İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlər müzakirə edilib

İqtisadiyyat Materials 3 Sentyabr 2026 18:20 (UTC +04:00)
İctimai Şura üzvləri ilə dövlət borcunun idarə edilməsi istiqamətində görülən işlər müzakirə edilib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 3-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə növbəti görüş keçirilib.

Maliyyə Nazirliyinin məlumatına əsasən, görüşdə Nazirlik yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini Pərvin Manafov dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, Agentlik tərəfindən bu sahədə görülmüş işlər barədə ictimaiyyətin məlumatlandırılması, habelə dövlət borcu üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə görülən işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, Agentlik tərəfindən dövlət borcuna dair rüblük əsasda Hesabat, yarımillik əsasda Statistik Bülleten tərtib edilir və bu məlumatlar Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunur.

İclasda “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsi” sənədində nəzərdə tutulan strateji məqsədlərə tam nail olunduğu qeyd olunub. Ölkədə icra edilən və gələcəkdə planlaşdırılan layihələrin maliyyələşdirilməsi məqsədilə sənəddə nəzərdə tutulan prioritet tədbirlərin icrası barədə məlumat verilib.

Bundan başqa, dövlət vəsaitlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə Maliyyə Nazirliyi tərəfindən keçirilən depozit hərracları, həmçinin daxili maliyyə bazarında emissiya olunan dövlət istiqrazları barədə məlumat İctimai şura üzvlərinin diqqətinə çatdırılıb.

Eyni zamanda, Azərbaycanın suveren kredit reytinqində son dövrdə müşahidə olunan müsbət dəyişikliklər, bu istiqamətdə görülən işlər və beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq barədə məlumat verilib. Həmçinin, növbəti dövr üzrə yenilənəcək Borc Strategiyası çərçivəsində nəzərdə tutulan prioritet tədbirlərin icrası üzrə qarşıda duran vəzifələr və görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı İctimai şuranın sədri İnqilab Əhmədovun və digər şura üzvlərinin fikirləri dinlənilib, dövlət borcunun idarə edilməsi istiqamətində tədbirlərin Strategiyaya uyğun həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti