Şuşanın qayalarına ad yazmaq tarixi irsə müdaxilədir - Şərh

Cəmiyyət Materials 6 Sentyabr 2026 18:03 (UTC +04:00)
Şuşanın qayalarına ad yazmaq tarixi irsə müdaxilədir - Şərh
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Şuşanın qayalarına ad yazmaq tarixi və təbii irsin simasına müdaxilədir və bu şəhəri ziyarət edən hər kəs özünü turistdən daha çox irsin qoruyucusu kimi hiss etməlidir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Ülviyyə Həmzəyeva deyib.

Deputat bildirib ki, Şuşanın qayalarına ad yazmaq sadəcə bir daşı cızmaq deyil, yüzilliklərin əmanət etdiyi bir məkanın təbii və tarixi simasına müdaxilə etməkdir.

“Şuşa bizim üçün adi bir turizm şəhəri deyil. Bu şəhərin hər daşı, hər qayası, hər küçəsi tarix daşıyır. Unutmamalıyıq ki, bu cənnət məkan bizə şəhidlərimizdən əmanətdir”, - deyə Ü.Həmzəyeva qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan xalqı Şuşanı illərlə həsrətlə gözləyib və bu gün azad Şuşaya gedə bilmək böyük xoşbəxtlik olmaqla yanaşı, həm də böyük məsuliyyətdir.

“Oraya gedən hər bir insan özünü sadəcə turist kimi deyil, bu irsin qoruyucusu kimi hiss etməlidir”, - deputat vurğulayıb.

Ü.Həmzəyeva bildirib ki, Şuşada iz qoymağın ən gözəl yolu şəhərin daşına toxunmamaq, təbiətinə zərər vurmamaq və tarixini qoruyaraq gələcək nəsillərə ötürməkdir.

Deputatın sözlərinə görə, bununla yanaşı, Şuşada nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.

“Əlbəttə, nəzarət olmalıdır, xəbərdarlıq lövhələri yerləşdirilməli, qaydaları pozanlara qarşı müvafiq tədbirlər görülməlidir. Amma ən güclü nəzarət insanın öz məsuliyyət hissidir”, - deyə o bildirib.

O qeyd edib ki, elə bir münasibət formalaşdırılmalıdır ki, insanların davranışına nə güc strukturlarının müdaxiləsinə, nə də qadağa lövhələrinə ehtiyac yaransın.

“Şuşadan özümüzlə xatirə olaraq fotoşəkillər, gözəl təəssüratlar apara bilərik”, - Ü.Həmzəyeva deyib.

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın gözəl təbiəti və möhtəşəm mədəni-tarixi abidələri var.

“Şuşa açıq səma altında muzeydir və qorunmağa layiqdir”, - deyə o vurğulayıb.

Ü.Həmzəyeva əlavə edib ki, Şuşaya səfər edən insanlar özlərindən sonra şəhərdə heç bir zədə qoymamalıdırlar.

“Şuşa bizə məxsus olduğu qədər, bizdən sonra gələcək nəsillərə də məxsus gözəl məkanlarımızdandır”, - deputat bildirib.

Xəbər lenti

Xəbər lenti