Bakı. Trend:
Ermənistandan ixracda prioritet hazır istehlak malları deyil, Azərbaycanda emal oluna biləcək xammal və sənaye yarımfabrikatları olacaq.
Bu fikirləri Trend-ə açəıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Tahir Mirkişili deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Ermənistan arasında iqtisadi əlaqələr sülh gündəliyə xidmət edən mühüm faktordur. Amma qeyd etmək lazımdır ki, idxal-ixrac əməliyyatları əsasən iqtisadi maraqlar çərçivəsində baş tutur.
Deputatın sözlərinə görə, Ermənistan Azərbaycana qiymətində, daşımasında, keyfiyyətində üstünlük təşkil etdiyi, Azərbaycanda olmayan və ya az olan məhsulların ixracında real imkanlar əldə edə bilər:
“Bu prizmadan yanaşdıqda prioritet hazır istehlak malları deyil, Azərbaycanda emal oluna biləcək xammal və sənaye yarımfabrikatları olacaq. Molibden və ferromolibden, mis konsentratı, bəzi əlvan metallurgiya məhsulları, mineral və tikinti xammalları bu baxımdan maraq doğura bilər.
Ermənistan bu məhsulları digər ölkələrə də aktiv ixrac edir. Belə məhsulların Azərbaycanda emalı həm yeni istehsal zəncirlərinin yaranmasına, həm də daha yüksək əlavə dəyərli məhsulların üçüncü ölkələrə ixracına şərait yarada bilər.
İqtisadi yanaşmamız “Ermənistandan nə ala bilərik?” sualından daha çox “Ermənistandan aldığımız məhsulu Azərbaycanda necə daha yüksək dəyərə çevirə bilərik?” sualına əsaslanacaq. Bu, daha rasional və uzunmüddətli iqtisadi modeldir”.

T.Mirkişili vurğulayıb ki, Azərbaycan bu prosesdə daha güclü iqtisadi mövqeyə malikdir.
“Ölkəmizin daha böyük daxili bazarı, enerji resursları, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu, Xəzər üzərindən Mərkəzi Asiyaya və Gürcüstan-Türkiyə istiqamətində beynəlxalq bazarlara çıxış imkanları var. Bu üstünlüklər gələcək regional iqtisadi əməkdaşlıq modelində Azərbaycanın rolunu daha da gücləndirəcək.
Buna görə də gələcək iqtisadi münasibətlər elə qurulur ki, sülhün iqtisadi dividendi ilk növbədə Azərbaycanın daha güclü sənayeləşməsinə, qeyri-neft ixracının daha da artmasına və regional iqtisadi mərkəz kimi mövqeyinin daha da güclənməsinə xidmət etsin”, - deyə o fikrini yekunlaşdırıb.
