Bakı.Trend:
"ING Group" Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb.
Niderlandın "ING Group" bank qrupunun qiymətləndirmələrinə əsasən, Azərbaycanda inflyasiyanın 2026-cı ildə 5,8 faiz təşkil edəcəyi gözlənilir. 2027-ci ildə bu göstəricinin 0,2 faiz bəndi azalaraq 5,6 faiz, 2028-ci ildə isə 5,3 faiz olacağı proqnozlaşdırılır.
Cari ilin üçüncü rübündə inflyasiyanın 5,8 faiz, dördüncü rübündə isə 5,9 faiz təşkil edəcəyi gözlənilir.
Qrupun məlumatına görə, 2027-ci ilin birinci və ikinci rüblərində inflyasiyanın 5,8 faiz, üçüncü və dördüncü rüblərində isə 5,4 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının son proqnozlarına əsasən, orta müddətli perspektivdə illik inflyasiya hədəf göstəricisi çərçivəsində olacaq.
“Belə ki, iyul ayında açıqlanan baza ssenarisi üzrə proqnozlara əsasən, 2026-cı ilin sonunda illik inflyasiyanın 6,1 faiz, 12 ay sonra (yəni 2027-ci ilin iyununda) 6 faiz, 2027-ci ilin sonunda isə 5,8 faiz təşkil edəcəyi gözlənilir. Beləliklə, illik inflyasiyanın 2027-ci ilin ikinci yarısından etibarən hədəf göstəriciyə qayıdacağı gözlənilir. Qeyd etmək lazımdır ki, 2026-cı ilin sonu üçün gözlənilən inflyasiyanın hədəf göstəricidən kənarlaşması proqnoz xətası səviyyəsindədir. İnflyasiya proqnozunun yuxarı istiqamətdə yenidən nəzərdən keçirilməsi, əsasən, xarici mənşəli birbaşa və dolayı xərc amillərinin təsirinin güclənməsi ilə əlaqədardır ki, bu təsir orta müddətli perspektivdə daimi xarakter daşımır”, - deyə AMB-dən bildirilib.
