Bakı. Trend:
Alman-Azərbaycan Xarici Ticarət Palatası (“AHK Azerbaijan”) Azərbaycanın enerji keçidi sahəsində Almaniya şirkətləri üçün yaranan imkanların təşviqinə və Almaniya biznesinin ölkəyə cəlb edilməsinə dəstək verməyi hədəfləyir.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (“AHK Azerbaijan”) icraçı direktoru Narqis Vik Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026) çərçivəsində keçirilən panel sessiyada bildirib.
Onun sözlərinə görə, Almaniya şirkətlərinin Azərbaycanın enerji keçidində iştirakı əsasən iki istiqaməti əhatə edə bilər: texnologiya və avadanlıqların Azərbaycana gətirilməsi, həmçinin Almaniya investisiyalarının ölkəyə cəlb edilməsi.
“Əsas məqsədimiz Azərbaycanda Almaniya şirkətlərini təşviq etmək və dəstəkləməkdir. Enerji keçidi baxımından söhbət həm bu sektor üçün texnologiya və avadanlıqların ixracından, həm də Almaniya investisiyalarının Azərbaycana cəlb olunmasından gedir”, - deyə N.Vik qeyd edib.
O bildirib ki, bazardakı maneələrdən danışmazdan əvvəl imkanlara diqqət yetirmək lazımdır.
“Mən daha pozitiv yanaşmaq istərdim. Maneələr varsa da, imkanlar da var. İlk növbədə, AHK olaraq öz işimizi görməliyik. Azərbaycanda və regionda baş verən proseslər barədə Almaniya biznes ictimaiyyətini daha ətraflı məlumatlandırmalıyıq”, - deyə icraçı direktor vurğulayıb.
N.Vikin sözlərinə görə, Almaniyada Xəzər regionunda, eləcə də Mərkəzi Asiya ilə əlaqəlilik sahəsində baş verən proseslərlə bağlı müəyyən informasiya boşluğu mövcuddur.
“Hazırda regionda çox şey baş verir. Məhz buna görə AHK olaraq sektorlar üzrə klasterlər yaradırıq. Almaniya şirkətləri üçün ən böyük imkanları gördüyümüz sahələrə xüsusi diqqət yetiririk. Bu istiqamətlərdən biri də enerji keçididir”, - o deyib.
"AHK Azerbaijan" rəhbəri Almaniyanın enerji keçidi sahəsində onilliklər ərzində təcrübə topladığını qeyd edib.
“Almaniyada enerji keçidini aşağıdan yuxarıya doğru həyata keçirilən bir proses kimi başa düşürük, yuxarıdan aşağıya deyil. Bu proses məlumatlılıqdan, təhsildən və keçidin bir hissəsi olan insanlardan başlayır. Düşünürəm ki, bu, Azərbaycan üçün də çox vacibdir”, - N.Vik bildirib.
O, COVID-19 pandemiyası dövründə Azərbaycanda bərpa olunan enerjidən mərkəzləşdirilməmiş istilik və elektrik enerjisi istehsalında istifadə ilə bağlı məsləhət xidmətlərinin göstərildiyini xatırladıb.
“Bu, çox maraqlı təcrübə idi. O zaman bazar mexanizmlərindən danışırdıq. İndi Azərbaycana baxanda burada nə qədər prosesin getdiyini görürük. Azərbaycanda enerji keçidinə fəal şəkildə töhfə verən Elmir Musayev və ‘SOCAR Green’ kimi tərəfdaşlarımızın olmasından qürur duyuram”, - deyə o əlavə edib.
N.Vik xarici investorlar üçün əsas məsələlərdən birinin investisiyaların maliyyə baxımından əsaslandırılması və risklərin qiymətləndirilməsi olduğunu bildirib.
“Enerji keçidinə yatırılan investisiyalar uzunmüddətli layihələrdir. Burada bir çox məsələyə diqqət yetirmək lazımdır. İlk növbədə, bazarın şəffaflığı vacibdir. Hər kəs strategiyanın və enerji keçidinin milli konsepsiyasının nədən ibarət olduğunu anlamalıdır”, - o qeyd edib.
Onun sözlərinə görə, investorlar üçün layihələrin maliyyələşdirilməsinin mümkünlüyü və risklərin düzgün qiymətləndirilməsi də mühüm əhəmiyyət daşıyır.
“Biz investorların maliyyə baxımından risklərini necə qiymətləndirə biləcəyimizi müəyyənləşdirməliyik. Həmçinin nümunəvi layihələri nümayiş etdirməliyik. Hazırda AREA ilə birgə özəl maliyyələşdirilən layihəmiz var və belə layihələri Almaniyadakı tərəfdaşlarımıza da təqdim etməliyik”, - N.Vik vurğulayıb.
"AHK Azerbaijan" icraçı direktoru enerji keçidində standartlaşdırma və sertifikatlaşdırmanın da vacib olduğunu deyib.
“Standartlar və sertifikatlaşdırma da zəruridir. Etibarlı yerli tərəfdaşların olması da çox vacibdir. AHK-nın fəaliyyəti ilə bunu əlaqələndirmək istəyirəm. Biz maliyyə institutlarının, dövlət qurumlarının və digər tərəfdaşların konkret layihələri müzakirə edə biləcəyi platformalar yaratmalıyıq”, - deyə N.Vik əlavə edib.
Qeyd edək ki, Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi keçirilir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.
Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.
