Bakı. Trend:
Sentyabrın 6-dan Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən azərbaycanlı din xadimlərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Trend-in müxbirinin xəbərinə görə, səfər proqramının ilk mərhələsində qonaqlar Bakıda Azərbaycanın milli-mənəvi və dini irsini əks etdirən məkanları ziyarət ediblər.
Nümayəndə heyətinin Fəxri xiyaban, Şəhidlər xiyabanı, Türk Şəhidliyi abidəsi, Bibiheybət məscid-ziyarətgah kompleksi ilə tanışlığı baş tutub.
Məlumat üçün bildirək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə keçirilən səfər “Zəfərin yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində həyata keçirilir.
Səfərin məqsədi milli-mənəvi dəyərlərimizin qorunması, xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığının möhkəmləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.
Səfərdə Türkiyə, Gürcüstan və İraqda fəaliyyət göstərən 50-yə yaxın azərbaycanlı din xadimi iştirak edir.
