Bakı.Trend:
Beynəlxalq Futbol Federasiyası (FIFA) Avropa Futbol Assosiasiyaları İttifaqını (UEFA) məhkəmə araşdırmaları adı altında gizlədilən qarayaxma kampaniyası təşkil etməkdə ittiham edib.
Bu barədə “The Athletic” məlumat yayıb.
FIFA ABŞ məhkəmələrinə müraciət edərək UEFA-nın FIFA “Forward Enterprise” (FFE) planına dair materialların açıqlanması ilə bağlı tələblərinin rədd edilməsini istəyib. Sənəddə UEFA-nın hərəkətləri yalan məlumatlar yaymaqla FIFA rəhbərliyini gözdən salmaq cəhdi kimi qiymətləndirilib.
UEFA ABŞ-də üç məhkəmədə bir sıra iddialar qaldıraraq məxfi məlumatlara çıxış tələb edib. Avropa futbol qurumu FIFA prezidenti Canni İnfantino və təşkilatın digər rəsmilərinə qarşı İsveçrədə cinayət işlərinin başlanması ehtimalını da istisna etmir. UEFA avqustun 27-də İnfantinoya etimadın itirildiyini və dünya futbolunun yeni rəhbərliyə ehtiyacı olduğunu açıqlayıb.
Ali futbol qurumları arasında çəkişmələrə FIFA-nın “Forward Enterprise” layihəsi səbəb olub. Layihə çərçivəsində 20 milyard dollar dəyərində törəmə şirkətin yaradılması və Dünya Çempionatının kommersiya hüquqlarından gəlir əldə etmək məqsədilə həmin şirkətdəki payın dörddə birinin xarici investorlara satılması nəzərdə tutulurdu. Bu ideya UEFA-nın tənqidinə səbəb olub və quruma daxil olan 55 milli federasiyanın hamısı FIFA-nın himayəsi altında keçirilən yarışları boykot edəcəklərini bəyan ediblər. Nəticədə FIFA FFE layihəsi ilə bağlı planlarından imtina edib.
