Qarabağ Dirçəliş Fondu I Laçın Beynəlxalq Film Festivalının tərəfdaşı olub (FOTO)

Mədəniyyət Materials 3 Sentyabr 2026 21:36 (UTC +04:00)
Qarabağ Dirçəliş Fondu I Laçın Beynəlxalq Film Festivalının tərəfdaşı olub (FOTO)

Bakı. Trend:

Qarabağ Dirçəliş Fondu (QDF) 24 - 27 avqust tarixlərində Laçın şəhərində baş tutan I Laçın Beynəlxalq Film Festivalının rəsmi tərəfdaşı olub.

Şərqi Zəngəzurun mədəni intibahında növbəti mühüm addım olan bu beynəlxalq tədbir Laçın Şəhəri Günü münasibətilə təşkil edilmiş təntənəli proqram çərçivəsində baş tutub.

“Where Film Meets LIFE” (“Filmin Həyatla Görüşdüyü Məkan”) şüarı altında keçirilən festival “Hoçazfilm” kinostudiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəliyinin, Qarabağ Dirçəliş Fondunun, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Abadlıq Xidmətinin təşkilati dəstəyi ilə reallaşıb.

Qarabağ və Şərqi Zəngəzurda təşkil olunan ilk beynəlxalq kino tədbiri olan bu festival işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesinin yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmadığını, eyni zamanda həmin torpaqların mədəni və ictimai həyatının bərpasının da mühüm prioritet olduğunu bir daha nümayiş etdirib.

Laçın Beynəlxalq Film Festivalı təkcə kino nümayişi kimi deyil, mədəniyyətin yenidən doğuluşunu təcəssüm etdirən strateji mədəniyyət hadisəsi kimi yadda qalıb. Festivalın keçirilməsi yeni yaradıcı simaların üzə çıxarılması, Laçının mədəni dirçəlişinin beynəlxalq auditoriyaya təqdim edilməsi, eləcə də şəhərin beynəlxalq kino mühitində yeni yaradıcı məkan kimi formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib.

Tədbirdə dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar, eləcə də Laçın şəhərinin sakinləri və qonaqları iştirak ediblər.

Mərasimdə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri ilə yanaşı, mədəni mühitin canlandırılmasının da xüsusi prioritet təşkil etdiyini bildirib.

R.Hacıyevin sözlərinə görə, festival yerli və xarici kinematoqrafçılar üçün Qarabağın real mənzərəsi ilə yaxından tanış olmaq baxımından unikal imkan yaradır. O, bu təşəbbüsün beynəlxalq kino icmasını regionun tarixi və müasir dirçəliş hekayəsindən ilhamlanaraq gələcək ekran əsərlərində Qarabağ mövzusuna müraciət etməyə həvəsləndirəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, festivalda iştirak üçün 47 ölkədən 300-ə yaxın film təqdim olunub. Onlardan 15 ölkəni təmsil edən 20 ekran əsəri seçilərək nümayiş etdirilib. O cümlədən, Özbəkistanda istehsal edilmiş "Əmir Teymur" filminin (rejissor Ceykob Şvarts) xüsusi Qarabağ premyerası keçirilib.

Festivalın təntənəli bağlanış və mükafatlandırma mərasimi Laçın Şəhəri Gününə həsr olunmuş xüsusi tədbir çərçivəsində, yüzlərlə sakinin və şəhərin qonaqlarının iştirakı ilə baş tutub. Mərasimdə 39 film iştirakçısına “Official Selection” sertifikatı təqdim olunub, ümumilikdə 17 mükafatçı müəyyənləşib. Müsabiqənin qalibləri olan 5 yerli və 2 xarici rejissora isə festivalın rəsmi mükafatı – “Qızıl Palıd Budağı” təqdim edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti