Bakıda “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində leykemiya ilə bağlı konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 3 Sentyabr 2026 16:00 (UTC +04:00)
Bakıda “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində leykemiya ilə bağlı konfrans keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

4 Sentyabr – Ümumdünya Leykemiya (Qan Xərçəngi) ilə Mübarizə Günü münasibətilə “EMEDIA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” layihəsi çərçivəsində maarifləndirici konfrans keçirilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, konfransın əsas məqsədi leykemiya ilə bağlı ictimai məlumatlılığın artırılması, erkən diaqnostika və vaxtında müalicənin əhəmiyyətinin diqqətə çatdırılması, xəstəliklə mübarizə aparan şəxslərə və onların ailələrinə mənəvi dəstəyin gücləndirilməsi, eləcə də bu istiqamətdə dövlət, səhiyyə, ictimaiyyət və medianın birgə fəaliyyətinin təşviqidir.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, həkim və səhiyyə mütəxəssisləri, qeyri-hökumət təşkilatlarının və medianın təmsilçiləri, leykemiya ilə mübarizə aparan uşaqların valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Konfransda “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev, “Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) nümayəndələri və digər şəxslər çıxış ediblər.

“EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev bildirib ki, layihənin əsas məqsədlərindən biri cəmiyyətdə leykemiya ilə bağlı maarifləndirməni gücləndirmək və erkən diaqnostikanın əhəmiyyətini diqqətə çatdırmaqdır.

Onun sözlərinə görə, xəstəliklə mübarizə aparan insanların və onların ailələrinin mənəvi dəstəklənməsi də layihənin əsas istiqamətlərindəndir.

“Leykemiya ilə mübarizə yalnız bir səhiyyə məsələsi deyil. Bu həm də ailə, cəmiyyət və dövlət səviyyəsində həll edilməli mühüm sosial məsələdir. Bizim təşəbbüsümüz dövlət tərəfindən həyata keçirilən sosial siyasətə ictimai və media dəstəyi vermək, maarifləndirmə istiqamətində öz töhfəmizi ortaya qoymaqdır”, – deyə Elşən Əliyev bildirib.

“Leykemiya ilə Mübarizə” İctimai Birliyinin sədri Mehriban Bağırova isə qeyd edib ki, leykemiya diaqnozu insan və onun ailəsi üçün həm tibbi, həm də psixoloji baxımdan ciddi sınaq olsa da, bu diaqnoz hökm deyil.

O bildirib ki, müasir tibbin imkanları, vaxtında diaqnostika, düzgün müalicə, sosial və mənəvi dəstək xəstəliklə mübarizədə mühüm rol oynayır. M.Bağırova cəmiyyətin maarifləndirilməsinin, qanvermə mədəniyyətinin inkişaf etdirilməsinin və könüllü donor dəstəyinin genişləndirilməsinin əhəmiyyətini də vurğulayıb.

Birlik sədri qeyd edib ki, “Leykemiya ilə Mübarizə” İctimai Birliyi 29 sentyabr 2006-cı ildən fəaliyyət göstərir. Bu müddətdə xəstələr və onların ailələri ilə görüşlər keçirilib, sosial problemlərin öyrənilməsi, hüquqi və sosial imkanlar barədə məlumatlandırma, maarifləndirici tədbirlər, xeyriyyə layihələri və könüllülük fəaliyyəti həyata keçirilib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Müşfiq Məmmədli çıxışında leykemiya və digər onkoloji xəstəliklərlə mübarizədə dövlət tərəfindən görülən tədbirlər və səhiyyənin maliyyələşdirilməsi məsələlərindən danışıb.

Deputat bildirib ki, 2026-cı ilin dövlət büdcəsində onkologiya üzrə dövlət proqramlarına 118 milyon manat, sümük iliyi transplantasiyası üçün isə ayrıca 5 milyon manata qədər məqsədli vəsait ayrılıb.

M.Məmmədli ümumi icmal büdcədə səhiyyə xərclərinin təxminən 3,7 milyard manat təşkil etdiyini, bunun 10 il əvvəlki göstəricilərlə müqayisədə əhəmiyyətli artım olduğunu qeyd edib.

O, icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlərin əhatə dairəsinin mərhələli şəkildə genişləndirildiyini, qan və qan komponentləri, eləcə də onkoloji xəstəliklərin diaqnostikası ilə bağlı bir sıra xidmətlərin artıq Xidmətlər Zərfinə daxil edildiyini diqqətə çatdırıb.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Günay Ağamalı isə xəstəliklərə erkən müdaxilənin tibbi nəticələrlə yanaşı, psixoloji baxımdan da mühüm əhəmiyyət daşıdığını bildirib.

Deputat xüsusilə leykemiya ilə mübarizə aparan uşaqların valideynlərinə psixoloji və mənəvi dəstəyin vacibliyini vurğulayıb.

“Bəzən insan problemlərlə mübarizədə tükənir və hər şeyi yarımçıq qoymaq istəyir. Lakin uşaqların sağlamlıqlarına qovuşmasında və bu mübarizəni davam etdirməsində valideynlərin, xüsusilə anaların rolunu önə çəkmək və onların əməyini qiymətləndirmək çox vacibdir”, – deyə G.Ağamalı bildirib.

O qeyd edib ki, xüsusi qayğıya ehtiyacı olan insanlara və uşaqlara dəstək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Deputat cəmiyyətin belə məsələlərdə birlik və həmrəylik nümayiş etdirməsinin xəstəliklərlə mübarizəyə mühüm töhfə verdiyini vurğulayıb.

Konfransın əsas məqamlarından biri “GÜCLÜ ÜMİD – SAĞLAM GƏLƏCƏK” sosial-maarifləndirici videoçarxının təqdimatı olub.

“Alioğlu Media Group” tərəfindən hazırlanmış videoçarx real həyat hadisələrindən ilhamlanaraq leykemiya ilə mübarizədə ümidin, iradənin, mənəvi dəstəyin və həyata inamın gücünü əks etdirir.

Videoçarxda leykemiyaya qalib gəlmiş şəxsin obrazını aktrisa Ayşən Abdürəhmənova, onun uşaqlıq dövrünü isə hazırda leykemiya ilə mübarizə aparan balaca Ahu canlandırıb.

Layihənin ideyası və yaradıcı prosesi barədə “Alioğlu Media Group”un rəhbəri Amil Əli məlumat verib.

Konfransda leykemiya ilə mübarizə aparan uşaqların valideynlərinin iştirakı da xüsusi diqqət çəkib. Müzakirələr zamanı ailələrin müalicə prosesində qarşılaşdıqları çətinliklər, valideynlərə mənəvi-psixoloji dəstəyin göstərilməsi, uşaqların sosial adaptasiyası və cəmiyyətin bu ailələrə münasibəti məsələlərinə toxunulub.

Tədbirin tibbi hissəsində Yeni Klinikanın Hematologiya və Sümük İliyi Transplantasiyası şöbəsinin müdiri Sevil Cəlilova və Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-terapevti Vüsalə Məmmədova çıxış edərək leykemiyanın erkən diaqnostikası, müasir müalicə imkanları və xəstələrin reabilitasiyası ilə bağlı məlumat veriblər.

Konfransda vurğulanıb ki, leykemiya ilə effektiv mübarizə yalnız tibbi müalicə ilə məhdudlaşmır. Erkən diaqnostika və müasir müalicə imkanları ilə yanaşı, dövlət qurumlarının, səhiyyə müəssisələrinin, qeyri-hökumət təşkilatlarının, donorların, medianın və bütövlükdə cəmiyyətin birgə fəaliyyəti, həmçinin xəstələrə və onların ailələrinə davamlı sosial və mənəvi dəstək mühüm əhəmiyyət daşıyır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti