Bakı. Trend:
Avstraliya hökuməti sosial şəbəkələrdən istifadəçilərə məzmunun fərdiləşdirilməsi alqoritmini deaktiv etmək imkanı yaratmağı tələb etmək istəyir. Bunu bazar ertəsi hökumətin nümayəndəsi açıqlayıb. Bu təşəbbüs platformaların fəaliyyətinin tənzimlənməsi sahəsində qabaqcıl mövqedə olan Kanberranın yeni addımıdır. Rəqəmsal platformalara «rəqəmsal nəzarət öhdəliyi» tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin bu həftə ərzində parlamentə təqdim olunması gözlənilir.
Qanun layihəsi texnologiya nəhənglərini istifadəçilərinə onların zövq və maraqlarına uyğun fərdiləşdirilmiş tövsiyələr təqdim edən alqoritmləri deaktiv etmək imkanı yaratmağa məcbur etməlidir. Belə alqoritmlər, prinsip etibarilə, istifadəçiləri ekranlarında videoları ardıcıl olaraq izləməyə davam etməyə təşviq edir.
Rabitə naziri Anika Uells ABC telekanalına açıqlamasında bildirib ki, «bir çox avstraliyalı həm onlara verdiyi zövqə», həm də faydalılığına görə alqoritmi (məzmunun fərdiləşdirilməsini – red.) bəyənir. «Bir çox avstraliyalı alqoritmdən istifadə etməyə üstünlük verəcək, lakin biz hesab edirik ki, texnologiya nəhəngləri ilk növbədə onlara seçim imkanı verməlidirlər», – deyə o bildirib.
Avstraliya dekabr ayında 16 yaşdan aşağı şəxslərin bir sıra sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun qəbul edib. Məqsəd uşaqları onlayn təqiblərdən və hökumətin «yırtıcı alqoritmlər» adlandırdığı sistemlərdən qorumaqdır. Bu addımın ardınca bir sıra digər ölkələr də oxşar tədbirləri nəzərdən keçirməyə başlayıb.
Bununla belə, valideyn nəzarəti tətbiqinin məlumatları göstərib ki, ötən ay bu yaş qrupunda sosial şəbəkələrdən istifadə onların qadağan edilməsindən sonra yenidən artıb.
