Azərbaycanın hidrogen strategiyası üzrə fəaliyyət planı yaxın günlərdə təqdim ediləcək - Agentlik direktoru

İqtisadiyyat Materials 7 Sentyabr 2026 17:03 (UTC +04:00)
Azərbaycanın hidrogen strategiyası üzrə fəaliyyət planı yaxın günlərdə təqdim ediləcək - Agentlik direktoru
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:
Azərbaycanın hidrogen strategiyası çərçivəsində fəaliyyət planının hazırlanması istiqamətində iş aparılır.

Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) müasir bərpa olunan enerji laboratoriyasının açılışında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda hidrogen iqtisadiyyatının formalaşması ilə bağlı bir sıra məsələlər hələ də açıq qalır.

“Gələcəklə bağlı məsələlər kifayət qədər ciddidir və hazırda bununla bağlı birmənalı cavab yoxdur. Bunun əsas səbəbi hidrogen iqtisadiyyatının hələ mövcud olmamasıdır”.

C.Abdullayev qeyd edib ki, artıq elektrik enerjisinin hidrogenə çevrilərək saxlanılması və daha sonra yenidən elektrik enerjisi istehsalında istifadəsinin nə dərəcədə səmərəli olduğu ilə bağlı araşdırmalara ehtiyac var.

“Biz, məsələn, elektrik enerjisini hidrogenə çevirib saxlama sistemi kimi istifadə etməkdən danışırıq. Amma bunun harada və hansı formada tətbiq ediləcəyini, hidrogenə çevrilmiş enerjinin yenidən elektrik enerjisi istehsalında istifadəsinin nə dərəcədə səmərəli olduğunu müəyyənləşdirmək lazımdır”.

Agentlik direktoru hidrogen enerjisi ilə bağlı müəyyən skeptik yanaşmanın olduğunu da bildirib.

“Skeptik yanaşmanın bizdə də müəyyən qədər olduğunu deyə bilərəm. Amma biz bu istiqamətdə mərhələli şəkildə işlərimizi aparırıq”.

Onun sözlərinə görə, dayanıqlı aviasiya yanacağı da daxil olmaqla, hidrogenlə bağlı müxtəlif istiqamətlər araşdırılır.
“Dayanıqlı aviasiya yanacağı və digər istiqamətlər kifayət qədər maraqlıdır. Əməkdaşlarımız hazırda bir həftəlik Almaniyada, Almaniya universitetlərində və müvafiq qurumlarda olublar”.

C.Abdullayev bildirib ki, Azərbaycanın hidrogen strategiyası çərçivəsində fəaliyyət planının hazırlanması istiqamətində iş aparılır.

“Yaxın günlərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə strategiya üzrə tender hazırlayırıq və fəaliyyət planımızı təqdim etməyə hazırlaşırıq. Məhz fəaliyyət planında bu suallara cavab verəcəyik”.

O qeyd edib ki, əvvəllər interkonnektor layihələri çərçivəsində də hidrogen istehsalı və ixracı məsələləri nəzərdən keçirilib.

“Əvvəllər interkonnektor layihələrimizin tərkib hissəsi kimi hidrogen istehsalı və hidrogenin ixracı məsələlərinə baxılırdı. Hazırda isə dünyada hidrogen istehsalı məhdud sayda ölkə və coğrafiyada həyata keçirilir. Biz də bunun iqtisadi səmərəliliyini və potensialını qiymətləndirməyə çalışırıq”.

Agentlik direktoru Çində hidrogen enerjisinə böyük maraq olduğunu vurğulayıb.

“Çində bu məsələ çox böyük təşəbbüslə irəli aparılır. Bərpaolunan enerji sahəsində də Çin böyük addımlar atır. Bu yanaşma göstərir ki, müəyyən mərhələdə hidrogen istehsalı səmərəli ola bilər”.

C.Abdullayev bununla belə, hidrogenin genişmiqyaslı istifadəsinin daha çox gələcəyin məsələsi olduğunu deyib.

“Bu, kifayət qədər gələcəyin sualıdır və biz hesab edirik ki, bu məsələ növbəti mərhələdə daha aydın olacaq”.

O, həmçinin bərpa olunan enerji mənbələrinin enerji şəbəkəsinə inteqrasiyası zamanı yaranan problemlərə diqqət çəkib.

“Bizim kimi ölkədə enerji şəbəkəsində dəyişkən generasiyanın inteqrasiyası o qədər də asan deyil. İstismarla bağlı məsələlərə, hətta ekoloji problemlərə də baxmaq lazımdır”.

C.Abdullayev nümunə olaraq Xızı və Şurabad ərazilərində külək turbinlərinin fəaliyyətinə quş miqrasiyasının təsirini göstərib.

“Məsələn, Xızıda və Şurabadda turbinlərin qarşısında quşların miqrasiyası ilə bağlı problem yaranır və quşlar gələndə turbinlər dayandırılır. Təsəvvür edin ki, həmin anda 70 MVt güc sistemdən çıxır. Bu gücü sistemdə necə bərpa edəcəksiniz? Müəyyən balanslaşdırma aparmalısınız”.

Onun sözlərinə görə, dəyişkən bərpa olunan enerji istehsalının yaratdığı bu cür hallar enerji sistemi üçün ciddi çağırışdır.

“Bu, enerji şəbəkəsi üçün çox ağır məsələdir. Dəyişkən istehsalın yaratdığı problemlər arasında bu, əsas və böyük problemlərdən biridir”.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti