi hazırda akkumulyator batareyaları əsasında enerji saxlama sistemləri üçün normativ-hüquqi bazanın formalaşdırılması istiqamətində çalışır. Hazırda bu cür sistemlər əsasən elektrik şəbəkələrinin operatorlarına məxsusdur. Son illərdə dünyada istifadəyə verilən akkumulyatorlu enerji saxlama sistemlərinin həcmi əhəmiyyətli dərəcədə artıb.
Əgər 2023-cü ildə 42 QVt gücündə belə sistem istifadəyə verilmişdisə, 2025-ci ildə bu göstərici ildə 180 QVt-a çatıb. 2030-cu ilədək enerji saxlama sistemlərinə qlobal tələbat 1500 QVt-ı ötəcək. Eyni zamanda, akkumulyator batareyaları əsasında enerji saxlama sistemlərinin qiyməti əhəmiyyətli dərəcədə azalıb və hazırda 2020-ci il səviyyəsinin təxminən üçdə birini təşkil edir.
Aşağı qiymət, modul şəkildə tətbiq imkanları və bərpa olunan enerjinin yüksək payı akkumulyatorlu enerji saxlama sistemlərinin sürətli artımına şərait yaradır”, – E.Tarquluyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanda elektrik enerjisi istehsalının əsas hissəsi istilik mənbələrinin payına düşür: “2025-ci ildə elektrik enerjisi istehsalının strukturunda istilik elektrik stansiyalarının payı 86,6 faiz təşkil edib, bərpa olunan enerji mənbələrinin payı isə təxminən 13 faiz olub”.
O qeyd edib ki, bərpa olunan enerji istehsalının böyük hissəsi hidroenergetikanın payına düşür, digər bərpa olunan enerji mənbələrinin payı isə təxminən 2,5 faiz təşkil edir.
“Yeni bərpa olunan enerji obyektləri istifadəyə verildikcə bu göstərici hər il artacaq. 2025-ci ildə Azərbaycanda bir iri günəş elektrik stansiyası fəaliyyət göstərirdi, iri külək elektrik stansiyaları isə yox idi. 2026-cı ilin yanvarında gücü 240 MVt olan külək elektrik stansiyası istifadəyə verildi. Mövcud planlara əsasən, 2030-cu ilədək bərpa olunan enerji gücünün 2,7 QVt-a çatdırılması nəzərdə tutulur”, – o bildirib.
E.Tarquluyev qeyd edib ki, enerji saxlama sistemlərindən elektrik şəbəkəsinin dəstəklənməsi, o cümlədən tezliyin tənzimlənməsi, güc ehtiyatının təmin edilməsi, gərginliyin dəstəklənməsi və tam elektrik kəsilməsindən sonra enerji sisteminin bərpası üçün istifadə oluna bilər.
“Bundan əlavə, saxlama sistemləri bərpa olunan mənbələrdən istehsal edilən elektrik enerjisinin daha yüksək tələbat olan dövrlərə ötürülməsi üçün istifadə oluna bilər. Hazırda günəş enerjisi istehsalının pik həddi günorta saatlarına təsadüf edir, tələbatın pik həddi isə daha çox axşam saatlarında müşahidə olunur. Enerji saxlama sistemi bu enerjinin daha yüksək tələbat dövrünə ötürülməsinə imkan verir”, – o deyib.
Onun sözlərinə görə, akkumulyator sistemləri bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalına qoyulan məhdudiyyətlərin azaldılmasına da kömək edə bilər: “İstehsalın məhdudlaşdırılması əvəzinə, artıq elektrik enerjisi saxlanıla və istehsalın daha aşağı olduğu dövrlərdə istifadə edilə bilər”.
E.Tarquluyev həmçinin Azərbaycanın gələcək “yaşıl” enerji ixrac dəhlizləri üçün enerji saxlama sistemlərinin əhəmiyyətini vurğulayıb.
“Bu enerji saxlama sistemləri ixrac dəhlizlərinin ən vacib tərkib hissəsi olacaq. Azərbaycanda enerji saxlama sistemlərinin inkişafının növbəti mərhələsində günəş və külək enerjisi istehsalını enerji saxlama sistemləri ilə birləşdirən hibrid elektrik stansiyalarının yaradılması nəzərdə tutulur.
Bərpa olunan enerjinin qeyri-sabitliyini minimuma endirmək üçün ən çevik iş rejimini və fasiləsiz enerji istehsalını təmin etmək məqsədilə günəş və külək enerjisi istehsalını enerji saxlama sistemləri ilə birləşdiririk”, – o bildirib.
E.Tarquluyev həmçinin bildirib ki, spot bazarları və açıq elektrik təchizatı bazar sistemləri olan ölkələrdə akkumulyator sistemləri güc təminatı xidmətləri və digər sistem xidmətləri də daxil olmaqla köməkçi xidmətlər göstərə bilər.
O qeyd edib ki, enerji saxlama sistemləri ixrac dəhlizlərinə ötürülməzdən əvvəl genişmiqyaslı bərpa olunan enerji istehsalını tənzimləyə, həmçinin “yaşıl” yanacaq, e-yanacaq və hidrogen istehsalı layihələri də daxil olmaqla iri istehlakçılar üçün çeviklik təmin edə bilər.
E.Tarquluyev Abşeron və Yaşma yarımstansiyalarında yerləşən akkumulyatorlu enerji saxlama sistemləri barədə də məlumat verib.
“Onların ümumi gücü 250 MVt, enerji saxlama tutumu isə 500 MVt/saat təşkil edir. Bu sistemlər iki saat ərzində enerji gücü təmin edə bilər”, – o deyib.
Onun sözlərinə görə, bu sistemlərin əsas funksiyaları elektrik şəbəkəsinin sabitliyinin təmin edilməsi, tezliyin tənzimlənməsi, bərpa olunan enerji istehsalının tənzimlənməsi, pik yüklərin idarə olunması və enerji sisteminin bərpasıdır.
E.Tarquluyev qeyd edib ki, yaxın illərdə enerji saxlama sistemlərinin tətbiqinin ən mühüm istiqamətlərindən biri “yaşıl” enerji dəhlizləri olacaq: “Enerji saxlama sistemlərindən istehsal mərkəzlərində enerji istehsalına qoyulan məhdudiyyətlərin azaldılması, qarşılıqlı əlaqə interfeyslərində istehsal və istehlak arasında koordinasiyanın təmin edilməsi, eləcə də ehtiyat gücün yaradılması üçün istifadə oluna bilər”.
O vurğulayıb ki, enerji saxlama xidmətlərinin investisiya baxımından cəlbedici layihələrə çevrilməsi üçün konkret xidmətlər, idarəetmə və dispetçer nəzarətinə cavabdeh qurumlar, eləcə də ödəniş mexanizmləri müəyyən edilməlidir.
Onun sözlərinə görə, potensial xidmətlərə gücün əlçatanlığının təmin edilməsi, köməkçi xidmətlər, enerji istehsalının hamarlanması və profilinin formalaşdırılması, habelə yüklənmələrin aradan qaldırılması və elektrik şəbəkəsinin bərpası daxildir.
